Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2566/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: su təchizatı, su istehlakına görə yaranmış borc, sübutetmə, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən (Yeni qadalarla: AZ 1050, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 21-ci Yeni Suraxanı küçəsi, giriş 76) fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir.
2. ************* saylı abonent kodu üzrə “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin istehlakçısı olan Cavabdeh abonent kartındakı məlumatlara görə, onun 2326,01 (iki min üç yüz iyirmi altı manat bir qəpik) manat borcu vardır.
3. Suraxanı rayon Sukanal idarəsinin Cavabdeh ünvanladığı ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunda borcun 7 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayanacağı və borc məbləğinin məhkəmə qaydasında tutulacağı bildirilmişdir.
4. *********** saylı abonent kodu üzrə “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin istehlakçısı olan Cavabdeh abonent kartındakı məlumatlara görə, onun 29,80 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2326,01 (iki min üç yüz iyirmi altı manat bir qəpik) manat borcun (abonent kodu: 0207106200000) və 43,27 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir, cavabdeh əhali qrupu abonenti olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2326,01 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər - sonuncu dəfə isə ##.##.2026-cı il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
7. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, abonent kartındakı məlumata əsasən, ************* saylı abonent Cavabdeh iddiaçıya 2326,01 (iki min üç yüz iyirmi altı manat bir qəpik) manat məbləğində borcu vardır və həmin borc ödənilməmişdir.
9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1ci, 448.2-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu, 61-ci və 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü, 7.5-ci bəndlərinə, Azərbaycan Respublikası Tarif Şurasının “Azərsu” Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə ##.##.2007-ci il tarixli * nömrəli qərarının 4-cü bəndinə istinad etmişdir.
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində aşağıdkıları göstərmişdir: “…Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, mən uzun müddətdir ki, ünvan 3 ünvanında yaşayayıram. Yaşadığım fərdi yaşayış evində su təhcizatı mənimlə “İri şəhərlərin X2 Xidməti” arasında bağlanmış müqavilə əsasında təmin edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən mənə məxsus yuxarıda qeyd edilən fərdi yaşayış evi su sayğacı ilə təhciz olunmuş, mənim adıma *********** nömrəli abonent kodu açılmışdır. Məhkəmə qətnaməsi ilə isə mənim üzərimə ************* nömrəli abonent koduna görə 2326,01 manat borc yüklənmişdir. Eyni bir ünvan ilə bağlı iki abonent kodunun mövcud olması ağlabatan deyildir. Mənim ehtimalıma görə həmin abonent kodu iddiaçının nümayəndələrinin qeyri-qanuni hərəkətləri nəticəsində mənə məxsus olmayan digər ünvanda quraşdırılmışdır. Məhkəmə isə işə baxarkən bu halları nəzərə almamışdır.”
Apellyasiya şikayətinə etiraz
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı, izahat
12. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçı isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
14. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
“Su təchizatı və tullantı suları haqqında” Qanun
17. Maddə 30 (1-ci hissə). Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Maddə 61 (1-ci hissə). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
19. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # #### 2014-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydaları
20. Bənd 2. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək), həmçinin verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
21. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
22. Bənd 7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər.
23. Bənd 8.2. İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
24. “Sudan istifadə Qaydaları”na * nömrəli əlavə olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”nin 3.7-ci bəndi. İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi
36. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh ünvan 2 ünvanında yaşayır və adı çəkilən şəxsin adına həmin ünvan üzrə ************* saylı, ünvan 1 ünvanı üzrə isə *********** saylı abonent kodu açılmışdır.
37. Müvafiq abonent kartlarından görünür ki, Cavabdeh ************* saylı abonent kodu üzrə 2326,01 manat, *********** saylı abonent kodu üzrə isə 29,80 manat borcu vardır.
38. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyindən, eyni şəxsin adına eyni ünvan üzrə iki abonent kodunun açılmasının səbəbini və onun borcunun dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır.
39. Buna görə də kollegiya, yaranmış qeyri-müəyyənliyi iddiaçının ziyanına şərh edərək onun hazırkı iddia tələbinin sübuta yetirilmədiyi qənaətinə gəlir.
40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və buna görə də kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ləğv olunsun. “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov