Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-150/2026 03.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, LLB000348 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 79 manat əsas borcun, 11.85 manat cərimə borcunun, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 162 manat dəyərində malı nisyə almış və həmin malın dəyərini müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmçinin bildirmişdir ki, İddiaçı QSC ilə X1 arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən cavabdehə qarşı mövcud olan tələb hüququ iddiaçıya keçmişdir. Tələb hüququnun keçməsi barədə cavabdehə müvafiq qaydada bildiriş təqdim olunmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçı qarşısında 79 manat əsas borcu qalmışdır. Bununla yanaşı, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə nəzərdə tutulmuş qaydada 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Bu səbəbdən iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim edilməsi barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz və ya sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, LLB000348 saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, X1 162 manat dəyərində malın cavabdehə verilməsini öhdəsinə götürmüş, cavabdeh isə həmin malı qəbul edərək borcu 6 ay müddətində ödəniş cədvəlinə uyğun qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi və xx.xx.2024-cü il tarixli əlavə saziş ilə təsdiq olunur ki, cavabdehə qarşı mövcud olan tələb hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı QSC-yə keçmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 79 manat əsas borcu və 11.85 manat cərimə borcu mövcuddur. Beləliklə, təqdim olunmuş sübutların məcmusundan müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, borcun ödənilməsini gecikdirmiş və nəticədə iddiaçı qarşısında borclu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.[259] 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara və iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı QSC-nin iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 77, 216-220-ci və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, LLB000348 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 79 manat əsas borc, 11.85 manat cərimə borcu, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №e-2(5-123)-150/2026
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-150/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver