Məhkəmə qərarları › İş №e-2(5-103)-17/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-103)-17/2026

11.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-103)-17/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “SOCAR”ın İddiaçı istismarında olan Dübəndi-Suraxanı Dş 300 mm-lik yerüstü neft kəmərinin təxminən 24-cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 23 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Suraxanı rayonu, Binə qəsəbəsi südçülük sovxozu ünvanından cavabdehə məxsus fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasını nəzərə alaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının cavabdehə qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-116/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, sözügedən qətnamə iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-591/2022 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(010)- 116/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin olunması, iddiaçı “SOCAR”ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək həmin ərazidən çıxarılması qət edilmişdir. Həmin qətnamədən qanunla müəyyən edilmiş prosessual müddət daxilində kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim tərəfindən iş üzrə icraata xitam verilir. Göründüyü kimi, mülki mühakimə icraatı haqqında qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğu halında ikinci dəfə məhkəməyə ümumi qaydada təqdim edilmiş iddia ərizəsinə baxılmasını qeyri-mümkün hesab edir və qeyd edilən kateqoriyadan olan iddia ərizələrinin səhvən məhkəmənin icraatına götürüldüyü hallarda iş üzrə icraata xitam verilməsini işə baxan hakimin (məhkəmənin) vəzifəsi kimi nəzərdə tutur. Həmçinin, mülki mühakimə icraatı haqqında qanunvericilik Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş əsasla iş üzrə icraata xitam verilməsini bir neçə mümkün halın eyni vaxtda mövcudluğu ilə şərtləndirir – 1) eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsinin, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmə qərardadının mövcudluğu və 2) bu barədə qəbul edilmiş məhkəmə qətnaməsinin və ya qərardadının qanuni qüvvəsini alması. İş materiallarının araşdırılması nəticəsində müəyyən olunur ki, eyni tərəflər arasında (iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı və Cavabdeh), eyni predmet barəsində (özbaşına tikililərin sökülməsi) və eyni əsaslar üzrə (müvafiq tikililərin mülki qanunvericiliklə müəyyən edilmiş “özbaşına tikili” anlayışı ilə əhatə olunması, tikilinin neft kəmərinin mühafizə zonası üzərində yerləşməsi və s.) mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 591/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda, iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar