Məhkəmə qərarları › İş №e-2(3-9)-558/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-558/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-558/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏN ETDİ: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli ******** saylı alğı-satqı müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU 861785061073189 “Xiaomi Poco X6 5G” markalı telefon və “kieslect” markalı smart saat almışdır. Cavabdeh 18 ay müddətinə hər ay 49,38 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ 888.93 manat (ilkin ödəniş daxil olmaqla) məbləğdədir. ## ###### 2024-cü il tarixli bildirişin surətindən görünür ki, müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. ## ###### 2024-cü il tarixli ******** saylı alğı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən İMEİ KODU 861785061073189 “Xiaomi Poco X6 5G” markalı telefon və “kieslect” markalı smartsaat qüsursuz halda təhvil alınmışdır. ## ###### 2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ## ###### 2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 370.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, müştəriyə güzəşt olunaraq 37.09 manat cərimə miqdarında borcu vardır. # ###### 2026-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 3.11-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. ## ###### 2026-cı il tarixli arayışın surətindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında alınmış IMEI KODU 861785061073189 olan “Poco X6 5G” markalı telefonun açılıb qoşulması xidməti ilə əlaqədar İnnovativ Layihələr Mərkəzinə 23,60 manat məbləğdə ödəniş edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: “xxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 370.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, müştəriyə güzəşt olunaraq 37.09 manat cərimə, ümumilikdə 431.58 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı ## ###### 2024-cü il tarixli ******** saylı müqaviləyə əsasən İMEİ KODU 861785061073189 “Poco X6 5G” markalı telefon və “kieslect” markalı smart saat almış və nəticədə 431.58 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 888.84 manat (yəni, 18 ay x 49.38 manat + 0.00 manat ilkin ödəniş) olan İMEİ KODU 861785061073189 “Poco X6 5G” markalı telefon və “kieslect” markalı smart saat üçün ümumilikdə 431.58 manat olmaqla, ondan 370.89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, müştəriyə güzəşt olunaraq 37.09 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdeh ## ###### 2024-cü il tarixli, ******** saylı müqaviləsi üzrə, ümumilikdə, 517,95 manat ödəniş etmişdir. İDDİA ƏRİZƏSİNƏ ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: Cavabdeh iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq onun cərimə və rüsum məbləği barədə olan hissənin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli ******** nömrəli müqaviləyə əsasən bir ədəd telefon və bir ədəd elektron sənəd əldə etmişdir. 2025-ci ilin iyul ayına qədər ödənişləri mütəmadi şəkildə həyata keçirmişdir. Lakin daha sonra valideyninin ağır xəstəliyi ilə əlaqədar maddi vəziyyəti pisləşmişdir. İddiaçıyla bu barədə əlaqə saxlasa da hər hansı güzəşt tətbiq olunmamışdır. Hal-hazırda maddi vəziyyəti yaxşılaşmışdır. İddia ərizəsində göstərilən cərimə məbləği və rüsumdan azad olunacağı təqdirdə göstərilən məbləği məhkəmə yekun qərar qəbul etdikdən sonra ödəməyə hazırdır. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsində göstərilən cərimə və rüsum məbləği barədə olan hissənin təmin edilməməsini xahiş edir. Qeyd etdiyi məbləğlər çıxarıldığı halda iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ## ###### 2024-cü il tarixli ******** saylı müqavilə üzrə 370.89 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat və 15 manat cərimə borcu olmaqla cəmi, 409,49 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilə ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Belə ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, İddiaçı MMMC-nin təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Bundan əlavə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun azaldılması məsələsi həll edilərkən yalnız öhdəliyin pozulmasının xarakteri və tələb olunan cərimənin əsas borca nisbəti deyil, həm də cavabdehin əmlak və sosial vəziyyəti, ödənişi vaxtında icra etməsinə mane olmuş obyektiv hallar da nəzərə alınmalıdır. Cavabdehin valideyninin ağır xəstəliyi ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi, sonradan isə əsas borcu ödəməyə hazır olduğunu bildirməsi, dəbbə pulunun ağlabatan həddə endirilməsini zəruri edən hallar kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimə pulu ağlabatan həddə azaldılaraq ##.##.2024-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 448.1-ci, 600.1-ci, 600.4-cü, 601.1-ci, 601.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və "xxxx" MMC-yə olan borcun ümumilikdə 234,84 manat hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanan ## ###### 2024-cü il tarixli ******** saylı müqaviləyə əsasən İMEİ KODU 861785061073189 “Poco X6 5G” markalı telefon və “kieslect” markalı smart saat almışdır. Müqavilə üzrə təyin edilən alğı-satqı qiyməti 888.84 manat (yəni, 18 ay x 49.38 manat + 0.00 manat ilkin ödəniş) olmuşdur. 2025-ci ilin avqust ayına qədər ödənişləri vaxtında ödəmiş, lakin valideyninin səhhəti ilə əlaqədar maddi problemləri yarandığı üçün ödənişə davam edə bilməmişdir. İddia ərizəsinə əsasən alğı-satqı müqaviləsi əsasında ümumilikdə 517,95 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsində olan proses müddətində mobil telefonunda nasazlıq yarandığı üçün ödəniş qəbzlərinə baxması mümkün olmamışdır. Nasazlıq aradan qalxdıqdan sonra "m10" və "ABB" ödəniş sistemləri vasitəsilə "xxxx" MMC-yə etdiyi ödənişlərə baxarkən məlum olmuşdur ki, 517,95 manat deyil, ümumilikdə 654 manat ödəniş etmişdir. Ödənişlərdən sonra qalıq borcu ümumilikdə 234,84 manat olmuşdur. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Bundan başqa, MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. MM-in 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bundan əlavə, MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehin borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi həmçinin apellyasiya icraatı zamanı təqdim olunmuş ödəniş qəbzlərinə münasibətdə qeyd edir ki, həmin sübutlar yalnız apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş, birinci instansiya məhkəməsində təqdim olunmamasının üzrlü səbəbləri isə əsaslandırılmamışdır. İşdən də göründüyü kimi, tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdır. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin MPM-in 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar