Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-672/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın saxlanma yerinin müəyyən olunması, aliment və ümumi birgə əmlakda pay nisbətinin təsbit edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan nikahın pozulması, uşağın yaşayış yerinin onun yanında müəyyən edilməsi, sabit pul məbləğində alimentin tutulması, ümumi birgə mülkiyyət hüququ əsasında əldə etdiyi torpaq sahəsinin və “KİA K3” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində hər əmlaka münasibətdə ½ hissə olmaqla mülkiyyət paylarının müəyyən olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı nikahın pozulmasına dair hissədə müəyyən olunmuş rüsumu ödəsə də, digər iddia tələbinə dair hissədə tələb olunan dövlət rüsumunu ödədiyini təsdiq edən sənədləri ərizəsinə əlavə etməmiş və ya həmin rüsumu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Bundan başqa, iddiaçı ərizəsində “KİA K3” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində ½ hissə olmqla mülkiyyət paylarının müəyyən olunması barədə xahiş etsə də, qeyd olunan nəqliyyat vasitəsinə aid müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə müəyyən edilən dövlət rüsumu mediasiya xərcləri çıxılmaqla tam həcmdə ödənilmişdir. İddia ərizəsi dövlət rüsumunun ödənilməməsi əsası ilə o halda geri qaytarıla bilərdi ki, dövlət rüsumu müəyyən edilmiş qaydada və məbləğdə ödənilməmiş olsun. Lakin hazırkı ərizə “Dövlət rüsumu haqqında” Qanuna əsasən “qiymətləndirilməyən iddia ərizəsinin verilməsi” haqqında iddialar üçün müəyyən olunan məbləğdə və qaydada tam ödənilmişdir. Məhkəmə dövlət rüsumunun kəsirli ödənilməsi qənaətinə gəldiyi halda, iddia ərizəsini geri qaytarmamalı, bunun əksinə əmlak tələbini ayrıca icraata ayırıb MPM-in 113.1-ci maddəsinə müvafiq olaraq kəsir məbləği müəyyən etməklə dövlət rüsumunun tam ödənilməsini təmin etməli idi. Mütləq şəkildə nəzərə alınmalıdır ki, iddia əmlak tələbi barədə yox, pay nisbətinin müəyyən olunması barədədir. Odur ki, iddiaçının güddüyü hüquqi maraq qiymətli maddi nəticəyə nail olunmasından ibarət olmadığından verilmiş iddia ərizəsi qiymətləndirilən iddia ərizəsi kimi nəzərdən keçirilə bilməz. Qərardadda məhkəmənin “KİA K3” markalı ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid müvafiq sənədlərin təqdim edilməməsi barədə nəticəyə münasibətdə qeyd edir ki, bu hal iddianın mümkünlüyünün yoxlanılması zamanı yox, işə mahiyyəti üzrə baxılması zamanı sübutetmə yükünün müəyyən olunması baxımından qiymətləndirilə bilərdi. Bu zaman iddiaçının şəxsən əldə edə bilmədiyi sübutların əldə olunmasını məhkəmədən xahiş etmək imkanının mövcudluğu da nəzərə alınmalıdır. Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz və X1 şikayətində qeyd etdikləri formal dəlillərdən ibarət olub mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, məhkəmə tərkibi yuxarıda sadalanan əsaslara görə birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarılması ilə bağlı hazırkı mövqeyi ilə razıdır və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsini aşkar etmir. Beləliklə, məhkəmə tərkibi iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-672/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-672/2026
19.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver