Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-101)-450/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleymanov Cavid Loğman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 3032 (üç min otuz iki) manat məbləğində sığorta ödənişinin, 50,32 (əlli, 32 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 3082,72 (üç min səksən iki, 72 qəpik) manat pulun Cavabdeh tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdehin idarə etdiyi, İddiaçı ASC-də “İcbari Sığorta” qaydasında sığortalanmış 99SP565 dövlət qeydiyyat nişanlı VAZ2101 minik markalı avtomobil ilə, 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş PAZ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 99SP565 dövlət qeydiyyat nişanlı VAZ2101 minik markalı Cəmiyyət tərəfindən “İcbari Sığorta” qaydasında sığortalanmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı nəqliyyat vasitəsinə dəymiş zərər 3032 (üç min otuz iki) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 3032 (üç min otuz iki) manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı ASC qarşısında irəli sürülmüşdür. Yol-nəqliyyat hadisəsində zərərçəkən X1 idarə etdiyi Hyundai İ20 (01CG379) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC sığortaçı tərəfindən 3032 (üç min otuz iki) manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan İddiaçı ASC arasında «qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar» əsasında 3032 (üç min otuz iki) manat mübahisəsiz tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: PAZ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 99SP565 dövlət qeydiyyat nişanlı VAZ2101 minik nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə icbari qaydada sığortalanmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı nəqliyyat vasitəsinə dəymiş zərər (ehtiyat hissələri + işçilik) 3032 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli iştirakçının subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı avtomobilə vurulmuş zərərə görə 3032 (üç min otuz iki) manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı ASC qarşısında irəli sürülmüşdür. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı avtomobilə vurulmuş zərərə görə "xxxx" ASC tərəfindən zərərçəkənə 3032 manat məbləğində sığorta ödənişi edilmiş, zərərvuranın sığortaçısı olan "xxxx" ASC isə xx.xx.2025-ci il tarixində sözügedən 3032 manat məbləğində vəsaiti "xxxx" ASC-yə ödəməklə qarşılıqlı əvəzləşdirməni tamamlamışdır. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə etibarnaməsi olmadan idarə etdiyi 99SP565 dövlət qeydiyyat nişanlı VAZ2101 minik markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə nəticəsində zərərçəkmiş 01CG379 dövlət nömrə nişanlı Hyundai İ20 markalı avtomobilə dəymiş zərər 3082,72 (üç min səksən iki, 72 qəpik) manat məbləğində qiymətləndirilmişdir. Hadisəni törədən 99SP565 dövlət qeydiyyat nişanlı VAZ2101 minik markalı avtomobil "xxxx" ASC-də sığortalanmış olduğundan zərər dəymiş avtomobilin təmiri üçün "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir ki, məhkəmə bu tələbi tam əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarından görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində başqa avtomobilə ziyan dəymiş olması və bu ziyanın iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3082,72 (üç min səksən iki, 72 qəpik) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50,32 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3032 (üç min otuz iki) manat məbləğində sığorta ödənişi, 50,32 (əlli manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3082,72 (üç min səksən iki manat yetmiş iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3032 (üç min otuz iki) manat məbləğində sığorta ödənişi, 50,32 (əlli manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3082,72 (üç min səksən iki manat yetmiş iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Süleymanov
Məhkəmə qərarları › İş №e-2(5-101)-450/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-101)-450/2026
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver