Məhkəmə qərarları › İş №e-2(5-121)-562/2026

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-121)-562/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(5-121)-562/2026 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh xx.xx.2024-cü il tarixli, BE044410 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 316,98 manat əsas, xx.xx.2024-cü il tarixli, BE108454 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 141,99 manat əsas, xx.xx.2025-ci il tarixli, BE251670 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 541,98 manat əsas olmaqla ümumilikdə üç müqavilə üzrə 1000,95 manat əsas borcun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2026-cı il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “Kenwood” markalı mikseri alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 749,98 manat məbləği 24 ay ərzində hər ay 32 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 749,98 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 433 manat pul ödəmiş, 316,98 manat borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “X1 Lorenz Sle” məhsulunu alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib, 211,99 manat məbləği 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 211,99 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 70 manat pul ödəmiş, 141,99 manat borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “Yoshiro” markalı metbex robotunu alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib, 563,98 manat məbləği 30 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 563,98 manat məbləğində pulu xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2026-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 22 manat pul ödəmiş, 541,98 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən aldığı malların qiymətini müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada ödəməyərək öhdəliyini icra etməmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyi icra etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi və qeyd edilən məbləğlərin ödənilməsini tələb etməsi əsaslıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, BE044410 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 316,98 manat ödənilməmiş əsas, xx.xx.2024-cü il tarixli, BE108454 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 141,99 manat ödənilməmiş əsas, xx.xx.2025-ci il tarixli, BE251670 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 541,98 manat ödənilməmiş əsas borc olmaqla ümumilikdə üç müqavilə üzrə 1000 (bir min) manat 95 (doxsan beş) qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, BE044410 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 316,98 manat ödənilməmiş əsas, xx.xx.2024-cü il tarixli, BE108454 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 141,99 manat ödənilməmiş əsas, xx.xx.2025-ci il tarixli, BE251670 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 541,98 manat ödənilməmiş əsas borc olmaqla ümumilikdə üç müqavilə üzrə 1000.95 (bir min manat doxsan beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 (otuz bir) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar