Məhkəmə qərarları › İş №e-2(3-6)-3325/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3325/2026

03.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3325/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Səmədov İlham Nəsiboviçə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Səmədov İlham Nəsiboviç tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Səmədov İlham Nəsiboviçə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-150 mm neft boru kəmərinin “Mühafizə Zonası”nda boru kəmərindən 25 metr aralı məsafədə, eləcə də NEZ-ə məxsus TC-1 dizel, benzin, və xam neft məhsulları saxlanılan ** №-li istehsalatın U-72 rezervuar parkının “Mühafizə Zonası”nda rezervuar parkının sərhədindən 22,1 metr aralı məsafədə cavabdeh tərəfindən inşa olunmuş ölçüsü 5 x 6 x 2.80 metr olan fərdi yaşayış evi və ona bitişik formada əlavə olunmuş 7 x 5 x 2.80 metr olan əlavə otaq tikililərin özbaşına (qanunsuz) tikili hesab edilərək sökülməsi və iddia ərizəsi verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 (yüz bir) manat məbləğində məhkəmə xərcinin cavabdeh Səmədov İlham Nəsiboviçdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınması və rəy alınanadək icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Səmədov İlham Nəsiboviç şikayət verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, NEZ-na məxsus boru xətləri ixrac neft boru kəmər deyil və vahid elektron kadastr baza məlumatlarına əsasən həmin NEZ-in məxsus boru xətlərin mühafizə ilə bağlı bazada məlumat yoxdur. Həm də evdə hər hansı tikinti quraşdırma işləri aşkar edilməmişdir. Mütəxəssis rəyi nəticələrindən aydın olur ki, NEZ-na məxsus boru xətləri ixrac neft boru kəmər olmadığı təyin olunur. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarının 1.1-ci bəndində bu qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı- Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. İddiaçının “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarının istinad etməsi əsassız və qanunsuzdur. Çünki, NEZ-na məxsus boru xətləri ixrac neft boru kəməri deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, cavabdeh tərəfindən məhkəməyə şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ekspert rəyi deyil, mütəxəssis rəyi alınanadək icraatın dayandırılması qərara alındığı üçün Məhkəmə Kollegiyası hesab edir ki, şikayətə Mülki Prosessual Məcəllənin 13.4cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Həmin normaya əsasən əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Başqa sözlə, məhkəmə tərəfindən istər ekspert rəyi, istərsə də mütəxəssis rəyi alınmasına dair qərardaddan deyil, xüsusi bilik tələb edən şəxslərdən bununla bağlı rəy alınandək icraatın dayandırılmasına dair qərardad ( və ya qərardadın həmin hissəsi) mübahisələndirilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, icraatın dayandırılmasının əsaslarına qiymət verilməsi üçün mütəxəssis rəyi alınmalı olmamasına dair şikayətin dəlillərinə qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından göründüyü kimi hazırda iddiaçı İddiaçı cavabdeh Səmədov İlham Nəsiboviçə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-150 mm neft boru kəmərinin “Mühafizə Zonası”nda boru kəmərindən 25 metr aralı məsafədə, eləcə də NEZ-ə məxsus TC-1 dizel, benzin, və xam neft məhsulları saxlanılan ** №li istehsalatın U-72 rezervuar parkının “Mühafizə Zonası”nda rezervuar parkının sərhədindən 22,1 metr aralı məsafədə cavabdeh tərəfindən inşa olunmuş ölçüsü 5 x 6 x 2.80 metr olan fərdi yaşayış evi və ona bitişik formada əlavə olunmuş 7 x 5 x 2.80 metr olan əlavə otaq tikililərin özbaşına (qanunsuz) tikili hesab edilərək sökülməsi və iddia ərizəsi verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 (yüz bir) manat məbləğində məhkəmə xərcinin cavabdeh Səmədov İlham Nəsiboviçdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də mübahisəli ünvanda inşa edilən tikililərin zavoda məxsus neft məhsulu boru kəmərləri və rezervuar parklarından hansı metr aralı məsafədə yerləşməsinin və onların mühafizə zonasında inşa edilib-edilməməsinin müəyyən edilməsi üçün iş üzrə müətəxəssis rəyinin alınması barədə qərardad qəbul etmişdir. Göründüyü kimi mütəxəssis rəyi ilə tikililərin zavodun rezervuar və boru xətlərindən neçə metr məsafədə olub-olmamasının müəyyən edilməlidir, yəni əsas məsələ həmin məsafənin müvafiq texniki təhlükəsizlik standartlarına cavab verib-verməməsidir, çünki mühafizə zonalarının müəyyən edilməsinin əsas məqsədi insan həyatının, sağlamlığının və əmlakının texnogen qəzalardan (yanğın, partlayış, sızma) qorunmasıdır. Həmçinin şikayətin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin # ###### 2004-cü il tarixli *** nömrəli Qərarı məhz ixrac neft boru kəmərlərinə şamil olunur. Lakin bu qərarın tətbiq olunmaması o demək deyil ki, X1 (NEZ) məxsus magistral/daxili boru kəmərlərinin və ya rezervuar parklarının mühafizə zonası yoxdur. Bundan başqa NEZ-in boru kəmərləri və rezervuar parkları təhlükə potensiallı obyektlər (və ya istehsalat-texnoloji kəmərləri) kateqoriyasına daxildir ki, cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi mühafizə zonasında inşa edilib-edilməməsinin müəyyən edilməsi hazırki iş üzrə zəruri olmuşdur. Eyni zamanda cavabdehin "kadastr bazasında mühafizə zonası barədə məlumatın olmaması" dəlili əsassızdır. Belə ki, kadastr bazası məlumat xarakteri daşıyır və boru kəmərinin və rezervuar parkının faktiki mövcudluğu və obyektiv olaraq təhlükə mənbəyi təşkil etməsi, normativlərlə müəyyən edilmiş təhlükəsizlik rejimi ləğv etmir. Digər tərəfdən cavabdehin "evdə hər hansı tikinti-quraşdırma işi aşkar edilməmişdir" iddiaya etirazı mübahisənin mahiyyətini dəyişmir. Belə ki, mübahisə tikintinin davam etdirilibetdirilməməsi deyil, mövcud tikilinin mühafizə zonası daxilində yerləşib-yerləşməməsidir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli ünvanda inşa edilən tikililərin zavoda məxsus neft məhsulu boru kəmərləri və rezervuar parklarından neçə metr aralı məsafədə yerləşməsinin və onların mühafizə zonasında inşa edilib-edilməməsinin müəyyən edilməsi mülki işin həlli üçün əhəmiyyətlidir və göstərilən xüsusatların araşdırılması üçün ekspertiza təyin edilməsinə və mütəxəssis rəyləri alınmasına baxmayaraq, qeyd olunan suallara ətraflı cavab əldə edilməmişdir. Belə olan halda da məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması məqsədi ilə Mülki Prosessual Məcəlləsinin nin 255.0.5-ci maddəsi analoji qaydada tətbiq edilərək iş üzrə icraat dayandırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına uyğun olmaqla prosessual normalar düzgün tətbiq edilmişdir. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Səmədov İlham Nəsiboviç oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar