Məhkəmə qərarları › İş №e-2(5-120)-99/2026

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-120)-99/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(5-120)-99/2026 05.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı QSC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə PDW000066 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1461 manat əsas borc, 219.15 manat cərimə borcunun, 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Profarm MMC ilə Cavabdeh arasında bağlanmış PDW000066 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1600 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Profarm MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Profarm MMCnın Cavabdeh qarşı olan 1461 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-ə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdehin 1461 manat əsas borcu, 219.15 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

5. Belə ki, mülki iş materiallarında olan; - xx.xx.2024-cü il tarixli, PDW000066 saylı nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş əlavədən görünür ki, Cavabdeh Profarm MMC-dan 1600 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli, R-3373/24 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan sazişdən görünür ki, fiziki şəxs Profarm MMC-nın Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - xx.xx.2026-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun İddiaçı QSCyə xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcu 1461 manat əsas, 219.15 manat cərimə borcu təşkil edir. - bildiriş məktubunun surətindən görünür ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə borc barədə və borc ödənilmədiyi təqdirdə atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır.

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

9. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

10. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, onun satıcıya borcu yaranmışdır. Satıcının tələb hüququ faktorinq müqaviləsinə əsasən iddiaçıya keçmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək cərimə məbləğinin azaldılaraq, 20 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1461 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi, 1481 manat borc və 37 manat məhkəmə xərci alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir.

IV. Nəticə:

11. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1461 manat əsas və 20 manat cərimə borcu olmaqla, cəmi 1481 manat və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat 40 qəpik tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar