Məhkəmə qərarları › İş №e-2(5-113)-144/2026

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-113)-144/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(5-113)-144/2026 12.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsil” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC məhkəməyə müraciət edərək Cavabdeh 03 oktyabr 2023-cü il tarixli, BYK6371662 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 890 (səkkiz yüz doxsan) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2023-cü il tarixli, BYK6371662 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məişət avadanlığını nisyə götürmüş və 20 ay ərzində ödəniş cədvəli üzrə hər ay ödəmək şərti ilə müqavilə üzrə cəmi 980 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, 890 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmış və bu səbəbdən də iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli, BYK6371662 saylı borc müqaviləsindən görünür ki, tərəflər arasında qeyd olunan razılaşma rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli “Təhvil-təslim akt”ından görünür ki, iddiaçı 1 ədəd WM Beko 7 H616A cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin qeyd olunan tarixə iddiaçıya 890 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 13 yanvar 2026-cı il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə üzərinə götürmüş olduğu öhdəliyi icra etməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2026-cı il tarixli, **********6 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçrilməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Göstərilən qanunvericilik normaları və işin iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlirəm ki, cavabdeh müqavilə üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə görə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 890 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar