Məhkəmə qərarları › İş №e-2(5-112)-70/2026

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-112)-70/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(5-112)-70/2026 11.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 299 (iki yüz doxsan doqquz) manat borc pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, fiziki şəxs olaraq İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə Cavabdeh ilə bağladıqları 41 saylı müqaviləyə əsasən 846 (səkkiz yüz qırx altı) manat təşkil edən VAZ 21061 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyyat hissələri 6 ay müddətinə hissə-hissə ödəmə şərti ilə cavabdehə satmışdır. Müqavilənin axırıncı ödəniş müddəti xx.xx.2024-cü il nəzərdə tutulmuşdur. Lakin qeyd edilən müddətdə alıcı öz öhdəliklərini yerinə yetirməmişdir. Əldə olunmuş həm şifahi razılaşmaya, həm də yazılı müqaviləyə əsasən 19 avqust 2024-ci il tarixə alıcı ona olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir. Lakin alıcı bu günə kimi aldığı mal ilə bağlı 547 manat ödəniş etmişdir. Beləliklə alıcının bu günə ona olan borcu 299 (iki yüz doxsan doqquz) manat təşkil edir.Həmin borcun alınması ilə bağlı Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdehin rəsmi izahatı alınmışdır və o izahatında borcunun 220 manat olduğunu bəyan etmişdir. Halbuki, real olaraq ödənilməmiş məbləğ 299 (iki yüz doxsan doqquz) manatdır.Bu fərq cavabdehin borcun tam xatırlamaması , ya da bilərəkdən az göstərməsi ilə bağlı ola bilər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki,iddia ərizəsi 21 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş və 23 yanvar 2026-cı il tarixdə cavabdeh X3 iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini 24 yanvar 2026-cı il tarixdə qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 41 nömrəli müqavilədən görünür ki, İddiaçı tərəfindən cavabdeh X3 846 manat dəyərində VAZ-21061 markalı avtomaşının ehtiyat hissələri 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 19 mart 2024-cü il tarixli GBA seriyalı 61309 nömrəli mədaxil qəbzindən görünür ki, X1 Elçin Camaldin oğluna 141 manat ödəmişdir. İş materiallarında olan 28 aprel 2024-cü il tarixli GBA seriyalı 61310 nömrəli mədaxil qəbzindən görünür ki, X1 Elçin Camaldin oğluna 141 manat ödəmişdir. İş materiallarında olan 30 may 2024-cü il tarixli GBA seriyalı 61311 nömrəli mədaxil qəbzindən görünür ki, X1 Elçin Camaldin oğluna 140 manat ödəmişdir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli GBA seriyalı 61312 nömrəli mədaxil qəbzindən görünür ki, X1 Elçin Camaldin oğluna 30 manat ödəmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli GBA seriyalı 61313 nömrəli mədaxil qəbzindən görünür ki, X1 Elçin Camaldin oğluna 95 manat ödəmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN:**********) xx.xx.2024-ci il tarixdə Cavabdeh ilə bağladıqları 41 saylı müqaviləyə əsasən 846 (səkkiz yüz qırx altı) manat təşkil edən VAZ21061 markalı avtonoqəliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyyat hissələri 6 ay müddətinə hissə -hissə ödəmə şərti ilə cavabdehə satmışdır. Müqavilənin axırıncı ödəniş müddəti xx.xx.2024-cü il nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən 19 avqust 2024-ci il tarixə cavabdeh iddiaçıya olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh aldığı mal ilə bağlı 547 manat ödəniş etmiş,onun 299 (iki yüz doxsan doqquz) manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyi üçün İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 299 (iki yüz doxsan doqquz) manat borc alınıb İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X2 299 (iki yüz doxsan doqquz) manat borc alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar