Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-433/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı Kərəmov İntiqam Abbas oğlunun, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Kərəmov İntiqam Abbas oğlunun cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin məcburi qaydada sökülməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Kərəmov İntiqam Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Kərəmov İntiqam Abbas oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, “qanunsuz tikilinin məcburi qaydada sökülməsi” barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, ev 120 A ünvanında 2012-ci ildə inşa edilmiş və dörd bir tərəfdən mişar daşı ilə hasara alınmış iki mərtəbəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həm torpaq sahəsi, həm də ev mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, hazırkı iş üzrə cavabdeh Cavabdeh qonşuluq münasibətlərini pozaraq, ara məsafəsini 2 metrdən az saxlamaqla üç mərtəbəli ev inşa etdirmiş, bununla onun öz mənzilinin pəncərə və nəfəsliklərindən istifadəsini tamamilə bağlamış, otaqlara hava daxil olmasının qarşısını kəsmiş, eyni zamanda evinin 3-cü mərtəbəsindən onun evinə doğru açdırdığı pəncərədən onun hamam, ayaqyolu, mətbəx və yataq otağının daxilini görməklə öz mənzilindən rahat istifadə etməsinə maneə yaratmışdır. İddiaçı cavabdehə bu barədə dəfələrlə iradını bildirmiş, etiraz etmiş, lakin cavabdeh iddiaçının iradlarına əhəmiyyət verməmişdir. Faktiki olaraq iddiaçıya məxsus yaşayış sahəsindən rahat istifadə edilməsinə ciddi maneçiliklər yaranmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Səbuhi Səfərov) ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 120 A ünvanında 0.0365 hektar torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi Kərəmov İntiqam Abbas oğlunun adına rəsmiləşdirilmişdir. - Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən yazılmış ## ##### 2025-ci il tarixli, *-**- */*-K-*-***/**** saylı məktubun surətindən görünür ki, iş üzrə cavabdeh Cavabdeh tikinti işlərinin dayandırılması tələb edilmiş və qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və Beyləqan rayon Polis şöbəsinə müraciət olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəsi tərəfindən yazılmış ## ##### 2025-ci il tarixli, *-**-*/*-Kol-***-**-***/**** saylı məktubun surətindən görünür ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən yazılmış ## ### 2025-ci il tarixli, *-**-*/*-K-***-***/SO/**** saylı məktubun surətindən görünür ki, iş üzrə cavabdeh Cavabdeh tərəfindən həyata keçirilən tikinti işləri Agentliyin tələbi ilə dayandırılmışdır. - “Məhkəmə tikinti-texniki” ekspertizasının keçirilməsinə dair ## ###### 2025-ci il tarixli, **/**** saylı rəydən görünür ki, iş üzrə cavabdeh Cavabdeh Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 1 ünvanında inşa etdirdiyi tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Belə ki, həmin tikilinin xarici divarının hündürlüyü 9.4 metr olduğundan müvafiq normaların tələblərinə əsasən ara məsafəsi 2.82 metr (9.4x0.3) müəyyən olunur. Lakin, faktiki vəziyyətdə iddiaçı ilə sərhəd istiqamətində 1.7 metr, digər qonşulara münasibətdə isə 0.6 və 0.4 metr məsafə saxlanılmışdır. - ## ###### 2026-cı il tarixli “Yerində müayinə protokolu”ndan görünür ki, Cavabdeh tərəfindən Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ev 1 ünvanında inşa edilmiş tikili yalnız daş və beton konstruksiyadan ibarət 3 mərtəbəli olmaqla, birinci mərtəbənin döşəməsindən üçüncü mərtəbənin tavanına qədər olan hündürlüyü 10 metrlik metrə ilə ölçüldü və 9 metr 63 sm, eninin 10 metr 5 sm və uzunluğunun isə 14 metr, iddiaçı Kərəmov İntiqam Abbas oğluna məxsus torpaq sahəsində olan fərdi yaşayış evinin divarına qədər olan məsafənin 2 metr 20 sm olduğu müəyyən olundu. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ikinci mərtəbəsinin hamam, mətbəx və yataq otağnının pəncərələrindən cavabdeh Cavabdeh inşa etdirdiyi tikiliyə baxarkən, həmin tikilinin üçüncü mərtəbəsində mövcud olan pəncərə yerindən iddiaçının evinin hamam, mətbəx və yataq otağının pəncərələri tam şəkildə görünür. İddiaçının deməsinə görə, cavabdehin inşa etdirdiyi həmin evin məhz qeyd olunan pəncərəsinin görüntüsü onun normal yaşayışına maneəçilik törədir. - Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ev 1 ünvanında inşa edilmiş tikilinin 3-cü mərtəbəsindən hazırkı iş üzrə iddiaçının yaşayış evi istiqamətində açılmış pəncərə yeri bağlanılmışdır. - ## #### 2025-ci il tarixli, ***** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsil ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh fərdi yaşayış evinin 3-cü mərtəbəsində inşa etmiş olduğu və iddiaçının evinin hamam, ayaqyolu, mətbəx və yataq otaqlarını görən pəncərəsini bağlamaqla, sonuncunun öz yaşayış evindən istifadəsinə yarada biləcəyi maneəni tam şəkildə aradan qaldırmış, eyni zamanda evlər arasında olan məsafə 2 metrdən artıq olduğuna görə günəş işığının düşməsi və havalanmanın qarşısının alınması praktiki olaraq mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə cavabdeh məlumatlandırma icraatını həyata keçirmədiyinə görə onun tərəfindən yol verilmiş qanunsuzluqların qarşısının alınmasına nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirdiyinə görə, məhz qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ da qeyd olunan quruma məxsusdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2-ci maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.8, 80.1, 80.2, 80.5, 92.4, 92.4.1, 95.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2004 cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarı, Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı Kərəmov İntiqam Abbas oğlu apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarış və fərdi yaşayış evinin texniki pasportundan aydın görünür ki, xüsusi mülkiyyətində olan fərdi yaşayış evi bütün tikinti norma və qaydalara və digər qanunvericilik aktlarının tələblərinə uyğun inşa edilmişdir və bu günədək heç bir qonşu və ya müvafiq icra orqanı tərəfindən aidiyyəti orqanlarda mübahisələndirilməmişdir. Belə olmasaydı onun yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmazdı. Onunla qonşu sərhəddə həyətyanı torpaq sahəsi olan cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericiliyin tələblərinə riayət etmədən qonşu ara məsafəsinin 1,70 metrliyində üç mərtəbəli fərdi yaşayış evi tikdirməyə başlamaqla onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur. Belə ki, cavabdeh həmin tikilini inşa etməklə evinin yaşayış otaqlarından ara məsafəyə açılan pəncərə və nəfəslikləri tamamilə istifadəsiz vəziyyətə salmışdır. Ona görə də onlar evlərində havasızlıqdan və nəmişlikdən həmin otaqlardan demək olar ki, istifadə edə bilmirlər. Bu barədə bir çox aidiyyəti orqanlara müraciət edərək tikintinin qanunsuz olması barədə məlumat verməklə həmin tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi barədə təcili təxirəsalınmaz tədbirlər görülməsini xahiş etmişdir. Müraciət və şikayətləri araşdırılan zaman Cavabdeh tikilinin inşasının araşdırmalar başa çatana kimi dayandırılması barədə müvafiq icra orqanları tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir və o, iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman o artıq tikilinin 3-cü mərtəbəsini tikirdi. İddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəsi əsasında Beyləqan Rayon Məhkəməsinin qərardadı ilə tikinti işlərinin cavabdeh və digərləri tərəfindən davam etdirilməsinə qadağa qoyulmuşdur. Tikilinin qanunsuz və özbaşına olması Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyi tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla onun mülkiyyətində olan torpaq sahəsi ilə ara məsafədə (sərhəddə), yəni ortaq divar yerində onun notariat qaydada razılığını almadan yaşayış evi tikdirməyə başlamış və həyətinə və evinə baxan pəncərələr qoymuşdur. Cavabdeh Cavabdeh tərəfindən həmin evin özülü qoyularkən o ona ara məsafədə (sərhəddə) yaşayış evinin tikintisinin və eləcə də onun həyətinə tərəf pəncərələrin qoyulmasının ciddi qanun pozuntusu olduğunu, ona görə də evini aralıq sərhədindən qanunla müəyyən olunmuş müəyyən məsafədən tikilməli olduğunu və əgər qonşu tərəfə pəncərə qoyularsa, qonşu kimi onun razılığının tələb olunduğunu və ya yaşayış evinin aralıq sərhəddən təqribən 4-5 metr aralıda tikilməli olduğunu, eləcə də buna razı olmadığını onun nəzərinə çatdırmağına və ona görə də tikintinin yerinin dəyişdirilməsini ondan xahiş və tələb etməyinə baxmayaraq o bütün bunlardan imtina etmişdir. Cavabdeh Cavabdeh bununla da onun mülkiyyət və qonşuluq hüquqlarını pozmuşdur ki, bu da qanunvericiliklə yolverilməz və dözülməzdir. Bütün işin bu hallarını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmiş və işin halları iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspertin rəyi ilə tam təsdiqini tapmışdır. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, həmin halları təsdiq edən sübutları əlaqəli şəkildə əsaslandırmamış, tərəflərə münasibətdə birtərəfli, ona münasibətdə qərəzli mövqe tutaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməklə dolayısı ilə cavabdeh tərəfin maraqlarını müdafiə etmiş, nəticədə qanunsuz, əsassız və ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etmiş, bununla da mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını və aşağıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilərkən cavabdeh tərəfindən tikilən yaşayış binasının hündürlüyünün yer səthidən 9 metrdən çox olmasını, ona görə də ara məsafəsinin 5 metrdən ( 9,4 m x 0.6 = 5,64m) artıq saxlanılmalı olmasını nəzərə almamış, qətnaməsində ara məsafəni divarın hündürlüyünün 0.3 hissə təşkil etməli olduğunu göstərmişdir. Halbuki, işdə olan ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş tikilinin “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəf tikintiyə başlamazdan əvvəl tələb olunan sənədləri, o cümlədən layihəni almamış, binanın qarşılıqlı razılaşma əsasında inşa etməmişdir. Halbuki, normanın tələbinə görə bu hal yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. İşə baxan məhkəmə bu halı nəzərə almamışdır. Qaydaların tələbindən görünür ki, yaşayış məntəqələrində inşa edilən bina ilə ara məsafə divar hündürlüyünün 0.6 hissəsində, barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsində tikilə bilər. İş materiallarından aydın görünür ki, cavabdeh tərəf Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1ci maddəsində tələb olunan tikintiyə başlamazdan əvvəl yerli icra hakimiyyətinə rəsmi məlumat verməsini və tələb olunan lazımi sənədlərini məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdeh tərəfindən inşa edilən yaşayış evi məlumatlandırma icraatı tətbiq edilən tikili hesab edilə bilməz. Lakin buna baxmayaraq işə baxan məhkəmə ara məsafəsini divar hündürlüyünün 0.3 hissə olması qənaətinə gəlmişdir. İşə baxan məhkəmə iddia tələbinin rədd edilməsinin əsası kimi qətnaməsində göstərir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə cavabdeh məlumatlandırma icraatını həyata keçirmədiyinə görə onun tərəfindən yol verilmiş qanunsuzluqların qarşısının alınmasına nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirdiyinə görə, məhz qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ da qeyd olunan quruma məxsusdur. Bildirir ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edəndən sonra istər məhkəmə hazırlıq, istərsə də məhkəmə baxışı iclaslarında işə baxan məhkəmə tərəfindən iddiaçının əsl iddiaçı ilə əvəz olunması məsələsi müzakirə olunmamış, bu barədə ona münasibət bildirmək təklif olunmamışdır. Bu barədə məlumatı yalnız məhkəmə qətnaməsini aldıqdan sonra məlumatı olmuşdur. İddiaçı tərəfin iddia tələbinin əsaslı olması və cavabdehin inşa etdirdiyi tikilinin qanunsuz olması cavabdehin qonşu sərhədin (ara məsafə) 1.70 metrliyində yaşayış evi tikməsi, evin hündürlüyünün 9.4 metr olması, iddiaçının xüsusi mülkiyyətində olan həyətə və evə sarı pəncərələr qoyması, cavabdehin həmin evin tikintisinə başlamazdan əvvəl yerli icra hakimiyyətinə rəsmi məlumat verməsini və tələb olunan lazımi sənədlərinin olmaması, tikili qanunsuz olduğundan Fövqəlada Hallar Nazirliyi tərəfindən tikintinin dayandırılması barədə məktubu ilə tam sübut olunur. İşə baxan məhkəmə cavabdehin inşa etdirdiyi tikilinin qanunsuz olması cavabdehin qonşu sərhədin (ara məsafə) 1.70 metrliyində yaşayış evi tikdirməsi, evin hündürlüyünün 9.4 metr olması, iddiaçının xüsusi mülkiyyətində olan həyətə və evə sarı pəncərələr qoyması, cavabdehin həmin evin tikintisinə başlamazdan əvvəl yerli icra hakimiyyətinə rəsmi məlumat verməsini və tələb olunan lazımi sənədlərinin olmaması, tikili qanunsuz olduğundan Fövqəlada Hallar Nazirliyi tərəfindən tikintinin rəsmi qaydada dayandırılması, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadı ilə ekspertizanın qarşısında qoyulmuş 1-ci sualı üzrə rəy verilməməsi kimi işin hallarını düzgün aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Kərəmov İntiqam Abbas oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.8-ci maddəsinə əsasən ara məsafəsi ilə bağlı müfəssəl qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir. 92.4 və 92.4.1-ci maddələrinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. İddia tələbi təmin edilmədiyindən iddaçı qətnaməni tam mübahisələndirir. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(020)- 1433/2025 saylı qətnaməsini iddiaçı Kərəmov İntiqam Abbas oğlunun apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində iddia tələbinin rədd edilmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi iddiaçı Kərəmov İntiqam Abbas oğlunun iddia tələbinin mahiyyətindən müəyyən edir ki, iddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin məcburi qaydada sökülməsi” tələbi ilə məhkəməyə iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, o, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, ev 120 A ünvanında 2012-ci ildə inşa edilmiş və dörd bir tərəfdən mişar daşı ilə hasara alınmış iki mərtəbəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həm torpaq sahəsi və həm də ev mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, hazırkı iş üzrə cavabdeh Cavabdeh qonşuluq münasibətlərini pozaraq, ara məsafəsini 2 metrdən az saxlamaqla üç mərtəbəli ev inşa etdirmiş, bununla onun öz mənzilinin pəncərə və nəfəsliklərindən istifadəsini tamamilə bağlamış, otaqlara hava daxil olmasının qarşısını kəsmiş, eyni zamanda evinin 3-cü mərtəbəsindən onun evinə doğru açdırdığı pəncərədən onun hamam, ayaqyolu, mətbəx və yataq otağının daxilini görməklə öz mənzilindən rahat istifadə etməsinə maneə yaratmışdır. Cavabdeh Cavabdeh iddia tələbinə etirazından müəyyən edilir ki, o, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 1 ünvanında mülkiyyətində olan torpaq sahəsində (cavabdehin inşa etdiyi fərdi yaşayış evinin mülkiyyətində olan torpaq sahəsində tikilməsi işin mübahisəsiz halı kimi müəyyən olunur.) qanuni əsaslarla özünə məxsus üç mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bundan başqa cavabdeh Cavabdeh bildirir ki, qonşusu Kərəmov İntiqam Abbas oğlunun tikiliyə etirazını nəzərə (etirazın əsasları qonşuluq münasibətlərini pozaraq, ara məsafəsini 2 metrdən az saxlamaqla üç mərtəbəli ev inşa etdirmiş, bununla onun öz mənzilinin pəncərə və nəfəsliklərindən istifadəsini tamamilə bağlamış, otaqlara hava daxil olmasının qarşısını kəsmiş, eyni zamanda evinin 3-cü mərtəbəsindən onun evinə doğru açdırdığı pəncərədən onun hamam, ayaqyolu, mətbəx və yataq otağının daxilini görməklə öz mənzilindən rahat istifadə etməsinə maneə yaratması kimi göstərilmişdir.) alaraq Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ev 1 ünvanında inşa edilmiş tikilinin 3-cü mərtəbəsindən hazırkı iş üzrə iddiaçının yaşayış evi istiqamətində açılmış pəncərə yeri bağlanılmışdır. Bu hal iş materiallarına əlavə edilmiş foto şəkillərlə də, təsdiq olunur. Məhkəmə tərkibi həm iddiaçı həm də cavabdeh tərəfindən tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla bağlı müqayisəli tədqiqat apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, iddia tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün cavabdehin iddiaçının hansı hüquqlarını pozmasının araşdırılması zəruridir. Bu baxımdan məhkəmə tərkibi müəyyən edir ki, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikilidə açılmış pəncərə vasitəsilə onun hamam, ayaqyolu və digər yaşayış sahələrinin görünməsini öz hüquqlarının pozuntusu kimi qiymətləndirmişdir. Lakin iş materiallarından, tərəflərin izahatlarından o cümlədən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh tərəfindən həmin pəncərə sonradan bağlanmışdır. Bununla da iddiaçının istinad etdiyi şəxsi həyatın toxunulmazlığına müdaxilə ilə bağlı hal aradan qaldırılmışdır. Apellyasiya şikayətinin günəş işığının düşməməsi, otaqlarda nəmişliyin olması dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, tərəflərin yaşayış evləri arasında olan məsafə 2 metrdən artıqdır. Bu isə tikinti normaları və ümumi yaşayış qaydaları baxımından günəş işığının düşməsinin və təbii havalanmanın tam şəkildə qarşısının alınması barədə dəlilləri inandırıcı etmir. İddiaçı tərəfindən bu halların real və əhəmiyyətli şəkildə baş verdiyini təsdiq edən hər hansı mötəbər sübut da təqdim olunmamışdır. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş digər dəlillər-tikintinin qanunsuz aparılması, ara məsafəsinin pozulması və müvafiq icazələrin alınmaması ilə bağlı hallar mahiyyət etibarilə tikintinin hüquqi rejiminə dair məsələlərdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyətçi olaraq cavabdeh Cavabdeh öz əmlakından sərbəst istifadə etmək hüququna malikdir. Yəni cavabdeh C. Əsədov öz torpaq sahəsində ev tikə bilər, bu zaman nəzərə alınmalı hallar qonşuluq münasibətlərinin qanunvericiliyə uyğun həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 171-174-cü maddələrində qonşuluq münasibətləri tənzimlənir. Burada əsas prinsip belədir, mülkiyyətçi öz hüquqlarını həyata keçirərkən qonşuların hüquqlarını pozmamalıdır. Xüsusilə, qonşu sahəyə birbaşa müdaxilə yəni məsafələrin pozulması deyil, qonşunun normal istifadəsinə maneə pozuntu sayılır. Bundan başqa “Baxış” (pəncərə) məsələsi qanunvericilikdə birbaşa “həyət görünürsə tikili sökülməlidir” kimi norma yoxdur, lakin praktik məhkəmə təcrübəsində bu mübahisələr aşağıdakı kimi qiymətləndirilir. Əgər pəncərə tikinti normalarına uyğun məsafədədirsə pozuntu sayılmır. Əgər pəncərə qonşunun həyətinə açıq və birbaşa nəzarət imkanı yaradırsa və bu, normativləri pozursa pozuntu sayıla bilər. Bu zaman məhkəmə təcrübəsinə əsasən pəncərənin bağlanmasını, şüşənin dəyişdirilməsini (məsələn, mat şüşə) kimi tədbirlərə üstünlük verilir. O ki qaldı tikilinin özbaşına tikinti olub-olmaması, Mülki Məcəllənin 180-ci maddəsinə görə özbaşına tikinti o vaxt sayılır ki, torpaq tikinti aparan şəxsə ayrılmayıb, icazə alınmayıb və ya tikinti normaları ciddi pozulub belə hallarda tikili sökülə bilər. Bu zaman iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması həlledici amil hesab olunur. Halbuki iddiaçının bu hüquqa malik olması sübut olunmur. Nəzərə alınmalıdır ki, tikilinin sökülməsi son və ən sərt tədbirdir, məhkəmə təcrübəsində söküntü yalnız bu hallarda tətbiq olunur, tikili tam qanunsuzdur və ya pozuntu başqa yolla aradan qaldırıla bilmir. Sadəcə pəncərənin olması bu səviyyədə pozuntu sayılmır və iddiaçının idddia tələbi pəncərə ilə bağlı məhdudiyyət qoyulmaqla yəni pəncərənin ləğvi, pəncərənin ölçüsünun kiçildilməsi və ya mat şüşüə ilə əvəz olunması yolu ilə aradan qaldırıla bilər, hansı ki, bu hal hələ birinci instansiya məhkəməsində işə baxılarkən aradan qaldırılmış və mübahisə doğuran pəncərə tamamilə bağlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, bu kimi hallarda tikintinin qanunauyğunluğuna nəzarət və yol verilmiş pozuntuların aradan qaldırılması səlahiyyəti aidiyyəti icra hakimiyyəti orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikili həqiqətən qanunsuz olsa belə cavabdeh tərəfindən məlumatlandırma icraatının həyata keçirilməməsi halında tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi və qanunsuzluqların aradan qaldırılması məhz həmin orqanın səlahiyyətinə daxildir. Bu səbəbdən, tikilinin sökülməsi kimi ən sərt müdaxilə tədbirinin tətbiq olunmasını tələb etmək hüququ da birbaşa həmin quruma məxsusdur. Bu baxımdan, iddiaçının yalnız tikintinin qanunsuz olmasına istinad etməklə mübahisəli tikilinin sökülməsini tələb etməsi üçün müstəqil subyektiv hüququnun mövcudluğu müəyyən edilməməklə bu dəlillər iddianın təmin edilməsi üçün əsas yarada bilməz. Həmçinin iddiaçı apellyasiya şikayətində onun əsl cavabdehlə əvəz olunmasının müzakirə edilmədiyini göstərsə də bu hal iş üzrə hüquqi qiymətləndirməyə təsir edən hal deyildir. Belə ki, iddia tələbinin mahiyyəti qonşuluq hüquqlarının pozulması nəticəsində yaranmış maneələrin aradan qaldırılmasına yönəlmişdir. Bu isə birbaşa mülki-hüquqi münasibətlərdən irəli gələn tələb olmaqla, konkret olaraq cavabdehin davranışlarının iddiaçının hüquqlarına təsiri ilə bağlıdır. Odur ki, tikintiyə nəzarəti həyata keçirən orqanın, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin hazırkı mübahisədə tərəf kimi çıxış etməsi iddia tələbinin predmetinə uyğun olmamışdır. Çünki həmin orqan yalnız inzibati nəzarət funksiyasını həyata keçirir və qonşuluq münasibətlərindən irəli gələn mülki hüquq pozuntularının aradan qaldırılması ilə bağlı birbaşa tərəf kimi çıxış edə bilməz. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçı Kərəmov İntiqam Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı Kərəmov İntiqam Abbas oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı Kərəmov İntiqam Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı Kərəmov İntiqam Abbas oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-433/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-433/2026
14.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver