Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3375/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024cü il tarixli, **** nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə qalıq borc məbləği 54868 manat borcun, 74.20 manat müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 255 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 55197.20 manat məbləğin cavabdeh Cavabdeh iddiaçı “xxxx” MMCnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və ##.##.2024-cü il tarixli, **** nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə Cavabdeh 54868 (əlli dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində borcun və 74,20 (yetmiş dörd manat iyirmi qəpik) manat məbləğində cərimənin, ödənilmiş dövlət rüsumunun əvəzi olan 255 (iki yüz əlli beş) manat məbləğində pul Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmiş, qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq prosessual müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən cavabdehin qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, qətnamədən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdehin həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin bərpa olunması məsələsinə məhkəmə tərəfindən o halda baxıla bilər ki, müvafiq vəsatətlə müraciət etmiş şəxs məhkəmə qərarının surətini rəsmi qaydada alsın, lakin ondan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət tərəfindən ötürülsün. Belə olan halda isə, məhkəmə prosessual müddətin üzrlü səbəblərdən buraxılması ilə bağlı təqdim olunmuş sübutları araşdıraraq, müvafiq qərardad qəbul etməlidir. Əgər şəxs prosessual müddəti ötürməyibsə, müddətin bərpa olunmasına da zərurət yoxdur (Göründüyü kimi prosessual müddət ötürülməmişdir). Çünki cavabdeh məhkəmə qətnaməsinin surətini rəsmi qaydada bu gün də əldə edə bilməmişdir. Belə ki, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün ## #### 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Tərəfimdən buraxılmış müvafiq prosessual müddətin bərpa olunması barədə ərizə verilsə də, müddətin buraxılmamasına məhkəmə tərəfindən diqqət yetirməmişdir. Digər tərəfdən şəxsin məhkəməyə müraciət hüquqi heç bir halda pozula bilməz. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olubolmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki iş materiallarında olan “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan (səh. 150) müəyyən olunur ki, qətnamə ##.##.2026-cı il tarixdə, saat 09:43-də cavabdeh Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Qətnaməədn apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə verilmişdir. Beləliklə də müəyyən olur ki, qətnamədən apellyasiya şikayəti vermənin son günü ##.##.2026-cı il tarixi olduğu halda, cavabdeh qanunvericiliklə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə vəsatət versə də, vəsatətdə müddətin ötürülməsi obyektiv və üzrlü səbəblərlə əsaslandırılmamış, ümumiyyətlə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin səbəbləri qeyd edilməmiş, buna dair hər hansı sübut əlavə edilməmişdir. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddəsinin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Beləliklə də Məhkəmə hesab edir ki, rayon məhkəməsi qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3375/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3375/2026
04.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver