Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2955/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamədən iddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı MMC-nin nümayəndəsi MMC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən MMC-yə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.769 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, dəyərini hissə-hissə, aybaay ödəmək şərti ilə satış qiyməti 56.271 manat olan “BAİC X5 NEW C52X LV4” markalı avtomobili almışdır. Müqavilənin şərtinə görə, cavabdeh 48 ay müddətində, hər ay 1.172 manat məbləğində pulu MMC-yə ödəməli idi. Cavabdeh, müqavilə üzrə öhdəliyin icrası çərçivəsində müəyyən ödənişlər etmiş, 2024-cü ilin dekabr ayından sonra isə ödənişi dayandırmışdır. Nəticədə cavabdehin 53.315 manat məbləğində qalıq borcu yaranmışdır. Cavabdeh avtomobil MMC-yə qaytarıldıqdan sonra, MMC, məcburiyyət qarşısında qalaraq həmin avtomobili başqa şəxsə artıq 47.546 manata satmışdır. Göründüyü kimi, MMC-yə (53.315 – 47.546=) 5.769 manat məbləğində maddi zərər dəymişdir. MMC, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh vurduğu zərərin əvəzini MMC-yə ödəməmiş, bu səbəbdən də, MMC, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
3. İşə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MMCnin iddia tələbi əsassızıdır. Çünki faydanın əldən çıxması nəticəsində vurulmuş ziyanın əvəzinin tutulması üçün yalnız müqavilə öhdəliyinin pozulması kifayət etmir, iddiaçı hüquq pozuntusu baş verməsəydi tələb etdiyi gəliri adi mülki dövriyyə şəraitində real olaraq əldə edəcəyini, habelə həmin gəlirin əldə edilməməsi ilə cavabdehin davranışı arasında səbəbli əlaqənin mövcudluğunu sübut etməlidir. Lakin iddiaçı MMC bunu sübuta yetirə bilməmşdir. Çünki avtomobilin sonradan başqa şəxsə 47.546 manata satılması iddiaçının sərəncamvermə imkanları daxilində olmuşdur. Göründüyü kimi, qeyd edilən ilə cavabdehin müqavilə öhdəliyini pozması arasında səbəbli əlaqə sübuta yetirmir. c) apellyasiya şikayəti haqqında məlumat
5. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, MMC tərəfindən Rayon Məhkəməsinə təqdim olunmuş sübutların məcmu qaydada qiymətləndirilməsi nəticəsində müəyyən edilir ki, cavabdeh, onunla MMC arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasını pozduğu üçün MMC, 5.769 manat məbləğində gəliri itirmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı haqqında məlumat
7. Apellyatorun - iddiaçı MMC-nin nümayəndəsi və cavabdeh apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında iştirak etməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
8. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.
9. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh, onunla iddiaçı MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış K-***A-PCC-** saylı müqaviləyə əsasən, dəyərini hissəhissə və aybaay ödəmək şərti ilə satış qiyməti 56.271 manat olan “BAİC X5 NEW C52X LV4” markalı avtomobili MMC-dən almışdır.
10. Həmin müqaviləyə “* saylı əlavədən” görünür ki, cavabdeh, 48 ay müddətində, hər ay 1.172 manat məbləğində pulu MMC-yə ödəməli idi.
11. İşdə olan sənədlərdən görünür ki, cavabdeh, müqavilə üzrə öhdəliyin icrası çərçivəsində müəyyən ödənişlər etmiş, 2024-cü ilin dekabr ayından sonra isə ödənişi dayandırmışdır. Nəticədə cavabdehin MMC-yə 53.315 manat məbləğində qalıq borcu yaranmışdır. Cavabdeh avtomobil MMC-yə qaytarıldıqdan sonra, MMC, həmin avtomobili başqa şəxsə 47.546 manata satmışdır.
12. MMC bildirir ki, cavabdehin bu kimi hərəkəti nəticəsində o, (53.315 – 47.546=) 5.769 manat məbləğində gəliri itirmiş və bununla da ona həmin məbləğdə maddi zərər dəymişdir. O, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh vurduğu zərərin əvəzini ödəməmişdir.
13. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələlərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
14. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, əldən çıxmış faydanın ödənilməsi barədə tələbin təmin edilməsi üçün yalnız gəlirin əldə edilməməsi kifayət etmir. Belə tələbə əsas verən hüquq pozuntusunun, cavabdehin hüquqa zidd davranışının, zərərin mövcudluğunun, həmin davranışla zərər arasında səbəbli əlaqənin və qanunda nəzərdə tutulan məsuliyyətin digər şərtlərinin mövcudluğu müəyyən edilməlidir. Əldən çıxmış fayda tələb edildikdə isə, həmçinin hüquq pozuntusu baş verməsəydi, iddiaçının istinad etdiyi gəliri adi mülki dövriyyə şəraitində əldə edəcəyinin kifayət qədər müəyyən olması tələb olunur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə görə də, delikt nəticəsində yaranan mülki hüquqi məsuliyyətin yaranması üçün hüquqa zidd əməl, zərər, həmin əməllə zərər arasında səbəbli əlaqə və təqsir müəyyən edilməlidir.
16. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda görünür ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdehin üzərinə, müqavilədə qeyd edilən avtomobilin müəyyən edilmiş satış qiymətinin müqavilədə nəzərdə tutulan qaydada və müddətdə iddiaçı MMC-yə ödəmək öhdəliyi düşmüş, cavabdeh isə həmin öhdəliyi tam deyil, qismən icra etmişdir.
17. İş materialları ilə müəyyən olunur ki, avtomobilin müqavilə üzrə satış qiyməti 56.271 manat olmuş, cavabdeh tərəfindən 2.956 manat ödənilmiş, sonradan cavabdeh ödənişləri dayandırmış, bununla əlaqədar onun MMC-yə 53.315 manat məbləğində qalıq borcu yaranmış, avtomobil iddiaçı MMC-yə qaytarılmış, bundan sonra iddiaçı MMC avtomobili başqa şəxsə 47.546 manata satmışdır.
18. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi məbləğ (53.315 – 47.546=) 5.769 manat ehtimal xarakterli gəlir (fayda) deyil. Həmin gəlirin (faydanın) əldə edilməsinin hüquqi və iqtisadi əsası tərəflər arasında artıq bağlanmış müqavilə olmuş, əldə edilməli məbləğ də müqavilədə konkret müəyyən edilmişdir. Cavabdehin müqavilə öhdəliyini lazımınca icra etsə idi iddiaçı MMC müqavilə üzrə qalan 53.315 manat ödənişi (5.769 manat daxil) əldə etmək imkanına malik olacaq idi.
19. Cavabdehin müqavilə öhdəliyini icra etməməsi nəticəsində avtomobilin geri qaytarılmasından sonra iddiaçı MMC həmin avtomobili yenidən iqtisadi dövriyyəyə daxil etmiş və 47.546 manata satmışdır. Buna görə əldə edilməmiş gəlirin məbləği müqavilə üzrə ödənilməli qalan 53.315 manatla sonrakı satışdan əldə olunmuş 47.546 manat arasındakı fərqə, yəni 5.769 manata bərabərdir.
20. Bu baxımdan Rayon Məhkəməsinin avtomobilin sonrakı satış qiymətinin iddiaçı tərəfindən müəyyən edilməsi səbəbindən cavabdehin müqavilə öhdəliyini pozması ilə tələb edilən məbləğ arasında səbəbli əlaqənin olmadığı barədə nəticəsi ilə razılaşmaq olmaz. Avtomobilin sonradan başqa şəxsə satılması cavabdehin əvvəlki müqavilə üzrə öhdəliyini icra etməməsi faktını və bunun nəticələrini aradan qaldırmır.
21. Əksinə, işin müəyyən edilmiş hallarının ardıcıllığı — müqavilənin bağlanması, cavabdehin ödənişlərin yalnız bir hissəsini həyata keçirməsi, sonradan ödənişləri dayandırması, avtomobilin iddiaçıya qaytarılması və bundan sonra daha aşağı qiymətə realizə olunması — cavabdehin müqavilə öhdəliyini pozması ilə iddiaçının 5.769 manat məbləğində gəliri əldə edə bilməməsi arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edir.
22. Məhkəmə bu zaman nəzərə alır ki, əldən çıxmış faydanın mövcudluğu yalnız tələb edilən məbləğin riyazi hesablanması ilə müəyyən edilə bilməz. Lakin hazırkı halda həmin hesablamanın əsasında ehtimal olunan gəlir deyil, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş satış qiyməti, cavabdehin faktiki ödədiyi məbləğ və avtomobilin sonrakı faktiki satışından əldə edilmiş məbləğ dayanır. Buna görə 5.769 manat yalnız hesablama nəticəsi deyil, iş üzrə müəyyən edilmiş faktiki hallardan irəli gələn əldə edilməmiş gəlirin məbləğidir.
23. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir, işin hallarına və tərəflər arasında yaranmış qarşılıqlı münasibətlərə uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. f) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 385.1-ci maddəsinin tələblərinin mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, habelə məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə, iddiaçı MMC tərəfindən cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiası təmin edilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC-nin ödədiyi dövlət rüsumu MPM-in 119-cu maddəsinə görə cavabdehə aid edilməlidir.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 384, 385, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiası təmin edilsin. 5.769 (beş min yeddi yüz altmış doqquz) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Bu məqsədlə Cavabdeh iddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə cəmi (78,60 manat + 27 manat=) 105 (bir yüz beş) manat 60 (altmış) qəpik məbləğində pul tutulsun. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.