Məhkəmə qərarları › İş №e-2(3-6)-3046/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3046/2026

20.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3046/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh “TVİNS” MTK-nın şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı (vəkili və nümayəndəsi vəkil2) cavabdeh “TVİNS” MTK-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 17 ünvanında yerləşən iddiaçı İddiaçı məxsus yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 220.000 (iki yüz iyirmi min) manat məbləğin və 30.000 (otuz min) manat mənəvi zərərin, ümumilikdə 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh “TVİNS” Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh “TVİNS” MTK vəsatət ilə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmiş və vəsatəti onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə qanunsuz və əsassız olmaqla yanaşı iddia ərizəsi aidiyyəti üzrə düzgün məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə əsasən daşınmaz əşyalarla bağlı iddialar daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim İlyas Həsənov) cavabdehin ərazi aidiyyəti barədə vəsatətinin təmin olunmaması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, iddiaçının hazırkı tələbi daşınmaz əmlakın sökülməsi ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi barədədir, yəni deliktdən irəli gələn tələbdir. Mülkiprosessual qanunvericilik daşınmaz əmlakla bağlı bütün tələblərin deyil, məhz daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiaların müstəsna aidiyyət üzrə daşınmaz əmlakın olduğu yer üzrə baxılmasını nəzərdə tutur. Bu baxımdan, iddiaçının delikt hüquq münasibətlərindən irəli gələn hazırkı tələbi qanunvericiliklə müstəsna aidiyyət üçün müəyyən edilmiş iddialar sırasına aid deyil. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2021ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyi əsas götürərək qeyd edir ki, qeyd edilən tələblərə dair işlərə müstəsna aidiyyət üzrə baxılması şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədiqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədi daşıyır. Odur ki, daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi sübutların olduğu yerdə tədqiqini aparmaq və bununla da işlərə səmərəli və ağlabatan müddətdə baxılmasını təmin etməkdir. Halbuki, hazırkı tələb iddiaçıya daşınmaz əmlakın sökülməsi ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi barədə olduğu üçün qeyd edilən məqsədlər baxımından onun araşdırılmasının zəruri qaydada daşınmaz əmlakın olduğu yerdə aparılması tələb olunmur. Cavabdeh “TVİNS” MTK həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilib mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh “TVİNS” MTK elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə işin hallarına mühüm şəkildə təsir göstərəcək sübutları əldə etmək üçün bir qədər vaxta ehtiyac olduğundan ##.##.2026-cı il tarixində olan yazılı icraat qaydasında məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu sübutların nədən ibarət olması barədə məlumat qeyd etməmişdir. İddiaçı İddiaçı tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilənlər mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Hazırda cavabdehin vəsatətlə, daha sonra isə şikayətlə məhkəməyə müraciət etməsi, həmçinin sübut təqdim edilməsi üçün yazılı icraatda baxılacaq şikayətin təxirə salınması barədə vəsatət verməsi, lakin həmin sübutun nədən ibarət olduğunu bildirməməsi kimi hallar mülki işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti də açıqaşkar prosessual hüquqlardan sui-istifadə xarakteri daşıyır. Cavabdeh vəsatətinin təmin edilməməsi ilə razılaşmır və şikayətində bunun səbəbi olaraq müəssisəsinin ofisinin Yasamal rayonunda yerləşməsini, eləcə də tikinti işlərinin də Yasamal rayonunda aparıldığını göstərib. Ancaq cavabdehin bu dəlili qərardadın ləğv edilməsi üçün əsas ola bilməzdi. Çünki iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Bundan əlavə, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etmir və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzana bilir ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Lakin Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası hazırki iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olmadığından hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə baxıla bilməz. Məhkəmə tərkibi həmçinin vurğulayır ki, Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinin tələbinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar