Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3005/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-3005/2026 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı “sudan istifadəyə görə yaranmış borc” tələbinə dair kiçik iddia ərizəsinə əsasən baxılan mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)- ***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh ərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən cavabdeh Cavabdeh (abonent kodu 1082302110000 olan) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs cavabdeh Cavabdeh qarşı “sudan istifadəyə görə yaranmış borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh sudan istifadəyə görə yaranmış 1508.99 manat borcun (abonent kodu: 1082302110000) və 35.08 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən cavabdeh Cavabdeh (abonent kodu: 1082302110000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2026-cı il tarixinə 1508.99 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə ##.##.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh sudan istifadəyə görə yaranmış 1508.99 manat borcun və 35.08 manat ödənilmiş dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələri, Azərbaycan Respublikası Su Məcəlləsinin 97 və 105-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə” Qaydalarının 2.1.5, 4.1.3, 7.2, 7.4, 7.5-ci maddələri, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ##.##.2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61 və 62-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli abonent kodu əvvəl Verdiyeva adlı şəxsə məxsus olmuş, sonradan cavabdeh Cavabdeh adına keçirilmişdir. Məhkəmə tərəfindən abonentliyin dəyişdirilməsi faktı və bunun borcun yaranma dövrü ilə əlaqəsi araşdırılmamışdır. İddiaçı tərəfindən tələb edilən 1508,99 manat məbləğində borcun hansı dövr üzrə yarandığı, həmin dövrdə abonentin kim olduğu, borcun hansı hissəsinin əvvəlki abonentə və ya cavabdehə aid olduğu müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, 2025-ci ilin dekabr ayında həmin obyekt üzrə yeni su sayğacı quraşdırılmışdır. Yeni sayğacın quraşdırılması faktı abonent xətti üzrə əvvəlki dövrlərə aid hesablaşmaların və istehlak göstəricilərinin mövcud olduğunu göstərir. Lakin məhkəmə yeni sayğacın quraşdırılması ilə əlaqədar sənədləri, əvvəlki abonentə aid hesablaşmaları və borcun formalaşma tarixini araşdırmadan yalnız iddiaçının təqdim etdiyi abonent kartına əsaslanaraq iddianı təmin etmişdir. Mübahisə predmeti olan obyekt daimi yaşayış evi deyil, bağ evidir. Məhkəmə tərəfindən həmin obyektdə faktiki istifadə vəziyyəti, istifadə dövrləri, su sərfiyyatının hansı qaydada hesablanması və hesablamaların düzgünlüyü araşdırılmamışdır. Beləliklə, qətnamə iş üzrə faktiki hallara uyğun deyil, sübutlarla təsdiq olunmur və ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3 və 394-1.4-cü maddələrinin tələblərinə əsasən işə iddia icraatı qaydasında şifahi qaydada baxılmasını məqsədəmüvafiq hesab etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, 2019-cu ildən həmin ünvanda yaşayır, su sayğacı 2025-ci ildə quraşdırılıb. Sudan istifadəyə görə ödənişlər etmişdir.
11. İşə baxılmanın vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərinə dair məlumat verməmişdir. Kollegiya işin hallarını, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.
16. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır.
18. Maddə 61.1. “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”.
19. Maddə 62. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları
20. Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir.
21. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir
22. Bənd 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.
23. Bənd 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
24. Bənd 7.5. Su ölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihazlar quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzrədə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası cavabdehin izahatını, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə üzrə yaranmış 1508,99 manat məbləğində borcun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, iş materiallarında olan Abonent kartından müəyyən olunur ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı - cavabdeh Cavabdeh arasında ##.##.2001-ci il tarixdə müqavilə bağlanmşdır.
35. Həmin Abonent kartından müəyyən olunur ki, Cavabdeh (abonent kodu: 1082302110000) ##.##.2026-cı il tarixə su sərfiyyatına görə 1508.99 manat borcu vardır.
36. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh Cavabdeh su təchizatı xidmətlərinə görə yaranmış borcun qaytarılması ilə bağlı məlumat göndərilərək 7 iş gün müddətində borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
37. Kollegiya məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuş hallara sadalanan qanunvericilik normaları baxımından qiymət verərək hesab edir ki, cavabdeh müəssisə qarşısında yaranan öhdəliklərini icra etmədiyindən və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığından, iddiaçının tələbi qanuni və əsaslı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1508.99 manat borcun cavabdeh Cavabdeh tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə qəbul etmişdir.
38. Cavabdeh apellyasiya şikayətində həmin ünvanda 2019-cu ildən yaşadığını, əvvəlki illər üzrə hesablaşmaların ona aid olmadığını bildirsə də, həmin dəlilləri təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız izahat verərək əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. İşdən görünür ki, cavabdehlə bağlanan müqavilə ##.##.2001-ci il tarixlidir və iddiaçı tərəfindən təqdim edilən hesablaşma da həmin tarixdən sonrakı dövləri əhatə edir. Qeyd edilənlərə əsasən məhkəmə apellyasiya şilkayətinin dəlilllərinin əsassız olduğu qənaətinə gəlir.
39. Beləliklə, göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova