Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4614/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdehlər- cavabdeh1 və cavabdeh1 Qarabağ Regional Mədəniyyət Idarəsinə qarşı “cavabdeh1 Qarabağ" Regional Mədəniyyət Idarəsi Fizuli Rayonu Şəkərcik kənd Uşaq Musiqi Məktəbinin ##.##.2026-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin məktəbə "Fortepiano ixtisası üzrə əsas müəllim" vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-sənətşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Milli Konservatoriyasına həvalə edilmiş, mütəxəssis rəyi məhkəməyə daxil olanadək mülki iş üzrə icraat dayandırılmışdır.
3. Iddiaçı həmin qərardaddan şikayət vermiş, iş üzrə icraatın dayandırılmasının əsassız olduğunu qeyd edərək qərardadın həmin hissəsinin ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
4. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
8. Məhkəmə hazırkı mülki iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
9. Belə ki, MPM-in 254 və 255-ci maddələri iş üzrə icraatın dayandırılmasının iki fərqli qaydası müəyyən edilmişdir. MPM-in 254-cü maddəsində nəzərdə tutlan əsaslar olduqda iş üzrə icraatın dayandırılmasının məhkəmənin vəzifəsi kimi, MPM-in 255-ci maddəsində təsbit olunan əsaslar olduqda isə iş üzrə icraatı dayandırmağın məhkəmənin hüququ olduğu müəyyən edilmişdir.
10. MPM-in 255.0-cı maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: ...255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;
11. Göründüyü kimi, prosessual qanuna görə ekspertiza təyin edilən iş üzrə məhkəmə tərəfindən icraatın dayandırılması mümkündür. Yuxarıda da qeyd edildiyi kimi, bu halda icraatın dayandırılması məhkəmənin hüququ olaraq müəyyən olunmuşdur.
12. Bundan başqa, iddiaçının şikayətindən məlum olur ki, o, daha çox iş üzrə icraatın dayandırılmasının əsaslarından narazıdır.
13. Məhkəmə bununla bağlı xüsusi olaraq qeyd edir ki, bir sıra hallarda iş üzrə icraatın dayandırılması öz-özlüyündə zahirən prosessual qanunvericiliyin formal tələbləri baxımından əsaslı görünsə də, lakin dayandırmanı şərtləndirən halın özü əsaslı olmaya bilər. Qeyd olunmalıdır ki, dayandırmanın əsaslandığı halların ayrılıqda mübahisələndirilə bilməsinə dair MPM-də birbaşa göstəriş nəzərdə tutulmamışdır. Bununla belə, iş üzrə icraatın dayandırılmasını tənzimləyən normaların sistematik təhlilindən belə qənaət hasil olur ki, əslində dayandırma qərardadından şikayət verilərkən yoxlanılmalı əsas elə dayandırmaya əsas olmuş halın özüdür. Həm də nəzərə almaq lazımdır ki, icraatın dayandırılması nəticə olmaqla, mütləq şəkildə onun əsasında duran hansısa bir hala bağlıdır. Həmin halın baxılan iş üzrə yekun nəticəyə gəlmək üçün hansı əhəmiyyətinin olması olduqca vacibdir. Bəzən ola bilər ki, dayandırmaya əsas olmuş hal müəyyən olunmadan iş üzrə yekun nəticəyə gəlmək mümkünsüz olur. Belə vəziyyətdə icraatın dayandırılması qaçılmazdır. Amma bəzən ola bilir ki, formal olaraq qanunda sadalanan icraatın dayandırılması əsası olsa da, dayandırmaya əsas olan halın özü dayandırma üçün yetərli əsas olmaya bilər. Məsələn, iddiaçı A. ##.##.2023-cü il tarixli yazılı borc müqaviləsinə əsasən cavabdeh B-yə qarşı bir il müddətinə verdiyi 25.000 manat borcun tutulmasına dair məhkəməyə müraciət edir. Iddiaçı ərizəsinə yazılı borc müqaviləsinin əslini əlavə edir. Cavabdeh B iddiaya etiraz edir və bildirir ki, o, iddiaçıya olan borcunu qaytarmışdır. Mülki işə baxılarkən müəyyən olunur ki, iddiaçı hərbi xidmətdədir. MPM-in 255.0.1-ci maddəsinin formal tələbinə görə məhkəmə bu halda iş üzrə icraatı dayandıra bilər. Indi baxaq görək, ədalət mühakiməsinin səmərəliliyi, prosessual qənaət, eləcə də işlərə ağlabatan müddətlərdə baxılması prinsipləri baxımından bu halda icraatın dayandırılmasına haqq qazandırıla bilərmi, əlbətdə ki, yox. Belə ki, bu halda icraatın dayandırılması üçün istinad olunan hal, yəni iddiaçının hərbi xidmətdə olması iş üzrə yekun nəticəyə gəlinməsi üçün heç bir maneə yaratmır. Çünki cavabdeh borcun qaytarılmasına istinad edirsə, o, bu halı sübut etməlidir, bunun üçün iddiaçının iştirakının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda isə məlum olur ki, oxşar vəziyyətdə şikayətin edilməsi halında məhkəmələr dayandırmaya əsas olan halın özünün əsaslığını və baxılan iş üzün zəruriliyini (qaçılmazlığını) yoxlamalıdır.
14. Demək ki, iş üzrə icraatın dayandırılmasından şikayət verildikdə, ilkin olaraq və mütləq qaydada dayandırmanın əsasını təşkil edən halın özü yoxlanılmalı və buna müvafiq qənaətə gəlinməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu məsələyə hər hansı əks yanaşma, dayandırmaya dair qəradadlardan şikayətin verilməsini əhəmiyyətsiz etmiş olardı. Çünki əksər hallarda iş üzrə icraatın dayandırılması zamanı MPM-in müvafiq maddəsinə istinad olunur və bu zaman formal olaraq həmin qərardadın əsaslı olduğu görünür. Əgər dayandırmaya əsas olmuş halın özü yoxlanılmazsa, onda dayandırma hər bir halda əsaslı olacaqdır, madam beləysə, onda prosessual qanunvericilikdə dayandırma qərardadlarından şikayətin nəzərdə tutulmasının heç bir anlamı qalmazdı. Belə olan halda aydın olur ki, MPM-də dayandırma qəradadlarından şikayətin nəzərdə tutulmasında güdülən məqsəd aşkar şəkildə dayandırmaya əsas verən halın özünün yoxlanılmasına yönəlməklə, məhz onu ehtiva edir.
15. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli mülki işdə iddiaçı cavabdehə qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmişdir. Rayon məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçının aylıq əmək haqqının məbləğinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına məhkəmə tapşırığının göndərilməsi qərara alınmış və məhkəmə tapşırığına cavab alınanadək iş üzrə icraat dayandırılmışdır. Iddiaçı həmin qərardaddan şikayət vermişdir. Məhkəmə rayon məhkəməsinin mübahisələndirilən dayandırma qərardadının əsasında dayanan halı yoxlayaraq belə qənaətə gəlmişdir ki, həmin hal, yəni alimentin tutulması üçün iddiaçının aylıq əmək haqqının müəyyən olunmasından ötrü xarici dövlətin məhkəmələrinə məhkəmə tapşırığının verilməsi öz-özlüyündə dayanıqlı olmamışdır, bundan başqa, həmin hal iddiaçının nikahın pozulması tələbinə aid hissədə məhkəməyə mahiyyəti üzrə yekun nəticəyə gəlməyə maneə deyildir. Çünki rayon məhkəməsi həmin hissədə tələbi ayrıca icraata ayırmaqla ona vaxtında baxa bilərdi, eləcə də aliment tutulması da hər bir halda iddiaçının qazanc və digər gəlirlərinin ¼ hissəsində müəyyən edilməlidir. Demək ki, belə vəziyyətdə iddiaçının aylıq əmək haqqının məbləğinin müəyyən olunmasının əhəmiyyəti qalmır. Bundan başqa, iddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə ##.##.2024-cü il tarixində rayon məhkəməsinə müraciət etmişdir. MPM-in 172.1-ci və 172.1.3-cü maddələrinə əsasən onun bu tələbinə dair ərizəsinə dörd aydan gec olmayaraq baxılmaqla qətnamə çıxarılmalıdır. Bununla da müəyyən olunur ki, iddiaçıya münasibətdə rayon məhkəməsi tərəfindən onun işinə ağlabatan müddətlərdə baxılmasına dair tələb gözlənilməmişdir.
16. Hazırkı işdə isə vəziyyət fərqlidir. Belə ki, iddiaçı rayon məhkəməsinə verdiyi izahatında (səh. 76) attestasiyanın düzgün aparılmadığını, ona qarşı qərəzlilik olduğunu, suallara düzgün cavab versə də, düzgün qiymətləndirilmədiyini bildirmiş, sədrlik edənin sualına cavabında mütəxəssis rəyinin alınmasına etiraz etmədiyini qeyd etmişdir.
17. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, hazırda rayon məhkəməsinin mübahisələndirilən dayandırma qərardadının əsasında dayanan halın yoxlanılması belə qənaətə gəlməyə əsas verir ki, iş üzrə ekspertizanın təyin edilməsi zəruri olmuşdur. Demək ki, rayon məhkəməsinin ekspertiza təyin etməsi və müvafiq olaraq da bununla əlaqədar mülki iş üzrə icraatı dayandırması MPM-in tələblərinə uyğun olmuşdur.
18. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.