Məhkəmə qərarları › İş №e-2(5-123)-181/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-181/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-181/2026 24.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehdən xx.xx.2025-ci il tarixli R0135617 saylı müqavilə üzrə 1389 manat əsas borc, 139 manat cərimə borcu və iddia ərizəsinin verilməsi zamanı ödənilmiş 35.28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1389 manat dəyərində İphone 13 markalı mobil telefon satılmışdır. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh qeyd olunan məhsulların dəyərini 18 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş məlumatlara əsasən cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddiaçı məhkəmədən göstərilən borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunmuş, bu barədə ona müvafiq qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz və ya sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq aşağıdakıları müəyyən etmişdir: Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, müqavilədən görünür ki, Cavabdeh 1389 manat dəyərində İphone 13 markalı mobil telefon satılmış, alıcı isə 18 ay müddətində hər ay 78 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-cı il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1389 manat əsas borc, 139 manat cərimə borcu olmaqla, ümumilikdə 1528 manat borcu mövcuddur. Beləliklə, təqdim edilmiş sübutların məcmusundan görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Cərimə məbləği əsas borcun həcmi, gecikmənin müddəti və kreditorun real zərəri ilə müqayisədə proporsionallıq prinsipinə uyğun qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 30 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 35.28 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35.28 manat məbləğində dövlət rüsumunun iddia təmin edilən həddə 34.19 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1389 manat əsas borc, 30 manat cərimə borcu olmaqla cəmi 1419 manat borc və ödənilmiş 34.19 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1389 manat əsas borc, 30 manat cərimə borcu olmaqla cəmi 1419 manat borc və ödənilmiş 34.19 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar