Məhkəmə qərarları › İş №e-2(3-6)-3767/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3767/2026

01.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3767/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kommunal xidmətlər, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ümumi yığıncaq qərarı, əsassız varlanma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh “xxxx" MMMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMMC-yə qarş “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.40 kv.m olan *** saylı mənzil ##.##.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

2. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin X5, X2, İsgəndərov Kənan İsgəndər oğluna, X6, X3 və "xxxx” MMC-yə qarşı “ödənilməmiş kommunal xərclərinin ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, "xxxx” MMC-dən 1322,66 (bir min üç yüz iyirmi iki manat 66 qəpik) manatın, X6 495,60 (dörd yüz doxsan beş manat, 60 qəpik) manatın, İsgəndərov Kənan İsgəndər oğlundan 232 (iki yüz otuz iki) manatın, X5 1282,94 (bir min iki yüz səksən iki manat, 94 qəpik) manatın, X3 500 (beş yüz) manatın, X2 4365,72 (dörd min üç yüz altmış beş manat, 72 qəpik) manatın alınaraq “xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 66.8 manatının 10.8 (on manat, səksən qəpik) manatının "xxxx” MMC-dən, 4.03 (dörd manat, üç qəpik) manatının X6, 1.9 (bir manat, doxsan qəpik) manatının İsgəndərov Kənan İsgəndər oğlundan, 10.5 (on manat, əlli qəpik) manatının X5, 4.07 (dörd manat, yeddi qəpik) manatının X3, 35.6 (otuz beş manat, altmış qəpik) manatının X2 alınaraq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumunun 83.2 (səksən üç manat, 20 qəpik) manatının Cavabdeh MMMC-nə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Məhkəmə hesab etmişdir ki, zaman ümumi yığıncağın qərarı ilə təsdiqlənməmiş tariflər əsasında borcun hesablanması mümkün deyildir və yalnız ##.##.2018-ci il tarixli protokolda göstərilən 0,40 manat/kvm məbləği hüquqi baxımdan əsas götürülməlidir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qətnaməsi ilə həmin qətnamədən Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, X3 apellyasiya şikayəti isə təmin edilmiş, qətnamə qismən, yəni iddianın X3 aid təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. ##.##.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları üçün ümumilikdə 512,82 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

6. ##.##.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2023-cü ilin oktyabr-dekabr ayları üçün ümumilikdə 170,94 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

7. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2024-cü ilin yanvar-may ayları üçün ümumilikdə 244,20 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

8. ##.##.2024-cü il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2024-cü ilin yanvar-may ayları üçün ümumilikdə 40,70 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

9. ##.##.2024-cü il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2024-cü ilin iyun-avqust ayları üçün ümumilikdə 170,94 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

10. ##.##.2024-cü il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2024-cü ilin sentyabr-oktyabr ayları üçün ümumilikdə 113,96 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

11. ##.##.2025-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2024-cü ilin noyabr-dekabr ayları üçün ümumilikdə 113,96 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

12. ##.##.2025-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2025-ci ilin yanvar-mart ayları üçün ümumilikdə 170,94 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

13. ##.##.2025-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2025-ci ilin aprel-may ayları üçün ümumilikdə 113,96 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

14. ##.##.2025-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2025-ci ilin iyun-avqust ayları üçün ümumilikdə 170,94 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

15. ##.##.2026-cı il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 2025-ci ilin sentyabr-dekabr ayları üçün ümumilikdə 130,24 manat kommunal haqq Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmişdir.

16. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 3 saylı ünvanın *** saylı mənzilində yaşayır və ##.##.2024-cü il tarixədək kommunal xidmətə görə borcu yoxdur.

17. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 3 saylı ünvanın *** saylı mənzilində yaşayır və ##.##.2025-ci il tarixədək kommunal xidmətə görə borcu yoxdur.

18. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ##.##.2021-ci il tarixli "Kommunal xidmət tarifinin dəyişdirilməsi haqqında” ** saylı qiyabi iclas protokoluna görə, günün tələblərinə uyğun olaraq ## ###### 2021-ci il tarixindən AR Tarif Şurası tərəfindən istehlak olunan suyun əhaliyə satış qiymətinin (su və çirkab su tullantıları) 2 dəfə qaldırılması, yəni 1 m3 suyun qiymətinin 50 qəpikdən 1 AZN-ə qaldırılması, həmçinin işəgötürən (yəni MMMC) icbari tibbi sığorta ödənişlərinin həyata keçirildiyini nəzərə alaraq ##.##.2018-ci il 18 №li protokolda göstərilmiş tariflərdə dəyişiklik edilərək aşağıdakı kimi tətbiq edilir: Kombisi olanlar üçün 1 kv.m yə görə 50 qəpik, yay dövrü üçün 1 kv.m-yə görə 70 qəpik, qış dövrü üçün 1 kv.m-yə görə 90 qəpik.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

19. İddiaçı (iddiaçı) “xxxx" MMMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən xeyrinə 781 (yeddi yüz səksən bir) manat 44 qəpik məbləğində artıq ödənilmiş pul vəsaitinin tutulması, cavabdehə mənzil üzrə gələcək hesablamaları 1 kv.m üçün 0,40 manat tarif əsasında aparmaq öhdəliyinin qoyulması, cavabdeh tərəfindən ona məxsus mənzil üzrə 2023-cü ilin yanvar ayından 2025-ci ilin avqust ayınadək aparılmış hesablamalara yenidən baxılaraq müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və Cavabdeh MMMC tərəfindən idarə olunan yaşayış binasında ümumi sahəsi 81,4 kv.m olan, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Cavabdeh MMMC tərəfindən mənzilə görə xidmət haqqı uzun müddət ərzində 1 kv.m üçün 0,7 manat tarif əsasında hesablanmış, lakin məhkəmə araşdırmaları nəticəsində həmin tarifin qanunauyğun olmadığı müəyyən edilmiş, məhkəmə aktları ilə tətbiq edilməli olan tarifin 0,4 manat/kv.m olduğu təsbit edilmişdir. Buna baxmayaraq, cavabdeh 2023-cü ilin yanvar ayından 2025-ci ilin avqust ayınadək onun mənzili üzrə ödənişləri 0,7 manat tarifi ilə hesablamışdır. Yalnız 2025-ci ilin son 4 ayı üzrə ödənişlər 0,4 manat tarifi ilə aparılmışdır. Cavabdehlə arasında mənzil üzrə xidmətlərin göstərilməsinə dair yazılı müqavilə bağlanmamışdır. Buna baxmayaraq, cavabdeh birtərəfli qaydada tarif müəyyən edərək ödənişlər hesablamışdır ki, bu da mülki qanunvericiliyin müqavilə azadlığı və tərəflərin hüquq bərabərliyi prinsiplərinə ziddir. Artıq ödənişin hesablanması: mənzilin sahəsi: 81,4 kv.m, tətbiq edilmiş tarif: 0,7 manat/kv.m, tətbiq edilməli tarif: 0,4 manat/kv.m, Fərq: 0,3 manat/kv.m, Yanvar 2023 - Avqust 2025 dövrü = 32 ay. Hesablama: 81,4 x 0,3 x 32 = 781,44 manat. Beləliklə, cavabdehin qanunsuz tarif tətbiq etməsi nəticəsində tərəfindən 781,44 manat artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinə əsasən, əsassız əldə edilmiş əmlak və ya pul vəsaitləri geri qaytarılmalıdır. Cavabdeh tərəfindən artıq tarif tətbiq olunması nəticəsində hesabından artıq pul tutulmuşdur və bu məbləğ cavabdeh tərəfindən əsassız əldə edilmiş vəsait hesab olunur. Eyni binada yerləşən digər mənzil üzrə cavabdehin tətbiq etdiyi tarifin qanunauyğunluğu məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə aktları ilə 1 kv.m üçün 0,4 manat tarifdən artıq hesablamaların əsaslı olmadığı müəyyən edilmişdir. Xüsusilə, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehin mövqeyi əsassız hesab edilmişdir. Həmin məhkəmə aktında qiymətləndirilmiş hüquqi münasibətlər hazırkı iş üzrə münasibətlərlə eynidir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki xidmət haqqının ödənilməsi öhdəliyini mübahisələndirmir, mübahisə yalnız cavabdeh tərəfindən tətbiq edilmiş 0,7 manat/kvm tarifinin hüquqi əsasının olmaması və artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlıdır. Cavabdeh etirazında ##.##.2021-ci il tarixli ** nömrəli protokola və ümumi yığıncaq sənədlərinə istinad edir, lakin iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsindən görünür ki, həmin sənədlər artıq məhkəmə tərəfindən araşdırılmış və qanunun tələb etdiyi qaydada qəbul edilmiş, bütün mülkiyyətçilər üçün məcburi olan ümumi yığıncaq qərarının mövcudluğu təsdiq edilməmişdir. Qətnamənin 53-cü bəndində göstərilmişdir ki, qanunun tələb etdiyi şəkildə qəbul edilmiş qərarın mövcudluğunu və onun məcburiliyini təsdiq edən sənəd iş materiallarına təqdim edilməmişdir. Qətnamənin 56-cı bəndində isə qeyd edilmişdir ki, ümumi yığıncağın qərarı ilə təsdiqlənməmiş tariflər əsasında hesablama aparılması mümkün deyildir. Buna görə cavabdehin etirazında göstərilən hallar iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. İş materiallarında olan qəbzlər və hesablamalar artıq ödənilmiş 781,44 manat məbləğini təsdiq edir.

22. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti ümumi əmlakın idarə olunmasını həyata keçirmək, onun saxlanması və istismarı üçün zəruri ödənişləri müəyyən etmək səlahiyyətinə malikdir. Xidmət haqqının tətbiqi qanunidir və faktiki hallara, rəsmi sənədlərə əsaslanır. Belə ki, MMMC tərəfindən tətbiq edilən xidmət haqqı, bina üzrə ümumi yığıncağın qərarları, faktiki xidmət xərcləri və idarəetmə zərurəti əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq, çoxmənzilli binanın saxlanması xərcləri bütün mülkiyyətçilər tərəfindən ödənilməlidir. Bu ödəniş müqavilədən asılı olmayaraq, ümumi əmlakdan istifadə faktına görə yaranır. İş üzrə iddiaçı qeyd edir ki, tərəflər arasında yazılı müqavilə yoxdur. Lakin mülkiyyətçi ilə xidmət müqaviləsinin olmaması ödənişdən azad etmir və bu arqument əsassızdır, çünki Mənzil Məcəlləsinə əsasən MMMC ilə münasibətlər üzvlük və faktiki istifadə əsasında yaranır, bina xidmətləri (lift, təmizlik, işıqlandırma, mühafizə və s.) faktiki göstərilmişdir, iddiaçı bu xidmətlərdən istifadə etməkdədir. Bu sadalanan hallar "faktiki xidmət - faktiki ödəniş öhdəliyi” kimi qiymətləndirilməlidir. Tətbiq olunan tariflərin köhnə tariflə 0,4 manat olması avtomatik tətbiq edilə bilməz və bu hal sosial bərabərlik prinsipini pozmaqla yanaşı Cəmiyyətin fəaliyyətinə ciddi zərər vurmaqla yanaşı sakinlər arasında kütləvi qeyri-sabitlik yarada bilər. Belə ki, iddiaçı başqa bir məhkəmə qərarına istinad edir. Lakin hər iş fərdi hallara görə qiymətləndirilir və başqa iş üzrə qərar presedent deyil və avtomatik tətbiq edilmir. Çünki həmin iş üzrə tərəflər fərqli ola bilər, sübutlar fərqli ola bilər və xidmətlərin həcmi fərqli ola bilər. Bu səbəbdən 0,4 manat tarifinin bu işə birbaşa tətbiqi hüquqi əsas daşımır. Tarif iqtisadi əsaslara söykənir. MMMC tərəfindən tətbiq edilən 0,7 manat tarif faktiki xərclərə (əməkhaqqı, təmir, lift, elektrik və su tariflərinin dövlət tərəfindən artırılması, xidmət xərclərinin yüksəlməsi, işçi heyətinə ödənişlərin artması, icbari tibbi sığorta öhdəliklərinin tətbiqi s.) binanın saxlanması üçün zəruri minimuma uyğun hesablanmışdır. İddiaçı isə bu tarifin əsassız olduğunu sübut edən hər hansı ekspert rəyi və ya maliyyə sənədi təqdim etməmişdir. Bu hallar cəmiyyətin normal fəaliyyətini təmin etmək üçün hesablanmışdır. İş üzrə iddiaçının artıq ödəniş faktı sübut olunmayıb və 781,44 manat artıq ödəniş iddiası əsassızdır. Belə ki, bu hesablamalar yalnız fərziyyəyə əsaslanır, hüquqi qüvvəsi olan tarif dəyişikliyi təqdim edilməyib. Eyni zamanda MMMC tərəfindən tətbiq olunan tarif qüvvədə olmuşdur və bütün mülkiyyətçilər tərəfindən icra edilməkdədir. Qanuni tarif qüvvədə olduğu müddətdə edilən ödəniş "əsassız varlanma" hesab edilə bilməz. İddiaçının yenidən hesablanma tələbi əsassızdır və keçmiş dövr üzrə yenidən hesablanma tələb edir. Bu isə hüquqi sabitlik prinsipinə ziddir, xidmət göstərilmiş və qəbul edilmişdir, ödənişlər könüllü və mütəmadi edilmişdir. Sonradan tarifə etiraz edilməsi geriyə qüvvə yaratmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45.6-cı maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o haIda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Göründüyü kimi, ##.##.2021-ci il tarixli, ** nömrəli qərarın elan olunmasından 4 ildən çox müddət keçib və iddiaçı bu illər üzrə həmin qərara əsasən kommunal ödənişlərin gecikmələr olsa da ödənilməsini digər mülkiyyətçilər ilə yanaşı ödəmişdir. Çünki həmin qərar qiyabi şəkildə elan olunmasına baxmayaq bütün 280 mənzil mülkiyyətçisi tərəfindən icra edilməkdədir. AR Qanunun tələbinə əsasən heç bir mülkiyyətçi bu barədə məhkəməyə müraciət etməmişdir. Bundan başqa iş üzrə cavabdehin kommunal borcu var (arayış əlavə olunur) və həmin borc müxtəlif əsassız səbəblərdən ödənilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 140- cı maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və istismarı üzrə xərclər həmin binanın bütün sahə mülkiyyətçilərinin borcudur. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti bu xərclərin təşkilini, idarə olunmasını və yığılmasını həyata keçirir. Bu öhdəlik qanundan irəli gəlir və tərəflər arasında yazılı müqavilənin olub-olmamasından asılı deyildir. İddiaçının yazılı müqavilənin olmaması ilə bağlı arqumenti əsassızdır. Belə ki: 1. MMMC ilə hüquqi münasibətlər mülkiyyət hüququ və faktiki istifadə əsasında yaranır; 2. bina üzrə xidmətlər (lift, təmizlik, işıqlandırma və s.) davamlı şəkildə göstərilir; 3. İddiaçı bu xidmətlərdən faktiki istifadə edir. Bu hallar hüquqi baxımdan faktiki xidmətə görə ödəniş öhdəliyinin yaranmasını təsdiq edir. MMMC tərəfindən tətbiq edilən xidmət haqqı binanın saxlanması üçün zəruri xərclərə uyğun müəyyən edilmişdir. İddiaçı tərəfindən isə tarifin əsassız olmasını təsdiq edən hər hansı ekspert rəyi təqdim edilməmişdir. 2. maliyyə sənədləri və ya alternativ hesablamalar göstərilməmişdir. Bu baxımdan iddiaçı öz tələblərini sübut edə bilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş artıq ödəniş iddiası hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, ödənişlər mövcud və tətbiq edilən tarif əsasında həyata keçirilmişdir; xidmətlər faktiki göstərilmişdir; MMMC tərəfindən əsassız gəlir əldə edilməsi sübuta yetirilməmişdir. Bu səbəbdən təqdim olunan iddia "əsassız varlanma" kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən, ümumi yığıncağın qərarından şikayət həmin qərarın qəbul edildiyini bildiyi və ya bilməli olduğu gündən etibarən 6 ay müddətində verilə bilər. ##.##.2021-ci il tarixli qərardan etibarən uzun müddət keçməsinə baxmayaraq, İddiaçı bu müddət ərzində həmin qərarı mübahisələndirməmiş, əksinə, ödənişləri davamlı şəkildə həyata keçirmişdir. Bu isə iddiaçının faktiki olaraq mövcud hüquqi vəziyyətlə razılaşdığını göstərir və iddianın müddət baxımından da əsassız olduğunu təsdiq edir. İddiaçının başqa məhkəmə qərarına istinad etməsi hüquqi baxımdan əsaslı deyildir. Azərbaycan Respublikasının hüquq sistemi presedent hüququna əsaslanmadığından, digər işlər üzrə qəbul edilmiş qərarlar bu iş üzrə məcburi hüquqi qüvvəyə malik deyildir. İddiaçı tərəfindən keçmiş dövr üzrə yenidən hesablanma tələbi hüquqi sabitlik prinsipinə ziddir. Xidmətlər göstərilmiş, ödənişlər həyata keçirilmiş və hüquqi münasibətlər formalaşmışdır. Sonradan bu münasibətlərin geriyə dəyişdirilməsi hüquqi müəyyənlik prinsipini pozur.

23. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMMC-dən 781,44 (yeddi yüz səksən bir manat qırx dörd qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Məhkəmə iddia tələbinin Cavabdeh MMMC-dən iddiaçının xeyrinə 781 (yeddi yüz səksən bir) manat 44 qəpik məbləğində artıq ödənilmiş pul vəsaitinin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iddiaçı kommunal haqların ödənilməsi öhdəliyini mübahisələndirməmiş, sadəcə olaraq ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan dövr üçün tərəfindən artıq ödənilmiş vəsaitin ona geri qaytarılmasını tələb etmişdir. İddiaçı iddiasının əsasını təşkil edən hal olaraq yuxarı instansiya məhkəməsinin qətnaməsində müəyyən edilən hallara istinad etmiş və kommunal haqların aylıq 0,40 manat/kv.m məbləğində hesablanmasını, bununla da artıq ödədiyi pulun qaytarılmasını xahiş etmişdir.

Məhkəmə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsində qeyd edilən mövqe ilə razılaşaraq bu nəticəyə gəlir ki, əgər çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri üçün məcburi olan idarəçilik və xidmət haqları barədə ümumi yığıncağın etibarlı qərarı təqdim edilməyibsə, o halda məhkəmə yalnız təqdim olunmuş protokolların məzmununa və orada göstərilən tariflərin nəzərdən keçirilmiş və müzakirə olunmuş variantlarına istinad edə bilər. Bu sənədlərin təhlili göstərir ki, müxtəlif illərdə fərqli tariflər müəyyən edilməsinə baxmayaraq, onların heç biri qanunun tələb etdiyi formada qəbul edilmiş yekun qərarla rəsmiləşdirilməmişdir. Buna görə də, məhkəmə mövcud vəziyyətdə ədalətlilik və nisbətlilik prinsiplərini rəhbər tutaraq, təqdim olunmuş protokollar arasında ən aşağı tarif olan ##.##.2018-ci il tarixli protokolda göstərilmiş 0,40 manat/kv.m məbləğini əsas götürür. Məhkəmənin qənaətinə görə, bu yanaşma həm mülkiyyətçilərin bərabər hüquqluluğu prinsipinə, həm də idarəetmə xərclərinin proporsional bölünməsi tələbinə uyğun gəlir. Əks halda, hüquqi qüvvəyə malik qərar olmadan, sonrakı illərdə ayrı-ayrı şəxslər tərəfindən təklif edilmiş və ya müvəqqəti razılaşdırılmış tariflərin tətbiqi qanunilik prinsipini pozar, mübahisə doğurar və cavabdehlərin üzərinə əsassız maliyyə öhdəliyi qoyulmuş olardı. Beləliklə, ümumi yığıncağın qərarı ilə təsdiqlənməmiş tariflər əsasında borcun hesablanması mümkün deyil və iş üzrə yalnız ##.##.2018-ci il tarixli protokolda göstərilən 0,40 manat/kv.m məbləği hüquqi baxımdan əsas götürülməlidir. Təqdim edilən qəbzlərdən görünür ki, iddiaçı tərəfindən kommunal haqların dəyəri olaraq 2023-2025-ci illərdə, ümumilikdə 36 ay ərzində 1953,60 manat vəsait ödənilmişdir.

Aparılan hesablama nəticəsində müəyyən edilir ki, iddiaçının 36 ay ərzində ödəməli olduğu kommunal haqq 1172,16 manatdır (81.40 kv.m x 0.4 manat/kv.m x 36 ay).

Odur ki, həmin rəqəmlər arasında olan fərq nəzərə alınmalı və iddiaçı tərəfindən artıq ödənilmiş 781.44 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə iddia tələbinin cavabdehə mənzil üzrə gələcək hesablamaları 1 kv.m üçün 0,4 manat tarif əsasında aparmaq öhdəliyinin qoyulması və cavabdeh tərəfindən iddiaçıya məxsus mənzil üzrə 2023-cü ilin yanvar ayından 2025-ci ilin avqust ayınadək aparılmış hesablamalara yenidən baxılaraq müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması hissəsinə münasibətdə hesab edir ki, qeyd edilən hissələrdə iddia tələbi təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək MMMC-nin hüququ hesab edilir və bununla bağlı onun üzərinə hər hansı öhdəlik qoyula bilməz.

25. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə Mənzil Məcəlləsinin 2.1-ci, 45.5-ci, 119.1-ci, 122.1.3-cü, 122.3-cü, 135.1-ci, 135.2-ci, 136.2-ci, 137.1-ci, 137.4-cü, 137.5-ci, 137.6-cı, 137.10-cu, 138.1-ci, 138.5-ci, Mülki Məcəllənin 425.1-ci, 439.4-cü, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli və “M.Bağırovun şikayəti üzrə” 2008-ci il ## #### tarixli Qərarlarına istinad etmişdir.

26. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

27. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

28. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

34. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

38. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

39. Maddə 2.1. Fziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

40. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.

41. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

42. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

43. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək.

44. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

45. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

46. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

47. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

48. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.

49. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.

50. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

51. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

52. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

53. Maddə 139.2. Yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir.

54. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

55. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.

56. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.

57. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.

58. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

64. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

67. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

70. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq, iddiaçı qətnaməni mübahisələndirməmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

71. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazda irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

72. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün (mübahisələndirilən hissədə) əsas yoxdur.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səadət Səlimova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar