Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3082/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamədən cavabdehlərdən biri olan “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi Nəsirova Aytac Əbdül qızının və iddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. Cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərdən 5.500 manat məbləğində pul vəsaitinin, habelə həmin məbləğə illik 5 faiz hesablanmaqla 275 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, avtomobil əldə etmək məqsədilə “İdeal Motors” MMC-nin Babək prospektində yerləşən filialına müraciət etmiş, həmin filialda “xxxx” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq onunla MMC arasında ##.##.2025-ci il tarixdə “avtomobilin dəyərinin hissə-hissə ödənilməsi haqqında” YN-***A-PCC-** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə avtomobilin qiyməti 44.859 manat, ilkin ödəniş məbləği 3.250 manat, hissə-hissə ödəniş müddəti 42 ay, aylıq ödəniş 991 manat müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçıya bildirilmişdir ki, o, ilkin olaraq 8.700 manat məbləğində ödəniş etməlidir. Bu minvalla iddiaçı, Filialın əməkdaşları olan cavabdehlər cavabdeh1 və cavabdeh3 həmin məbləği ödəmiş, və ona yalnız 3.250 manat məbləğində ödənişin edilməsi haqqında F******** nömrəli “kassa mədaxil orderi” verilmişdir. İddiaçı, avtomobili istifadəyə götürdükdən sonra avtomobilin sükanında səs əmələ gəlmiş, yaranmış nasazlıqla əlaqədar avtomobil bir neçə dəfə MMC-nin əməkdaşları tərəfindən təmir edilsə də, nasazlıq aradan qaldırılmamış, nəticədə iddiaçı, 2025-ci ilin dekabr ayında avtomobili MMC-yə qaytarmış, avtomobil üçün ödədiyi 6.000 manat məbləğində pul ona qaytarılsa da, ondan alınmış 5.500 manat qaytarılmamışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat
3. Rayon Məhkəməsinə verdiyi izahatda iddiaçı, iddia ərizəsində göstərdiyi dəlilləri müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nəsirova Aytac Əbdül qızı Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd edilən avtomobili əvvəlki sahibi Əhmədov Ehtiram Hatəm oğlu olmuşdur. Buna görə də, həmin avtomobilə görə iddiaçının əlavə ödədiyi 5.500 manat məbləğində pul MMC-nin hesabına mədaxil edilməmiş, Filialın əməkdaşları cavabdeh1 və cavabdeh3 tərəfindən Ehtiram Əhmədova ötürülmşdür. İddiaçının bundan məlumatı var idi. Bu hal onunla təsdiq edilir ki, iddiaçı, avtomobili MMC-yə geri təhvil verərkən yazılı ərizə ilə MMC-yə müraciət etmiş, MMC-yə qarşı heç bir şikayət və tələbinin olmadığını bəyan etmiş, MMC-yə ümumilikdə ödədiyi 6.000 manat məbləğində pulu geri aldığını bildirmişdir ki, həmin məbləğin 3.200 manat hissəsi ilkin ödənişin, qalan hissəsi isə iddiaçının etdiyi aylıq ödənişlərin əvəzi olmuşdur. Buna görə də, iddia əsassız hesab edilərək, rədd edilməlidir.
5. Cavabdeh cavabdeh3, onun və digər cavabdeh cavabdeh1 birgə vəkili (birgə nümayəndə) nümayəndə1 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, iddiaçının bəyəndiyi avtomobil Ehtiram Əhmədova məxsus olmuş və buna görə də, iddiaçıya izah edilmşdir ki, o, MMC-dən aldığı avtomobilə görə ilkin ödəniş olaraq 3.200 manatı MMC-yə ödəməli, 5.500 manatı isə Ehtiram Əhmədova ödəməlidir. İddiaçı da, bu təklif ilə razılaşaraq 8.700 manatı onlara ödəmişdir. İddiaçının ödədiyi puldan 3.200 manat MMC-nin hesabına mədaxil edilmiş, 5.500 manat məbləğində pulu isə Ehtiramın atası gəlib götürmüşdür. Buna görə də, iddia əsaslı hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC-dən 5.500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddia tələbinin təmin edilməməsini, 75 manat məbləğində dövlət rüsumunun MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli 5.500 manat məbləğində pul iddiaçı tərəfindən Ehtiram Əhmədova verilməmiş, avtomobilin əldə edilməsi ilə əlaqədar MMC-nin Babək filialında MMC-nin əməkdaşlarına – “Dəmirçirəngsaz şöbəsinin” rəhbəri cavabdeh1 və “Servisin” rəhbəri cavabdeh3 verilmişdir. Müəyyən edilir ki, həmin pul məbləği cavabdeh1 və cavabdeh3 tərəfindən şəxsi məqsədlə qəbul edilməmişdir. Onlar MMC-nin işçiləri olaraq bu kimi hərəkət etmişlər. Buna görə də, 5.500 manat məbləğində pulun tutulması haqqında tələb onlara qarşı deyil, onlara münasibətdə işəgötürən olan MMC-yə münasibətdə təmin edilməlidir. Bununla bağlı isə, MMC, gələcəkdə öz işçilərinə - cavabdeh1 və cavabdeh3 qarşı müvafiq iddia irəli sürə bilər. İddia tələbinin “5.500 manata illik 5 % olmaqla 275 manat məbləğində faizin hesablanaraq tutulması haqqında” hissəsi təmin edilməməlidir. Çünki iddiaçı bu kimi tələbini kifayət qədər əsaslandırmamış, sübuta yetirə bilməmişdir. d) apellyasiya şikayəti haqqında məlumat
8. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları cavabdeh MMC-nin vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları haqqında məlumat
10. Apellyatorun – cavabdehlərdən biri olan MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi.
11. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia tələbinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, avtomobil onun tərəfindən MMC-yə qaytarılan ərizə yalnız avtomobilin qaytarılması və onun tərəfindən MMC-yə rəsmi olaraq ödədiyi 6.000 manat ilə bağlı olmuşdur. Ondan alınmış 5.500 manat qeyri-rəsmi olduğundan o, həmin məbləği ərizədə qeyd etməmişdir. Bunun ərizədə göstərilməməsi o demək deyil ki, o, həmin məbləğdən imtina edir. Əgər imtina etmiş olsa idi, onda ərizədə yazardı ki, 5.500 manatı MMC-dən tələb etmir.
12. İş üzrə digər cavabdehlər cavabdeh3 və cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş (vəkil (nümayəndə) vasitəsi ilə təmsil olunmamışlar) və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
13. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
14. Apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
15. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC, qətnamənin tam ləğv edilib, iddia tələbinin tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, MMC, iddia tələbinin “5.500 manata illik 5 % olmaqla 275 manat məbləğində faizin hesablanaraq tutulması haqqında” hissəsinin rədd edilməsi barədə Rayon Məhkəməsinin nəticəni mübahisələndirmir.
16. Odur ki, göstərilənləri, mübahisə predmetinin bölünməz olmadığını və MPM-nin 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbinin “5.500 manata illik 5 % olmaqla 275 manat məbləğində faizin hesablanaraq tutulması haqqında” hissəsinin rədd edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi hazırkı apellyasiya baxışının predmeti deyil. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
17. Hazırkı apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında ##.##.2025-ci il tarixdə bağlanmış “Əmlakın dəyərinin hissə-hissə ödənilməsi ilə alğı-satqı müqaviləsinin bağlanması haqqında” YN-***A-PCC-** nömrəli müqavilədən görünür ki, iddiaçı, “xxxx” markalı, **-YZ- *** dövlət qeydiyyat nişanlı avtomobili MMC-dən almışdır.
19. Müqavilənin şərtlərinə görə avtomobilin qiyməti 44.859 manat, ilkin ödəniş məbləği 3.250 manat, hissə-hissə ödəniş müddəti 42 ay, aylıq ödəniş 991 manat müəyyən edilmişdir.
20. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, MMC-nin “Babək” filialının işçiləri – “Dəmirçi-rəngsaz şöbəsinin” rəhbəri cavabdeh1 və “Servisin” rəhbəri cavabdeh3 ilkin ödəniş məbləğini təşkil edən 3.250 manatdan əlavə olaraq iddiaçıdan 5.500 manat məbləğində pul da almışlar. 3.250 manat məbləğində ödənişin edilməsi haqqında F******** nömrəli “kassa mədaxil orderi” verilmişdir. 5.500 manat məbləğində pulun iddiaçıdan alınması haqqında hər hansı sənəd iddiaçıya verilməsə də, cavabdehlər cavabdeh1, cavabdeh3 və MMC bu faktı təsdiq edirlər.
21. Cavabdehlər bunu onunla izah edirlər ki, yuxarıda qeyd edilən avtomobilin əvvəlki sahibi Əhmədov Ehtiram Hatəm oğlu olmuşdur. Buna görə də, həmin avtomobilə görə iddiaçının əlavə ödədiyi 5.500 manat məbləğində pul MMC-nin hesabına mədaxil edilməmiş, Filialın əməkdaşları cavabdeh1 və cavabdeh3 tərəfindən Ehtiram Əhmədova verilmişdir.
22. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Əhmədov Ehtiram Hatəm oğlu Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, həqiqətən də, o, qeyd edilən avtomobilin əvvəlki sahibi olmuş və həmin avtomobil MMC tərəfindən iddiaçıya satıldıqdan sonra 5.500 manat məbləğində pul ona ödənilmişdir.
23. Göründüyü kimi, mübahisəli 5.500 manat məbləğində pul iddiaçı tərəfindən Ehtiram Əhmədova verilməmiş, iddiaçı ilə Ehtiram Əhmədov arasında razılaşma olmamış, onların arasında hər hansı bir hüquq münasibəti yaranmamış, avtomobilin əldə edilməsi ilə əlaqədar MMC-nin Babək filialında MMC-nin işçilərinə – “Dəmirçi-rəngsaz şöbəsinin” rəhbəri cavabdeh1 və “Servisin” rəhbəri cavabdeh3 verilmişdir. Həmin pul məbləği cavabdeh1 və cavabdeh3 tərəfindən şəxsi məqsədlə qəbul edilməmişdir. Onlar MMC-nin işçiləri olaraq bu kimi hərəkət etmişlər.
24. İşin hallarından həmçinin müəyyən edilir ki, MMC-dən aldığı avtomobildə istehsal qüsuru müəyyən edildiyindən iddiaçı həmin avtomobili MMC-yə qaytarmış, bununla bağlı MMC tərəfindən iddiaçıya ilkin olaraq ödənilmiş 3.250 manat və hissə-hissə ödənilmiş pul məbləği, cəmi 6.000 manat qaytarılmış, 5.500 manat qaytarılmamışdır.
25. İşin hallarını müəyyən edən Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.).
26. Göstərilənləri, iddiaçı ilə avtomobilin əvvəlki sahibi Ehtiram Əhmədov arasında hüquq münasibətinin yaranmamasını, 5.500 manat məbləğində pulun iddiaçıdan MMC-nin işçiləri – cavabdehlər cavabdeh1 və cavabdeh3 tərəfindən alındığını nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə iddia tələbi yalnız cavabdeh MMC-yə münasibətdə əsaslıdır.
27. MMC, qətnamədən verdiyi apellyasiya şikayətdə bildirir ki, iddiaçı, avtomobili MMC-yə qaytararkən yazdığı ərizədə bildirmişdir ki, o, MMC-yə ödədiyi 6.000 manatı MMCdən qəbul etmiş və MMC-yə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Göründüyü kimi, iddiaçı, 5.500 manatla bağlı MMC-yə qarşı tələbinin olmasını bildirməmişdir. Bu isə iddianın əsassız olmasına dəlalət edir.
28. Məhkəmənin qənaətinə görə, həmin iradə ifadəsi ərizənin bütöv məzmunundan və onun tərtib edilmə şəraitindən ayrılıqda deyil, məhz orada göstərilən 6.000 manatlıq hesablaşma ilə qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. İş materiallarına görə qaytarılmış 6.000 manatın 3.200 manat hissəsi ilkin ödənişə, 2.800 manat hissəsi isə iddiaçının etdiyi aylıq ödənişlərə aid olmuş, hazırkı mübahisənin predmeti olan 5.500 manat həmin məbləğə daxil edilməmişdir. İddiaçı, məhkəmələrə verdikləri məlumatlarda həmin ərizənin yalnız avtomobilin qaytarılması və onun tərəfindən MMC-yə rəsmi olaraq ödədiyi 6.000 manat ilə bağlı olmuşdur. Ondan alınmış 5.500 manat qeyri-rəsmi olduğundan o, ərizədə qeyd etməmişdir. Bunun ərizədə göstərilməməsi o demək deyil ki, o, həmin məbləğdən imtina edir.
29. Göründüyü kimi, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Rayon Məhkəməsi 5.500 manatın cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmetini təşkil edən hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Cavabdeh “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.