Məhkəmə qərarları › İş №e-2(3-6)-2709/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2709/2026

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2709/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Babayev İbrahim İmran oğluna qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Babayev İbrahim İmran oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Babayev İbrahim İmran oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: sığortaçı İddiaçı ASC ilə sığortalı Babayev İbrahim İmran oğlu bağlanmış ##.##.2019-cu il tarixli PXA********** nömrəli İcbari Sığorta Müqaviləsinə əsasən ** HH *** dövlət qeydiyyat nişanlı, “Vaz” markalı avtomobil ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixədək hər il üçün 75 manat sığorta haqqı olmaqla sığortalanmışdır.

2. Məhkəmə tibbi ekspertizasının rəyinə X1 baldır və aşıq baldır oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən ##.##.2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

3. Avtomobillərin Texniki Xidmət Mərkəzinin ##.##.2019-cu il tarixli qüsur aktına əsasən ** AU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə ümumilikdə 6445 manat zərər dəymişdir.

4. PXA***** saylı sığorta aktına əsasən 750 manat sığorta ödənişi X1 ödənilmişdir.

5. PXA***** saylı sığorta aktına əsasən qüsur aktına uyğun olaraq 5000 manat sığorta ödənişi X1 ödənilmişdir.

6. ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Babayev İbrahim İmran oğlunun barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Babayev İbrahim İmran oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4- cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərar verilmişdir.

7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ** saylı mütəxəssis rəyinə əsasən Avtomobillərin Texniki Xidməti Mərkəzinin ##.##.2019-cu il tarixli “Qüsur Aktı”nda göstərilmiş ehtiyat hissələrinin və görülmüş işlərin, ##.##.2019-cu il tarixə olan real bazar qiymətlərinə uyğun ümumi dəyərinin 6445,0 (altı min dörd yüz qırx beş) olduğu müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İddiaçı ASC cavabdeh Babayev İbrahim İmran oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5750.00 manatın və ödənilmiş 77.5 manat dövlət rüsumuna görə xərcin cavabdeh Babayev İbrahim İmran oğlundan tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.

9. İddiada göstərilib ki, ##.##.2019-cu il tarixində, saat 05:40 radələrində Bakı şəhəri, R.Rüstəmov ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh Babayev İbrahim İmran oğlunun idarə etdiyi "Vaz 21723" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi "Hyundai Sonata" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuş, sürücü X1 yüngül dərəcəli xəsarət dəymişdir. "Vaz 21723" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. ##.##.2019-cu il tarixli qiymətləndirmə aktından görünmüşdür ki, "Hyundai Sonata" markalı, 90- AU-996 dövlət qeydiyyat nişanlı avtomobilə 6445 manat zərər dəymişdir. ##.##.2019-cu il tarixli, **** nömrəli ekspert rəyindən göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. ##.##.2020-ci il tarixli ödəniş sənədinə əsasən, 5000.00 manat və 750.00 manat ümümilikdə 5750.00 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. ##.##.2020-ci il tarixli Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, R X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Babayev İbrahim İmran oğlu İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi təmin edilərək Babayev İbrahim İmran oğlundan maddi ziyanın əvəzi qismində 5750 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 77,5 manat vəsait tutularaq İddiaçı ASC-yə ödənilməsi; məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pulun cavabdeh Babayev İbrahim İmran oğlundan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi (VÖEN:**********, İBAN: AZ94BRES00380394402474602201, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWIFT:BRESAZ22, M/h: AZ80NABZ01350100000000014944) qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh öz mülkiyyətində olan avtomobili ##.##.2019-cu il tarixdə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamışdır. ##.##.2019-cu il tarixdə nəqliyyat hadisəsi baş vermiş və cavabdehin mülkiyyətində olan avtomobil ilə X1 idarə etdiyi avtomobil toqquşmuş, beləliklə sonuncunun həm mülkiyyətinə, həm də sağlamlığına ziyan vurulmuşdur. X1 mülkiyyətinə və sağlamlığına dəyən ziyan İddiaçı ASC tərəfindən ödənilmişdir. Beləliklə iddiaçının həmin pulu cavabdehdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh pulu ödəmədiyindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə ilk öncə baş vermiş hadisədə cavabdehin təqsirli olması ilə bağlı qeyd edir ki, ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Babayev İbrahim İmran oğlunun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilsə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4- cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bu halda iş materiallarında olan sənədlərlə cavabdehin təqsiri tam sübuta yetmişdir. Məhkəmə zərərin məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzinin ##.##.2019-cu il tarixli qüsur aktından görünür ki, ** AU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə ümumilikdə 6445 manat zərər dəymişdir. Məhkəmə cavabdehin maddi ziyanın məbləği ilə razı olmaması baxımından iş üzrə qiymətləndirmə ekspertizası təyin etmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ** saylı mütəxəssis rəyində Avtomobillərin Texniki Xidməti Mərkəzinin ##.##.2019-cu il tarixli “Qüsur Aktı”nda göstərilmiş ehtiyat hissələrinin və görülmüş işlərin, ##.##.2019-cu il tarixə olan real bazar qiymətlərinə uyğun ümumi dəyərinin 6445 olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim edilmiş rəyi tədqiq edərək o qənaətə gəlir ki, rəy kifayət qədər əsaslandırılmışdır. Məhkəmə sağlamlığa dəyən ziyanla bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspert rəyinə əsasən X1 dəyən ziyan 750 manat müəyyən edilmişdir. Göstərilən məbləğlərin X1 ödənilməsi iş materiallarına əlavə olunan aktlarda və hesabdan çıxarışda öz təsdiqini tapmışdır. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə iddiaçıya maddi ziyan vurduğunu məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Cavabdehin qəbul etmədiyi hal ondan ibarət olmuşdur ki, tələb edilən ziyan məbləği yüksəkdir. Lakin cavabdeh öz etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericilik normalarının tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Həmin maddəyə əsasən isə ümumi iddia müddəti on il təşkil edir. Sığorta hadisəsinin ##.##.2019-cu il tarixdə baş verməsi nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddia müddəti keçmədiyindən cavabdehin ərizəsi əsasında iddia müddətinin tətbiq edilməsi ilə iddiadan imtina edilməsi üçün əsaslar mövcud deyil.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Babayev İbrahim İmran oğlu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə qətnaməsində mütəxəssis rəyində göstərilən avtomobilin ehtiyat hissələrinin həmin günün bazar dəyərlərinə uyğun olub-olmadığını araşdırmamış və ümumiyyətlə ##.##.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə hansı məbləğdə zərərin vurulmasını araşdırmamışdır. Halbuki məhkəmə bu xüsuslara önəm verməliydi, ancaq bu hallara heç bir hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında cavabdeh Babayev İbrahim İmran oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 25.1. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

28. Əvvəla, sığorta hadisəsi baş verərkən cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili idarə etməyə hüququ olmadığı, sığortalıya maddi və fiziki zərər dəyməsi, yəni ##.##.2019-cu il tarixdə hazırki mülki mübahisənin yaranmasına səbəb olan yol-nəqliyyat hadisəsinin baş verməsi, Babayev İbrahim İmran oğlunun həmin hadisədə təqsirli olması və inzibati məsuliyyətə cəlb edilməsi, hadisə nəticəsində X1 yüngül zərər, avtomobilinə isə maddi zərər dəyməsi, sığorta şirkətinin ona 5750 manat ödəməsi işin mübahisəsiz hallarıdır.

29. Mübahisələndirilən hal yalnız zərərin məbləği ilə bağlı olub. Başqa sözlə, cavabdeh mütəxəssis rəyində göstərilən avtomobilin ehtiyat hissələrinin həmin günün bazar dəyərlərinə uyğun olub-olmadığını və hansı məbləğdə zərərin vurulmasını araşdırmamaqda məhkəməni qınayır.

30. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 936-cı maddəsi və “İcbari sığortalar haqqında” Qanunun 25.1., 25.1.3-cü maddəsi təşkil edir. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü sığorta hadisəsi baş verərkən icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili idarə etməyə hüququ olmadığı halda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

31. Cavabdeh vurduğu ziyanın məbləği ilə razı olmaya bilər. Ancaq buna, yəni zərərin məbləğinin daha az olacağına dair ciddi arqument göstərmir. Belə ki, yuxarıda qeyd olunan qüsur aktında avtomobilə 6445 manat məbləğində zərər dəydiyi göstərilib. Məhkəmə tərəfindən alınmış qiymətləndirici rəyində də qeyd olunan zərər məbləği təsdiq olunub. Cavabdeh bu qiymətlərlə yaxud zərərin məbləği ilə razılaşmırdısa özü də məhkəməyə fərqli qiymətləndirici rəyi təqdim edə bilərdi, ancaq etməyib. Bu cür vəziyyətdə məhkəmə zərərin məbləği üzrə daha hansı formada araşdırma aparmalı idi ki, cavabdeh də bundan “razı” qalsın. Əlbətdə bu yanaşma ritorik sual kimi səslənsə də yalnız şikayətin formal dəlillərinə əsasən qətnamənin ləğvinə dair qərar qəbul edilə bilməz.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Babayev İbrahim İmran oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar