Məhkəmə qərarları › İş №e-2(5-101)-402/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-101)-402/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-101)-402/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleymanov Cavid Loğman oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********12974 OPPO A58, MYCHOİCE CASE, PİKO GLASS QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 292,36 (iki yüz doxsan altı manat, 36 qəpik) manat ödənilməmiş hissə, 29.24 (iyirmi doqquz manat, 24 qəpik) manat cərimə, ümumilikdə, 321.60 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatları araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC tərəfindən məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edilməzdən əvvəl ölmüşdür. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı ölmüş şəxsə qarşı iddia qaldıraraq cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün hərəkətlər etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xitam edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə qeyd edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan mümkün deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə isə cavabdeh kimi göstərilmiş şəxs məhkəmədə iddia qaldırılmazdan öncə vəfat etdiyindən tərəf kimi qəbul edilə bilməz. Ona qarşı qaldırılmış iddiaya məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 261.0.1. məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1. iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC tərəfindən məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etməzdən əvvəl öldüyü üçün və ölmüş şəxsə qarşı verilmiş iddia tələbinə məhkəmədə baxılmalı olmadığından hazırki mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar