Məhkəmə qərarları › İş №e-2(5-102)-557/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-557/2026

31.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(5-102)-557/2026 31.03.2026 BAKI ŞƏHƏRI SƏBAIL RAYON MƏHKƏMƏSI Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mirasın qəbul edilmə faktının və miras əmlak üzərində tam pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mirasın qəbul edilmə faktının və miras əmlak üzərində tam pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı ana xətti üzrə babası X1 Ağa Baba oğluna məxsus ünvan 1 ünvanda yerləşən əmlakın açıq qalan 4/6 hissəsinin babasının vəfatında sonra anası X4 tərəfindən, onun vəfatında sonra isə özü tərəfindən faktiki olaraq qəbul edilməsini və həmin pay üzərində onun tam pay hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində miras əmlaka vərəsəlik hüququnun tanınması barədə şifahi qaydada notariat ofisinə müraciət etdiyini, lakin notariat ofisi uzun müddət keçdiyinə və qanuna edilən yeni dəyişkənliyi əsas gətirərək məhkəməyə müraciət etməsini tövsiyyə etməsini göstərmişdir. Hakim qeyd edir ki, miras əmlaka dair hüquqlar notariat orqanı tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yaranır. AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. “Notariat Haqqında” AR Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Hakim qeyd edir ki, iddiaçı mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət etməsini şifahi formada notariat ofisinə müraciət etməsi ilə əsaslandırmışdır. Lakin hakim hesab edir ki, iddiaçı tərəfindən notariat ofisinə rəsmi müraciət olunması və notariat ofisinin onun müraciətinə rəsmi cavabı əldə edilmədən şifahi müraciətin hazırki mübahisənin iddiaçı tərəfindən məhkəməyəqədər həlli qaydasına riayət etməsi kimi qəbul oluna bilməz.Başqa sözlə iddiaçı mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət edilməsini təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149, 151.1, və 152.1.6-cı maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mirasın qəbul edilmə faktının və miras əmlak üzərində tam pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar