Məhkəmə qərarları › İş №e-2(3-6)-3243/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3243/2026

30.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3243/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: iddianın yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçı “İnşaat Konstruksiyaları” MMC cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “İnşaat Konstruksiyaları” MMC ilə Cavabdeh arasında bağlanmış ## ######## 2020-ci il tarixli, ****** nömrəli müqavilənin uydurma əqd kimi etibarsız hesab edilməsi, müqavilənin etibarsızlığının hüquqi nəticələrinin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadı ilə iddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (ödəyici: “İnşaat Konstruksiyaları” MMC-VÖEN:**********; ödəniş tarixi: ##.##.2026/15:26:36, büdcə səviyyəsi:1; büdcə təsnifat kodu: 142213) dövlət büdcəsindən iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə Bak şəhəri Xətai Rayon Məhkəməsinin icraatında iş vardır. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) cavabdeh “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “mənzilin təhvil verilmə öhdəliynin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-*(*-**)-****/**** saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh məhkəmədən “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşə, ümumi sahəsi 210 kv.metr olan, 04 otaqlı, ** saylı mənzilin Cavabdeh təhvil verilməsi öhdəliyinin icra edilməsinin “İnşaat Konstruksiyaları” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçı “İnşaat Konstruksiyaları” MMC cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “İnşaat Konstruksiyaları” MMC ilə Cavabdeh arasında bağlanmış ## ######## 2020-ci il tarixli, ****** nömrəli müqavilənin uydurma əqd kimi etibarsız hesab edilməsi və müqavilənin etibarsızlığının hüquqi nəticələri tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, əqdə əsaslanan tələb üzrə məhkəmənin əsas vəzifəsi həmin əqdin etibarlı olub-olmamasını yoxlamaqdır. Bunun üçün isə ayrıca tələb irəli sürülməsi zərurəti yoxdur. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tərəflərin etirazlarına əsasən əqdin etibarsızlığını müəyyən etdikdə ona müvafiq olaraq mübahisəyə hüquqi qiymət verir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı “İnşaat Konstruksiyaları” MMC tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi, “İnşaat Konstruksiyaları” MMC-nin iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinin icraatına qəbul edilməsi barədə yeni qərardad qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “İnşaat Konstruksiyaları” MMC cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “İnşaat Konstruksiyaları” MMC ilə Cavabdeh arasında bağlanmış ## ######## 2020-ci il tarixli, ****** nömrəli müqavilənin uydurma əqd kimi etibarsız hesab edilməsi, müqavilənin etibarsızlığının hüquqi nəticələri tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardadda göstərilən əsaslarla heç bir halda razılaşmır və hesab edir ki, qərardad ləğv olunmalı, iş icraata götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunan maddəyə münasibətdə bildirmək istəyir ki, hazırda iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi iddiaçının müqavilənin etibarsızlığının məhkəmə qaydasında araşdırılmasına dair hüququnu faktiki olaraq məhdudlaşdırır. Prosessual normalar məhkəməyə çıxış hüququnu məhdudlaşdıran şəkildə deyil, həmin hüququ təmin edən formada tətbiq edilməlidir. Belə bir iddianın mahiyyəti üzrə araşdırılmadan icraata qəbulundan imtina edilməsi məhkəməyə müraciət hüququnun həyata keçirilməsini əsassız şəkildə məhdudlaşdırır. Müqavilənin etibarsız hesab edilməsi tələbi ilə müqavilədən irəli gələn öhdəliyin icrası barədə tələb eyni hüquqi nəticəyə yönəlmədiyindən, onların eyni predmetli mübahisələr kimi qəbul edilməsi əsaslı hesab oluna bilməz. Bu da hüquqlarının məhkəmə müdafiəsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı halda iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş, aidiyyəti məhkəməyə təqdim olunmuş və prosessual tələblərə tam riayət edilmişdir. Bu səbəbdən məhkəmənin iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi üçün yalnız Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş konkret və istisna xarakterli əsaslar mövcud olduqda belə nəticəyə gəlməsi mümkün idi. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsini hazırkı işə formal şəkildə tətbiq etmiş və mübahisələrin həqiqətən eyni predmet və eyni əsaslar üzrə olub-olmadığını kifayət qədər araşdırmamışdır. Baxmayaraq ki, icraatda olan digər iş üzrə tələb mənzilin təhvil verilməsi, hazırkı iş üzrə isə müqavilənin uydurma əqd kimi etibarsız hesab edilməsi və bunun hüquqi nəticələrinin tətbiq edilməsidir. Belə olan halda, iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun mahiyyətinə uyğun gəlmir və iddianın mahiyyəti üzrə araşdırılması imkanını əsassız olaraq aradan qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Məhkəmə qərardadda göstərir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında tərəflər arasında mənzilin təhvil verilməsi tələbinə dair iş olduğuna görə hazırkı iddia da eyni predmet və eyni əsaslar üzrə hesab edilməli, bu səbəbdən isə icraata qəbul edilməməlidir. Lakin bu yanaşma işin mahiyyətinə uyğun deyil. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan mübahisənin predmeti mənzilin təhvil verilməsidir. Həmin işdə qarşı tərəf bağlanmış müqaviləyə əsaslanaraq öhdəliyin icrasını tələb edir və məqsədi konkret mənzilin ona təhvil verilməsinə nail olmaqdır. Onların təqdim etdikləri iddianın predmeti isə tamamilə başqadır. Onlar həmin müqavilənin uydurma əqd olduğunu, əsl iradəni əks etdirmədiyini və buna görə də etibarsız sayılmalı olduğunu bildirirlər. Bununla yanaşı, müqavilənin etibarsızlığının hüquqi nəticələrinin tətbiqini də tələb edirlər. Sadəcə hər iki mübahisənin eyni müqavilə ilə bağl olmasını əsas gətirərək onları eyni predmetli hesab etmək düzgün yanaşma sayıla bilməz. Müqavilənin etibarsız hesab edilməsi ilə müqavilədən irəli gələn öhdəliyin icrasının tələb edilməsi fərqli mübahisələrdir və fərqli hüquqi nəticələr doğurur. Ona görə də iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi hüquqlarının müdafiə mexanizminin pozulmasına və gələcəkdə ağır nəticələrə səbəb olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinin tətbiqi üçün üç şərtin eyni tərəflərin, eyni predmetin və eyni əsasların eyni vaxtda mövcud olması zəruridir. Hazırkı halda tərəflər eyni olsa da, mübahisənin predmeti fərqlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində müqavilədən irəli gələn öhdəliyin icrası tələb edilir, hazırkı işdə isə müqavilənin özünün uydurma əqd kimi etibarsız hesab olunması və etibarsızlığın hüquqi nəticələrinin tətbiqi tələb olunur. Buna görə də 153.2.4-cü maddənin tətbiqi üçün qanuni əsaslar mövcud deyildir. Hazırkı iddia yalnız müqavilənin etibarsızlığının müəyyən edilməsinə deyil, həm də etibarsızlığın hüquqi nəticələrinin tətbiqinə yönəlmiş müstəqil maddi hüquqi tələbdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan “mənzilin təhvil verilməsi” işi çərçivəsində bu tələblər üzrə ayrıca qərar qəbul edilmir və həmin hüquqi nəticələr tam həcmdə təmin olunmur. Bu səbəbdən iki iş eyni predmetli hesab edilə bilməz və Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinin tətbiqi üçün əsas yaranmır. Qeyd edilməlidir ki, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə mənzilin təhvil verilməsi tələbi birbaşa mübahisəli müqaviləyə əsaslanır. Əgər həmin müqavilənin uydurma əqd olması və etibarsızlığı müəyyən edilmədən yalnız onun icrası məsələsinə qiymət verilərsə, nəticədə hüquqi əsası etibarsız olan bir əqd üzərində qurulmuş ədalətsiz və qanunsuz məhkəmə qərarı qəbul edilə bilər. Məhz bu səbəbdən müqavilənin etibarlılığı məsələsinin tam və hərtərəfli araşdırılması işin düzgün həlli üçün həlledici əhəmiyyət daşıyır. Müqavilənin etibarsız hesab edilməsi barədə irəli sürülmüş tələb formal xarakter daşımır, əksinə, tərəflər arasında mövcud hüquq münasibətinin əsasını təşkil edən məsələyə aydınlıq gətirməyə xidmət edir. Bu hal nəzərə alınmadan iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi gələcəkdə maddi hüquq normalarının səhv tətbiqinə və nəticə etibarilə ədalətsiz məhkəmə aktının qəbuluna səbəb ola bilər. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsi və “İnşaat Konstruksiyaları” MMC-nin iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinin icraatına qəbul edilməsi barədə yeni qərar qəbul olunması məhkəmədən xahiş edilir. İddiaçı “İnşaat Konstruksiyaları” MMC məhkəməyə təqdim etdiyi şikayətə əlavəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina etməklə iddiaçının məhkəməyə müraciət hüququnun mahiyyətinə toxunmuş, onu uydurma əqddən qorunmaq kimi fundamental mülki hüququndan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə, məhkəməyə çıxış hüququna qoyulan hər hansı məhdudiyyət legitim məqsəd daşımalı və mütənasib olmalıdır. Formal əsaslarla iddianın icraata qəbulundan imtina iddiaçını effektiv hüquqi müdafiə vasitəsindən tamamilə məhrum edir. Birinci instansiya məhkəməsi Azərbaycan Repsublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli Qərardadına istinad edərkən qərardadın 54 və 56-cı bəndlərindəki fundamental istisnanı gözardı etmişdir. Qeyd olunan 54-cü bənddə birmənalı olaraq vurğulanır ki, "əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir". Onların mübahisələrinin obyekti Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən ** saylı mənzildir, yəni söhbət birbaşa daşınmaz əmlaka dair əşya hüququndan gedir. Qərardadın 56-cı bəndinə görə, hüququ pozulmuş şəxs əşya hüququnun səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə ayrıca tələb irəli sürdükdə, məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamalıdır. Məhkəmə mübahisənin daşınmaz əmlaka əsaslandığını nəzərə almadan işin ayrıca icraatda baxılmasından imtina etməklə maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. ## ######## 2020-ci il tarixli, ****** nömrəli müqavilə uydurma əqd kimi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərardadının 24 və 35-ci bəndlərində qeyd olunur ki, qanunverici bəzi əqdlərin etibarsız sayılması üçün xüsusi bir qayda kimi məhkəmə aktının qəbul olunmasını tələb edir. Bu cür əqdlər məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək etibarlı sayılır. Daşınmaz əmlaka dair əqdin uydurma olması mütləq şəkildə müstəqil məhkəmə qərarı ilə ləğv edilməlidir, çünki Bakı şəhəri Xətai Rayon Məhkəməsindəki "mənzilin təhvil verilməsi" iddiası çərçivəsində əqdin uydurmalığı faktı müstəqil hüquqi nəticə doğuran aktla deyil, yalnız həmin işin dar predmeti daxilində qiymətləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4cü maddəsini tətbiq edərək iki işin eyni predmetli olduğunu iddia etmişdir. Lakin nəzərə alınmamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsindəki işin predmeti icra (mənzilin təhvil verilməsi), hazırkı işin predmeti isə əqdin əsasdan ləğvi və hüquqi nəticələrin tətbiqidir. Daşınmaz əmlaka (mənzilə) dair hüquq münasibətləri reyestr və əşya hüququ xarakteri daşıdığından, mənzilin təhvil verilməsi tələbi ilə əqdin uydurma olması barədə tələb prosessual olaraq tam fərqli müstəqil nəticələr doğurur və Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinin tətbiqini istisna edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərardadının 49-cu bəndinin zəruri tələbini nəzərə almamışdır. Həmin bəndə əsasən, “Etibarsız sayılması üçün məhkəmə qərarının tələb olunduğu əqdlərə münasibətdə isə əqdin tərəfləri ilə yanaşı, müvafiq olaraq hərrac təşkilatı, notarius və digər aidiyyəti təşkilatlar işdə iştirak etməyə cəlb olunmalıdırlar”. Lakin əqdin uydurma əqd kimi ləğv edilməsi və etibarsızlığın nəticələrinin tətbiqi (məsələn, müvafiq reyestr qeydlərinin silinməsi, notariat əməliyyatlarının ləğvi) tam fərqli hüquqi xarakter daşıyır və iddia tələbinin təmin edilməsi üçün müvafiq dövlət orqanlarının (notarius, aidiyyəti reyestr orqanı) məhz etibarsızlıq tələbi üzrə prosesə cəlb edilməsini tələb edir. Bu baxımdan daşınmaz əmlaka dair əqdin uydurma sayılması iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsindəki sadə "təhvilvermə" işinin çərçivəsinə sığa bilməz və prosessual olaraq mütləq şəkildə ayrıca icraatda baxılmalıdır. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsi və “İnşaat Konstruksiyaları” MMC-nin iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinin icraatına qəbul edilməsi barədə yeni qərar qəbul olunması məhkəmədən xahiş olunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi və şikayət ərizəsinin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh cavabdeh “İnşaat Konstruksiyaları” MMC-yə qarşı ##.##.2020-ci il tarixli müqaviləyə əsasən mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsinin olması səbəbindən iddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin cavabdeh Cavabdeh qarşı ##.##.2020-ci il tarixli müqavilənin uydurma əqd olduğundan etibarsız hesab edilməsinə dair iddia ərizəsinin, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında işin olmasına görə yolverilməz olduğu üçün icraata qəbul etməkdən imtina etmiş, eyni zamanda iddiaçıya müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsinin həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdən ibarət olduğundan həmin icraatda tərəflər arasında bağlanan podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olan əqdin etibarlı olub-olmaması yoxlanılacağından əqdin etibarsız olması barədə müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə zərurətin olmadığını izah etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mülkiyyət hüququ sahibinə əşya üzərində tam həcmdə səlahiyyət təmin etdiyindən tam əşya hüququ adlandırılır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə, əşya hüququ obyektiv hüquq olaraq şəxsə məxsus əşyaya bilavasitə təsir etmək yolu ilə öz maraqlarını təmin etmək imkanının realizəsi ilə əlaqədar yaranan münasibətləri tənzim edən hüquq normalarının məcmusundan ibarətdir. Subyektiv hüquq olaraq isə əşya hüququ şəxsə məxsus əşya üzərində onun birbaşa hakimiyyətini müəyyən edən hüquq olmaqla təmin etdiyi səlahiyyətlərin həcmi baxımından tam əşya haqqı (mülkiyyət hüququ) və məhdud əşya haqları (girov və ipoteka, servitut, uzufrukt, tikintiyə vərəsəlik hüququ) kimi təsnif edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # #### tarixli Qərarı). Əsas və fundamental insan hüquqlarından biri kimi mülkiyyət hüququ əşya hüquqları kateqoriyasına aid olmaqla məzmununu üç səlahiyyət (sahib olmaq, istifadə etmək, sərəncam vermək) təşkil edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vurğulanmalıdır ki, mülkiyyət hüququnu digər əşya haqlarından fərqləndirən başlıca xüsusiyyət hər üç səlahiyyətin bir şəxsdə (mülkiyyətçidə) cəmləşməsində, o cümlədən əşyanın hüquqi müqəddəratını müəyyən etmək (əşyaya sərəncam vermək) səlahiyyətinin məhz mülkiyyət hüququ ilə təmin olunmasındadır. Kollegiya həmçinin qeyd edir ki, müqavilə azadlığı prinsipinə əsasən mülki dövriyyədə müqavilə münasibətləri əsasında yaranan tələb hüquqları (öhdəlik haqları) qeyri-məhdud sayda ola bildiyi halda, əşya hüquqları yalnız qanunda nəzərdə tutulanlardan ibarət olub məhdud saylıdır. Bundan başqa əşya hüququ, predmetini təşkil edən əşyanın hüquq sahibinə məhz faktiki verilməsi ilə yaranmış olduğu halda, müqavilənin predmetini təşkil edən haqq və öhdəliklər müqavilənin bağlandığı andan yaranır. Habelə əşya haqları hamıya qarşı irəli sürülməklə mütləq hüquqlardır. Məhz bu səbəbdəndir ki, daşınmaz əşyalara münasibətdə əşya hüquqları barədə üçüncü şəxslərin məlumatlılığının və bununla da əşya hüququ sahiblərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə bu hüquqların dövlət tərəfindən reyestri həyata keçirilir. Odur ki, daşınmaz əşya üzərində əşya hüququnun yaranması ilə nəticələnən əqdlərin notarial qaydada təsdiqlənməsi və bu hüquqların dövlət qeydiyyatının aparılması mütləqdir. Bundan fərqli olaraq, müqavilələr üzrə yaranan haqlar nisbi haqlar olmaqla yalnız öhdəlik münasibətlərinin tərəflərinə münasibətdə irəli sürülə bilinir. Beləliklə, tələb hüquqları sahibinə məhz borcludan müqavilə üzrə yaranan öhdəliyi yerinə yetirməyi tələb etmək imkanı verir. İddiaçı şikayətində iddia tələbinin pozulmuş əşya hüququnun müdafiəsi ilə bağlı olmasını qeyd etsə də, birinci iddia tələbində iddiaçının podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin müdafiəsinin, ikinci iddia tələbində isə həmin podrat müqaviləsinin etibarsız olmasının iddia olunduğu görünür. İstinad olunanlara əsasən kollegiya iddiaçının şikayətinin dəlillərini qərardadın ləğv edilməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar