Məhkəmə qərarları › İş №e-2(5-115)-190/2026

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-115)-190/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(5-115)-190/2026 12.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 390 (üç yüz doxsan) manat, cərimə borcuna görə 58,5 (əlli səkkiz manat əlli qəpik) manat, cəmi 448.5 (dörd yüz qırx səkkiz manat əlli qəpik) manat məbləğində borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və dövlət rüsumunuun ödənilməsi ilə bağlı 0,40 (qırx qəpik) qəpik pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2024-cü il tarixli, KSR007711 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 468 (dörd yüz altmış səkkiz) manat məbləğində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 78 manat ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış “faktorinq müqaviləsi”nə və həmin müqaviləyə əlavə olunan sazişə əsasən, "xxxx" MMCnin Cavabdeh qarşı olan 468 (dörd yüz altmış səkkiz) manat məbləğindəki tələb hüququ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Cavabdeh “nisyə alqı-satqı müqaviləsi” üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 390 (üç yüz doxsan) manat əsas, 58.5 (əlli səkkiz manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 448.5 (dörd yüz qırx səkkiz manat əlli qəpik) manat borcu yaranmışdır. Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borcun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdarlıq məktubu göndərilərək hesablanmış borcun ödənilməsi tələb edilmiş, lakin Cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmışdır. Tərəflərin mövqeləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri verməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər: 26 dekabr 2024-cü il tarixli, KSR007711 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq dəyəri 468 (dörd yüz altmış səkkiz) manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 26 dekabr 2024-cü il tarixli, KSR007711 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən mallar qüsursuz halda təhvil alınmışdır. 26 dekabr 2024-cü il tarixli, KSR007711 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, nisyə alqı-satqı 6 ay müddətinə aylıq 78 (yetmiş səkkiz) manat olmaqla müəyyən edilmişdir. Tələbin güzəşti barədə 25 fevral 2020-cü il tarixli faktorinq müqaviləsi və ona əlavə olunan 10 yanvar 2025-cü il tarixli sazişin surətindən görünür ki, tələb hüququ "xxxx" MMC tərəfindən X1 şəxsində təmsil olunan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. 06 yanvar 2026-cı il tarixli, bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh borcun qaytarılmadığı təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 05 yanvar 2026-ci il tarixli, maliyyə arayışının surətindən görünür ki, Cavabdeh həmin tarixə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 390 (üç yüz doxsan) manat əsas, 58.5 (əlli səkkiz manat əlli qəpik) manat cərimə, cəmi 448.5 (dörd yüz qırx səkkiz manat əlli qəpik) manat borcu yaranmışdır. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Biləsuvar Rayon Məhkəməsində baxılması üçün 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasınınnın Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işi iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, KSR007711 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə nisyə mal satmış, cavabdeh isə ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişləri vaxtında və tam şəkildə həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Tələbin güzəşti barədə 25 fevral 2020-ci il tarixli faktorinq müqaviləsi və ona əlavə olunan 10 yanvar 2025-cü il tarixli sazişin surətindən görünür ki, cavabdehdən borcun ödənilməsi ilə bağlı tələb hüququ "xxxx" MMC tərəfindən X1 şəxsində təmsil olunan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. “Nisyə alqı-satqı müqaviləsi”ndən, eləcə də iş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam və lazımi qaydada icra etmiş, mal cavabdehə qüsursuz vəziyyətdə təhvil verilmişdir. Bu hal müqaviləyə əlavə edilmiş təhvil-təslim aktı ilə təsdiq edilir. Cavabdeh tərəfindən malın keyfiyyəti və ya təhvil verilməsi ilə bağlı hər hansı etiraz irəli sürülməmişdir. Nəticədə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşısında 390 (üç yüz doxsan) manat əsas borcu yaranmışdır. Cavabdehə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, o, iddiaya qarşı etiraz təqdim etməmiş, borcun ödənilməsinə dair sübutlar irəli sürməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasınınnını Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 15 (on beş) manat müəyyən edilməlidir Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə 390 (üç yüz doxsan) manat əsas, 15 (on beş) manat cərimə borcu məbləğində pul iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 dekabr 2024-cü il tarixli, KSR007711 saylı müqavilə üzrə 390 (üç yüz doxsan) manat əsas borc, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 405 (dörd yüz beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar