Məhkəmə qərarları › İş №e-2(3-6)-2222/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2222/2026

03.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2222/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İsayeva Zülfiyyə Kamil qızına qarşı mülki iş üzrə (Açar sözlər: ədalətli kompensasiya) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi İskəndərov Saleh Etibar oğlunun, cavabdehin nümayəndəsi-vəkili nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İsayeva Zülfiyyə Kamil qızına qarşı “tikilinin boşaldılaraq sökülməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli CC/QH-***-**** nömrəli mühəndis-tikintitexniki və qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Həmin hesabata əsasən, evin kənardan aparılmış mühəndis-texniki təhlili, habelə peyk görüntüsü əsasında həyata keçirilmiş elektron ölçmə və müvafiq sahə hesablamaları nəticəsində fərdi yaşayış evinin xarici ölçülər üzrə ümumi sahəsinin 25,74 m², daxili ölçülər üzrə ümumi sahəsinin isə 21,20 m² olduğu müəyyən edilmişdir. Hesabatda, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının təxminən 300 manat təşkil etdiyi göstərilmişdir.

2. Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir, yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir.

3. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qtuqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

4. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli, **** nömrəli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qtuqaşınlı və Mikayıl Müşfiq küçələrinin ərazisində yerləşən 42000 m2 torpaq sahəsi 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2020ci il tarixli, ** nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarına dair şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.

6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2022-ci il tarixdə İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icazə verilmişdir.

7. İsayeva Zülfiyyə Kamil qızının faktiki sahibliyində olan tikilinin texniki göstəriciləri barədə İddiaçı MMC tərəfindən təsdiq edilmiş plan-sxemdən görünür ki, tikilinin faktiki sahəsi 20.75 kv.m-dir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İsayeva Zülfiyyə Kamil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 20,75 kv.m olan qanunsuz tikilinin boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsi, İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 20.75 kv.m olan qanunsuz tikilinin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32 kv.m olan, * nömrəli təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə cavabdehə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan evin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən cavabdehə hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, İsmayıl Bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı tərəfindən ayrılmış torpaq sahəsində yüzlərlə mülkiyyətçi ilə razılığa gəlinərək köçürülümüş, lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır. İddiaçı MTK cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin kəsişməsində olan ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 3 ünvanında yerləşən qanunsuz tikili olan evin mülkiyyətçisi İsayeva Zülfiyyə Kamil qızı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 3 ünvanında yerləşən 20.75 m faktiki sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 32 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək İsayeva Zülfiyyə Kamil qızı tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 20,75 m olan qanunsuz tikilini boşaldılaraq sökülməsi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi; İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 20.75 m olan qanunsuz tikilinin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32 kv.m olan, * nömrəli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə İsayeva Zülfiyyə Kamil qızına təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İsayeva Zülfiyyə Kamil qızına hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri aparılır, tikinti işlərinə icazə verilmişdir, həmin ərazidə yerləşən yaşayış sahələri istifadəyə yararsızdır. Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsində məqsəd yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinin təmin edilməsi, nəticədə mənzil fondunun yenilənməsi, yeni, texniki göstəricilərə uyğun yaşayış sahələrinin vətəndaşların sərəncamına verilməsidir. Hazırkı mübahisənin obyekti olan sökülməsi tələb edilən yaşayış sahəsi özbaşına tikilidir. Bu fakta dair hər hansı əks arqument irəli sürülməmiş, tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdehin istifadəsində olan yaşayış sahəsinin özbaşına tikili statusunda olması, texniki cəhətdən nasaz və istifadəyə yarasız vəziyyətdə olması onun sökülməsi barədə tələbin təmin olunmasına əsas verir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər bir halda, sakinlərin faktiki istifadələrində olan, mənzil ehtiyaclarını qarşılayan yaşayış sahələrinin yerləşdiyi tikili mülkiyyətdə olmasından, yaxud özbaşına tikili statusunda olmasından asılı olmayaraq, sakinlərlə müvafiq razılıq əldə edilmədən, ədalətli kompensasiya ödənilmədən onların yaşayış sahələrindən məhrum edilməsi yolverilməzdir.

13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehin istədiyi həcmdə kompensasiya ədalətli və ağlabatan deyil, bu baxımdan, tərəflərin başqa formada olmadığından, iddiaçının təklif etdiyi sahədə mənzil yeni yaşayış sahəsi olaraq ədalətli və qanuni kompensasiyadır. Cavabdehin istifadəsində olan yaşayış sahəsinin faktiki sahəsi ilə bağlı mübahisə olmamışdır. İddiaçı tərəfindən kompensasiya qismində veriləcək mənzilin sahəsi də iddiaçının faktiki istifadəsində olan sahədən artıq olmaqla mövcud məhkəmə təcrübəsinə uyğundur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 16.1, 152.6, 157.8, 180.1, 180.2, 180.3, 180.4 və 560.2-ci maddələrinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1 və 15-ci maddələrinə; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6 və 50.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

15. Cavabdeh İsayeva Zülfiyyə Kamil qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin nümayəndələri onun mənzilinə baxış keçirmiş evlə bağlı bütün sənədlərin surətini ondan alaraq evini sökəcəkləri halda əvəzində 32 kv metr olan ev verəcəklərini ona bildirmişdirlər. Belə ki, onun evinin ölçüsü İddiaçı MMC-nin mütəxəssisləri tərəfindən sahəsi ölçüldükdə məlum oldu ki, evinin sahəsi 20.75 kv.m-dir. Lakin onun mənzilinin sahəsi 80 kv.m-dir. O, yenə də onlarla razılaşmağa çalışdı. Onlar mənzilinin sahəsini ölçdükdən sonra həmin sənədin bir nüsxəsini cavabdehə vermədən apardılar. Lakin hazırda həmin mənzillə bağlı sxemi onlar gizlədirlər. Onlar mənzilin sahəsini 20.75 kv.m kimi hesablayırlar. Belə ki, cavabdeh onlarla mənzilinin yerinə mənzil ilə təmin olunacağı barədə hər hansı müqavilə bağlamamışdır. Məhkəmə proseslərində iştirak etmişdir və iddia tələbi ilə razılaşmamışdır. Çünki ölçüsü iddiaçının öz işçi heyəti tərəfindən aparılmışdır. Bu isə obyektivliyə əsaslı şübhə yaradır. Ekspertiza keçirilməsi barədə təklifini bildirsə də qəbul edilməmişdir. İddiaçı MMC heç bir formada razılığa və danışığa gəlməmiş, özlərinin təklif etdiyi ilə razılaşmanı gözləmişdir. Halbuki iş materiallarında belə əsaslandırılmış sənəd təqdim etməmişlər. Bu da iddianı da, qətnaməni də qanunsuz və əsassız verilməsinə gətirib çıxarır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili nümayəndə1 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. 19.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İskəndərov Saleh Etibar oğlu apellyasiya şikayətini əsassız hesab etdiyini, bildirərək təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

24. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

25. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

29. 21-ci maddəsinə əsasən ərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 32.159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 33.163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 34.164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 35.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 36.165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 37.165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 38.166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 39.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

40. 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

41. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. 752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin

43. 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

44. 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

45. 17-ci maddəsinin tələblərinə görə ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982).

47. Konvensiyanın * saylı Protokolun 1-ci maddəsində 3 fərqli qayda müəyyən edilmişdir: birinci bəndin birinci cümləsində təsbit edilmiş birinci qayda ümumi təbiətlidir və mülkiyyətdən dinc istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda əmlakdan məhrumetməni əhatə edir və bunun bəzi şərtlərini müəyyənləşdirir; ikinci bənddə əks olunmuş üçüncü qaydada təsbit edilmişdir ki, dövlətlər digər hüquqlarla yanaşı ümumi maraqlar naminə mülkiyyətdən istifadəyə nəzarət edə bilər. Lakin bu qaydalar əlaqəsiz deyil: ikinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna konkret müdaxilə halları ilə bağlıdır və buna görə də birinci qaydada təsbit edilmiş prinsip prizmasından təfsir olunmalıdır (“Kozacıoğlu Türkiyəyə qarşı” və “Vistinş və Perepjolkins Latviyaya qarşı”).

48. * saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” və “Broniovski Polşaya qarşı”).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyətinə dair ##.##.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin evlər mövcud tikinti norma və qaydalarının tələblərinə cavab vermir, memarlıq baxımından tarixi əhəmiyyət kəsb etmir, həmçinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir.

52. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə münasibətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin cəmiyyətin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

53. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli, **** nömrəli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qtuqaşınlı və Mikayıl Müşfiq küçələrinin ərazisində yerləşən 42000 kv.m torpaq sahəsi 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

54. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2022-ci il tarixdə İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icazə verilmişdir.

55. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli *** saylı sərəncamı çıxarılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli ** nömrəli qərarlarının ləğv edilməsi haqqında 2019-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır.

56. Yuxarıda sadalanan və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh İsayeva Zülfiyyə Kamil qızı (bundan sonra – cavabdeh) iddiaçı İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) həyata keçirdiyi layihə ərazisində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evində yaşayır. Həmin evin özbaşına tikili olması işin mübahisəsiz halıdır.

57. Bununla bağlı qeyd edilməlidir ki, bəzi yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, faktiki olaraq yaşayış evi kimi istifadə olunur və insanların yaşayış ehtiyacını təmin edir. Belə tikililərə kommunal xidmətlər göstərilir, ünvanda şəxslər rəsmi qeydiyyata alınır. Həmçinin, həmin torpaq sahələrində yeni tikinti aparan şirkətlər ev sahibləri ilə müqavilələr bağlayaraq, sökülən tikililərin əvəzini pul və ya mənzil verməklə ödəyirlər. Bu hallar göstərir ki, mübahisəli tikili dövlət reyestrində qeydiyyata alınmasa da, iqtisadi dəyərə malik əmlakdır və onun sahibi həmin əmlak üzərində ən azı əmlak hüququna malik hesab olunmalıdır.

58. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il ## ######## tarixli, X3rşı iş üzrə 2016-cı il ## ###### tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il ## #### tarixli Qərarlar).

59. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il ## ###### tarixli Qərar).

60. Məhkəmə kollegiyası cavabdehin mübahisəli ev üzərində sahiblik hüququna malik olmasını qəbul edir. Bununla yanaşı, həmin hüquqa müdaxilə üçün qanuni əsasların mövcud olduğu və belə müdaxilənin ictimai maraqlara xidmət etdiyi müəyyən edilir. Belə ki, mübahisəli evin qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyi, memarlıq baxımından tarixi əhəmiyyət kəsb etmədiyi, eləcə də yükdaşıyan konstruksiyalarının texniki vəziyyətinin yolverilməz olduğu müəyyən edilmişdir. Evin sökülərək əvəzində yeni, müasir tələblərə cavab verən yaşayış sahəsinin tikilərək cavabdehə verilməsi onun təhlükəsiz yaşayış şəraiti ilə təmin edilməsinə, qəzalı tikilinin təmir və bərpası ilə bağlı xərclərdən azad olunmasına, habelə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbir olmaqla fərdi maraqlarına uyğundur.

61. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı mübahisə yalnız yaşayış evinin qəzalı vəziyyətdə olması ilə məhdudlaşmır. Məsələ, eyni zamanda, həmin tikilinin şəhərin memarlıq görünüşünə xələl gətirməsi və mövcud şəhərsalma normalarının tələblərinə cavab verməməsi ilə də bağlıdır. Bu hallar mübahisəli tikiliyə müdaxilənin təkcə fərdi deyil, həm də ictimai maraqlara xidmət etdiyini göstərir.

62. Avropa Məhkəməsinin presedent hüququna əsasən də, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı).

63. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçının cavabdehin özbaşına tikili olan ev üzərində yaranmış əmlak hüquqlarına müdaxiləsi qanuni məqsəd daşıyır və bu hal işdə olan sübutlarla təsdiq olunur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, əmlak hüququna müdaxilə təkcə qanuni məqsədə söykənməməli, həm də mütənasib olmalıdır. Belə ki, qəzalı vəziyyətdə olan və bərpası mümkün olmayan tikililərin sökülərək onların yerində yenilərin inşa edilməsi ictimai maraqlara xidmət edə və əmlak hüququna müdaxiləni əsaslandıra bilər. Lakin belə hallarda mübahisəyə baxan məhkəmələrin araşdırmalı olduğu əsas məsələ sökülmə nəticəsində hüquqları məhdudlaşdırılan şəxslərə dəymiş zərərin ədalətli və adekvat şəkildə kompensasiya edilib-edilməməsidir.

64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında formalaşmış hüquqi mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli və buna müvafiq kompensasiya verilməli olmasını müəyyən edərkən onun qanuni “gözləntilərinin” olmasını (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni və fərqli meyarlara əsasən hesablanmalı olması, mülkiyyətçinin hərəkətlərində sui-istifadə hallarının olub-olmaması, ədalət prinsipinin pozulubpozulmaması qiymətləndirilməlidir.

65. Nəzərə alınmalıdır ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Yoxlanılmalıdır ki, arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; hüququn məhdudlaşdırılmasının hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə ilə həyata keçirilməsi mümkündürmü, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi, istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı).

66. Birinci instansiya məhkəməsinin qətnaməsini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş qətnamə əmlak (sahiblik) hüquqlarına müdaxilə olunan cavabdehin bu hüquqlarının real bərpasına yönəlmişdir. Belə ki, iş materiallarında olan və İddiaçı MMC tərəfindən təsdiq edilmiş, İsayeva Zülfiyyə Kamil qızının faktiki sahibliyində olan tikilinin texniki göstəricilərini əks etdirən plansxemdən

67. görünür ki, tikilinin faktiki sahəsi 20,75 kv.m-dir. İddia ərizəsindən müəyyən edilir ki, cavabdehə ünvan 3 ünvanında yerləşən 20,75 kv.m faktiki sahəyə malik evin əvəzində yeni inşa ediləcək binada təmirli 32 kv.m yaşayış sahəsi, həmin yaşayış sahəsi təhvil verilənədək aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi, alternativ olaraq isə evin əvəzində pul kompensasiyası təklif edilmişdir.

68. Birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən şərtlərlə yaşayış sahəsinin əvəzində yeni mənzilin verilməsini ədalətli kompensasiya hesab edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. İşə həmin instansiyada baxılarkən cavabdeh faktiki sahibliyində olan tikilinin sahəsinin daha böyük olması barədə hər hansı dəlil təqdim etməmiş, habelə tikilinin texniki göstəricilərini əks etdirən və İddiaçı MMC tərəfindən təsdiq edilmiş plansxemin düzgünlüyünü mübahisələndirməmişdir. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətində qətnaməni məhz bu əsasla mübahisələndirmişdir.

69. Məhkəmə kollegiyası bu dəlilin əsaslılığına dair, işdə mövcud olan plan-sxemi kəskin şəkildə təkzib edən sübutların təqdim edilməsi üçün vaxt verilməklə prosessual şəraiti yaratsa da, cavabdeh tərəfindən sahibliyində olan yaşayış sahəsinin təqdim olunmuş sənədlərdə göstəriləndən artıq olmasını təsdiq edən halların mövcudluğunu müəyyən edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh evə baxış keçirilməsi üçün yaradılmış müddətdə evdə olmadığını bildirmiş, bununla belə, evin kənardan videoyazısını çəkərək həmin görüntüləri vəkili vasitəsilə flaşkartda məhkəməyə təqdim etmişdir.

70. İddiaçı tərəfindən ölçmə işlərinin yenidən aparılması üçün cavabdehə də şərait yaradılmamışdır. Buna baxmayaraq, cavabdeh “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli CC/QH-***-**** nömrəli mühəndis-tikinti-texniki və qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Həmin hesabata əsasən, evin kənardan aparılmış mühəndis-texniki təhlili, habelə peyk görüntüsü əsasında həyata keçirilmiş elektron ölçmə və müvafiq sahə hesablamaları nəticəsində fərdi yaşayış evinin xarici ölçülər üzrə ümumi sahəsinin 25,74 m², daxili ölçülər üzrə ümumi sahəsinin isə 21,20 m² olduğu müəyyən edilmişdir. Hesabatda, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının təxminən 300 manat təşkil etdiyi göstərilmişdir.

71. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, əvəzləşdirmə zamanı sahələrin müqayisəsi iş materiallarında olan rəsmi sənədlər əsasında aparılmalı, əlavə tədqiqatın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlinməli, fərdi yaşayış evinin daxili ölçülər üzrə ümumi sahəsinin isə 21,20 m² olduğu nəzərə alınmaqla, əvəzində 32 kv.m yaşayış sahəsinin verilməsi, habelə həmin yaşayış sahəsi cavabdehə təhvil verilənədək aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi ədalətli hesab edilməlidir.

72. Belə ki, cavabdehə əvəzində 32 kv.m yaşayış sahəsinin verilməsi bütün hallarda mövcud yaşayış sahəsindən artıqdır: 20,75 kv.m sahəyə münasibətdə artım 11,25 kv.m və ya təxminən 54,2 faiz, 21,20 kv.m sahəyə münasibətdə artım 10,80 kv.m və ya təxminən 50,9 faiz, 25,74 kv.m sahəyə münasibətdə isə artım 6,26 kv.m və ya təxminən 24,3 faiz təşkil edir. Bu göstəricilər nəzərə alındıqda, cavabdehə 32 kv.m yaşayış sahəsinin verilməsi onun mövcud yaşayış sahəsi ilə müqayisədə azalma deyil, əksinə, əhəmiyyətli həcmdə artım təmin edir və bu baxımdan mütənasib kompensasiya tədbiri kimi qiymətləndirilə bilər.

73. Yuxarıda qeyd edildiyi kimi, mütənasiblik prinsipi baxımından, məhkəmə söküntü ərazisində yaşayan şəxsə məxsus əmlakın sökülməli və buna müvafiq kompensasiya verilməli olmasını müəyyən edərkən sonuncunun müvafiq “gözləntilərinin” olmasını (sahibliyində olduğu əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, otaqların sayı, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Belə ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən tikililətin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, əmlak hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür.

74. Belə ki, ədalətli kompensasiya əmlakın qiymətinə mütənasib (proporsional) olmasını ehtiva edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olması, xitam verilməsi tələb olunan əmlak hüququna ədalətli kompensasiya olaraq məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq normal yaşayaşını təmin etmək üçün müvafiq kirayə haqlarının ödənilməsi, bir sözlə hüquq sahibi ilə hər iki tərəfi qane edən şərtlərlə razılığa gəlməsi əsasları nəzərə alınmalıdır.

75. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

76. Toplanmış sübutların məcmusuna əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiya cavabdehin əsaslı gözləntilərini pozmur və mütənasiblik prinsipinə uyğundur. Belə ki, iş üzrə araşdırılmış hallardan müəyyən edilir ki, cavabdehin sahibliyində olan özbaşına tikili yaşayış sahəsi istismara yararsız və qəzalı vəziyyətdə olmaqla, orada yaşayan şəxslər üçün təhlükə mənbəyi təşkil edir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qəzalı vəziyyətdə olan binaların (evlərin) sökülməsi, onların yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının inşa edilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə üzrə sökülməlidir. İddiaçı tərəfindən cavabdehə təklif olunan əvəz yaşayış sahəsinin yerləşdiyi yer, sahəsi və istifadə imkanları onun əsaslı gözləntilərinə uyğundur.

77. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

78. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

79. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

80. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

81. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

82. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh İsayeva Zülfiyyə Kamil qızı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar