Məhkəmə qərarları › İş №e-2(5-104)-356/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-356/2026

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-356/2026 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, 162092 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 1102,34 manat əsas, həmin gün üçün hesablanmış 207,45 manat cərimə, 1309,86 manat ümumi borc, həmçinin 33,59 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazının dəlillərini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 162092 nömrəli nisyə alğısatqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 1 ədəd “Apple Watch” modeli smart saatı 18 ay müddətinə ilkin ödənişsiz aylıq 80,89 (səksən manat səksən doqquz qəpik) manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satılmışdır. Müqavilənin ümumi qiyməti 1455,94 (bir min dörd yüz əlli beş manat doxsan dörd qəpik) manat təşkil etmişdir. Müqaviləyə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində cərimə tələb edilə bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 19 yanvar 2026-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 162092 saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2026-cı il tarixə 1102,34 (bir min yüz iki manat otuz dörd qəpik) manat əsas, 207,45 (iki yüz yeddi manat qırx beş qəpik) manat cərimə olmaqla, cəmi 1309,86 (bir min üç yüz doqquz manat səksən altı qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 33,59 (otuz üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli, 162092 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 20 (iyirmi) manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33,59 (otuz üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 162092 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1102,34 (bir min yüz iki manat otuz dörd qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1122,34 (bir min yüz iyirmi iki manat otuz dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,59 (otuz üç manat əlli doqquz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 162092 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1102,34 (bir min yüz iki manat otuz dörd qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1122,34 (bir min yüz iyirmi iki manat otuz dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,59 (otuz üç manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar