Məhkəmə qərarları › İş №e-2(5-106)-290/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-106)-290/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(5-106)-290/2026 17.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 603,4 manat əsas borcun, 90,5 manat cərimə borcunun, cəmi 693,9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə, hər ay 121 manat olmaqla dəyəri 724,40 manat məbləğində əşya dəyəri hissə-hissə ödəmək şərti ilə satılmışdır. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 603,4 manat əsas borcu, 90,5 manat cərimə borcu, ümumilikdə 693,9 manat pul borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdehə 6 ay müddətinə, hər ay 121 manat olmaqla 724,40 manat məbləğində əşya dəyəri hissə-hissə ödənilməklə kredit verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 603,4 manat əsas borcu, 90,5 manat cərimə borcu, cəmi 693,9 manat borcu var. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən xx.xx.2025-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 603,4 manat əsas borcu, 5 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 744-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 744-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 744-1, 744-5 və 744-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********* saylı müqavilə üzrə 603,4 manat əsas, 5 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar