Məhkəmə qərarları › İş №e-2(5-103)-253/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-103)-253/2026

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-103)-253/2026 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Məmməd Əhməd oğlu, Ərizəçi vəkili Vəkil tərəfindən verilmiş “torpağa dair sərəncamda ata adının müəyyən edilməsi faktı”na dair (maraqlı şəxs - Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsi) ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi vəkili Vəkil “torpağa dair sərəncamda ata adının müəyyən edilməsi faktı”na dair (maraqlı şəxs - Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsi) ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1998-ci il tarixli, 2193 nömrəli sərəncamında ata adının “Əli” əvəzinə “Alı” olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki prosessual qanunvericiliyin tələbinə görə hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı halda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1998-ci il tarixli, 2193 nömrəli sərəncamında ata adının səhvən “Əli” əvəzinə “Alı” olması faktının müəyyən edilməsini xahiş etsə də, həmin sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, həmçinin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl sözügedən sənədi vermiş orqana, həmçinin mülkiyyət hüququnun qeydə alınmasını həyata keçirən aidiyyəti quruma müraciət etməli, yalnız həmin qurumlar tərəfindən müvafiq sənədin verilməsindən (və ya düzəliş edilməsindən) və müvafiq uyğunsuzluğa görə hüquqların qeydə alınmasından imtina olunduğu halda məhkəməyə müvafiq faktın təsdiq edilməsi ilə bağlı ərizə ilə müraciət etməli idi. Bu baxımdan hazırkı ərizə bu qaydaya riayət edilmədən məhkəməyə təqdim edildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər, eyni zamanda bu ərizə ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 305-310-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi vəkili Vəkil tərəfindən verilmiş “torpağa dair sərəncamda ata adının müəyyən edilməsi faktı”na dair (maraqlı şəxs - Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsi) ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş (qəbz: **********; xx.xx.2026) 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar