Məhkəmə qərarları › İş №e-2(3-8)-752/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-752/2026

30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-752/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: müqavilə üzrə yaranmış borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı QSC-nin nümayəndələri nümayəndə2 və nümayəndə1 İsmayıl oğlunun, cavabdeh Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı QSC-nin xeyrinə XLQ****** saylı ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 395 manat əsas borc, 59,25 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış XLQ****** saylı, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 395 manat dəyərində aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə «xxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən «xxxx» MMCnın cavabdeh Cavabdeh qarşı olan 395 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişləri etməmiş, üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehin hazırki tarixə 395 manat əsas borcu, 59,25 manat cərimə borcu yaranmışdır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 395 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 400 manat və ödənilmiş dövlət rüsumu üçün 30,40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh XLQ****** saylı ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-yə 395 manat əsas borc, 59,25 manat cərimə borcu olmaqla, cəmi 454,25 manat borcu vardır. Müqavilə üzrə hesablanmış 59,25 manat cərimənin məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4, 194.1, 196,655.1, 442, 443.1, 445.1, 448.1, 462.1, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla, “xxxx” MMC arasında ##.##.2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtinə görə o, dəyəri 395 manat manat olan məhsul (“Skuter”) götürərərk həmin məbləği 12 ay ərzində hər ay ödəniş etmək şərtilə razılığa gəlmişik. Götürdüyü məhsula dair 3 ay zəmanət talonu da verilmişdir. Lakin götürdüyü məhsul (skuter) 10 gün ərzində sıradan çıxmış və məcbur qalıb məhsulu aldığı “xxxx” MMC-yə geri qaytarmışdır ki, məhsulu təmir etdirsinlər. Çox təəssüflər olsun ki, “xxxx” MMC tərəfindən ona məhsulun nə zaman təmir olunacağı barədə heç bir məlumat verməmiş və məhsulu da özlərində saxlamışlarr. Hər dəfə “xxxx” MMC ilə əlaqə saxlayıb məhsulun təmiri barədə məlumat almaq istədikdə hər dəfə müxtəlif bəhanələr gətirməyə başladılar. Hətta məcbur qalıb bununla bağlı iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etdim, lakin bunun da bir nəticəsi olmamışdır. Qətnamənin mövcudluğundan isə icra məmurunun onunla əlaqə saxlamasından sonra məlumatı olmuşdur. İddiaçı İddiaçı MMC-nin ona qarşı mövcud tələbinin olduğu ilə bağlı ona hər hansı bir sms bildiriş və ya məktub göndərilməmişdir. Məhkəmə iclaslarından məlumatı olsaydı bütün bu faktlar barədə məlumat verərdi. Təəssüflər olsun ki, məhkəmə iclasları barədə məlumat verilməmişdir və çəkişmə prinsipi pozulmuşdur. Buna görə də Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)-4455\**** nömrəli Qətnaməsi qanunsuz və əsassızdır və birbaşa iddiaçının maraqlarına xidmət etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı təşkilat tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, dəyəri 395 manat olan məhsul (skuter) götürmüş, həmin məbləği 12 ay ərzində hər ay ödəniş etmək şərtilə razılığa gəlmişlər. Skuter 1 həftə sonra xarab çıxmışdır. Məhsulu təmir adı ilə ondan geri götürmüşlər. Aylarla məhsulun təmir olunmasını gözləsə də məhsul təmir olunmamışdır. Daha sonra iddiaçıya yaxılaşaraq məhsulu ondan götürsələr də təmir etmədiklərini, müxtəlif bəhanələrlə məsələnin həllini yubatdıqlarını bildirmişdir. İddiaçı QSC ona Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyi tövsiyə etmiş, həmin quruma müraciət etmişdir. Bildirdilər ki, ekspert rəyi olmadığından məhsul barədə rəy bildirə bilməzlər. Daha sonra mağazaya müraciət etmiş, məhsulun Çindən gələn ehtiyat hissəsi üçün 150 manat tələb etmişdirlər. Nəticə olaraq məhsul təmir olunmamış, borc isə üzərində qalmışdır. İlk olaraq təmir edəcəklərini bildirərək bir neçə ay yubatmışar. Məhsulun hansı səbəbdən xarab olduğu ona məlum deyil, işlədiyi yerdə dayanmışdır. Məhsulu mağazaya qaytarmış, lakin pulunu verməmişdir. xxxx" MMC-yə müraciət etmiş, bildiriblər ki, məhsulun xarab olan hissəsi Çindən gətirilməlidir, gah təmiri yubatdılar, ustalarının olmadığını bildirdilər. Ona məhsulda qum və su aşkarlandığı bildirilməmişdir. Məhsulu 10 gün sonra geri qaytarmışlar, su və qum yığışmasına səbəb olacaq şəkildə istifadə etməmişlər. Məhsul təhvil veriləndən 5-6 ay sonra Çindən məhsulun qüsurunun aradan qaldırılması üçün ehtiyat hissəsinin gətirilməsi ilə bağlı 150 manat tələb edilmiş, lakin həmin məbləği ödəməkdən imtina etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı QSC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 395 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Alıcı və satıcı arasında olan münasibətlərdən agah deyilik. Cavabdeh tərəfindən ödənişlər edilmədiyindən məhkəmədə iddia qaldırılmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, məhsul "xxxx" MMC-yə təhvil verilmiş, lakin bunu təsdiq edən təhvil-təslim aktı mövcud deyildir. Eyni zamanda cavabdeh məhsulun 3 aylıq zəmanət talonun olduğunu bildirmiş, lakin məhsulda hansı səbəbdən qüsur yaranması müəyyən deyildir. Satıcı ilə aramızda bağlanmış faktorinq müqaviləsinə görə alıcı və satıcı arasında mübahisələrə faktor məsuliyyət daşımır. "xxxx" MMC onlara dəqiq məlumat vermir, cavabdehin bildirdiyinə görə əşya qüsurlu olduğuna mağazaya qaytarıb. Şifahi danışıqlar zamanı "xxxx" MMC məhsulun onlara qaytarıldığını bildirmişdir, digər məsələlərlə bağlı detallı məlumatı yoxdur. Tələbin güzəşti məhsul satıldıqdan 5 gün sonra həyata keçirilmişdir. Cavabdeh onlara rəsmi müraciət etməmişdir. "xxxx" MMC ilə əlaqə saxlamışlar, məhsulun geri qaytarıldığını bildirmişdir. "xxxx" MMC ilə şifahi danışıqlar aparmışlar, məhsulun təmir olunaraq geri qaytarılıb-qaytarılmadığın dəqiq bilmir, onlar rəsmi cavab verməmişlər, ona görə də hazırki məqamda ödədikləri pulu cavabdehdən tələb edirlər.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı QSC-nin nümayəndəsi nümayəndə1 İsmayıl oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, “xxxx” MMC əlaqə saxlamışlar və onlara bildirilmişdir ki, cavabdeh skuter almış və bir aydan sonra skuterin xarab olması ilə bağlı müraciət etmişdir. Ofis əməkdaşları tərəfindən məhsul diaqnostika olunmuş, zavod detallarında heç bir problem olmadığı və istehlakçı tərəfindən istifadə zamanı yaranan qüsur olması aşkar edilmişdir. Servisin tərtib etdiyi akta əsasən su və qum skuterin kontrollerinin iş mexanizmini pozmuşdur. Kontrollerin qiymətinin 150 manat olduğunu bildirmiş, müştəriyə dəyişməyi təklif etmişlər. Lakin qarşı tərəf ümumiyyətlə məhsulu partnyorumuzdan götürmək niyyətində olmamışdır. Bu səbəbdən mövcud qüsur sonradan yaranmışdır, bu barədə akt tərtib olunmuş, müştəriyə məlumat verilmişdir. Məhsul hazırda satıcıdadır, təmir olunub-olunmadığını bilmir, satıcı ilə əməkdaşlığa son vermişlər.

İşdə olan sübutlar

13. XLQ****** saylı ##.##.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh «xxxx» MMC-dən 395 manat dəyərində aldığı malın dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

14. Mülki işin materiallarında olan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişdən müəyyən edilir ki, «xxxx» MMC-nin Cavabdeh qarşı olan 395 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir.

15. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh XLQ****** saylı ##.##.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-yə 395 manat əsas borc, 59,25 manat cərimə borcu olmaqla, cəmi 454,25 manat borcu vardır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

565. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər.

17. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

20. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, XLQ****** saylı ##.##.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh «xxxx» MMC-dən 395 manat dəyərində aldığı malın dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Məhsulda yaranmış qüsur səbəbindən müştəri tərəfindən məhsul «xxxx» MMC-yə qaytarılmış, hətta istehlakıçı hüquqlarının müdafiəsi ilə bağlı Antiinhisar və istehlak Bazarına Nəzarət dövlət Xidmətinə də müraciət etmişdir. Hazırki gündə də məhsul satıcıdadır. Məhsuldakı qüsurun alıcının təqsirli hərəkətləri nəticəsində yaranması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hərçənd ki, alıcı tərəfindən məhsul qüsura görə qaytarıldığı halda qüsurun alıcının təqsirli hərəkətləri nəticəsində yaranması ilə bağlı onun iştirakı ilə müvafiq araşdırma aparılmalı və sənədləşdirilməli idi. Satıcı isə əşyanın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq, əşyadakı qüsür barədə hər hansı bir rəsmi etiraz göndərməyərək hərəkətsizlik etmişdri ki, bununla da məhkəmə kollegiyası cavabdehə bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya vermədiyi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 624.4-cü maddəsinin tələbinə uyğun olaraq, cavabdeh alıcı alğı-satqı müqaviləsinin icrasından haqlı olaraq imtina etmişdir. İşin qeyd edilən halları birinci instaniya məhkəməsi tərəfindən müəyyən edilmədiyindən, birinci birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsassız olmuşdur. Mülki Məcəllənin 657.7-ci maddəsinin tələbinə müvafiq olaraq isə cavabdehin satıcıya qarşı olan etirazını haqlı olaraq iddiaçıya qarşı sürmüşdür.

21. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir, qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar