Məhkəmə qərarları › İş №e-2(5-104)-130/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-130/2026

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-130/2026 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X2 qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə X3 arasında xx.xx.2025-ci il tarixli, BKC/2025/1121009/205 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “Apple İphone 16 Pro” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə müqaviləyə əsasən əşyanın qiyməti 3299 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən, malın hissəli satış qiyməti 18 aylıq həssəyə bölünərək ödəniş qrafikinə uyğun olaraq hər ay operator tərəfindən abonentin bu müqavilənin 1.3.1-ci bəndində qeyd olunan mobil telefon nömrəsinin balansından silinmə yolu ilə tutulur. Abonent aylıq ödənişlərin vaxtında həyata keçirilməsi üçün mobil telefon nömrəsinin balansında kifayət qədər vəsaitin olmasını təmin etməyi öhdəsinə götürür.

3. Təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

4. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə ümumilikdə 3297,79 manat qalıq borc qalmışdır.

5. xx.xx.2026-ci il tarixli xəbərdarlıqla 3297,79 manat gecikdirilmiş borc məbləğinin olduğu, müqavilənin vaxtından əvvəl ləğvi barədə tədbirlərə başlanacağı, borc məbləğinin, gecikdirilmə ilə bağlı hesablanmış cərimələrin və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılacağı bildirilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3297,79 manat əsas borc və 52,98 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 nömrəli əlavəsində göstərilən qaydada 18 ay müddətinə 3299 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir.

b) iddiaya etiraz

8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

12. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

13. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh “Apple İphone 16 Pro” markalı telefon almış, əşyanın qiyməti 3299 manat, ilkin ödəniş olmamaqla razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.

14. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq 3297,79 manat borcu yaranmışdır.

15. Odur ki, qeyd edilən əsas borc məbləği cavabdehdən tutulmalıdır.

16. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 52,98 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 3297,79 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,98 manat olmaqla, ümumilikdə 3350,77 manat pul X1 tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar