Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-185/2026 24.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 931 manat əsas borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli MPK6771553 saylı müqaviləyə əsasən cavabdehə 1340 manat dəyərində məişət avadanlığı 20 ay müddətinə, xx.xx.2024-cü il tarixli MPK6788917 saylı müqaviləyə əsasən 530 manat dəyərindı məişət avadanlığı 12 ay müddətinə, xx.xx.2024cü il tarixli MPK6831193 saylı müqaviləyə əsasən cavabdehə 410 manat dəyərində məişət avadanlığı 12 ay müddətinə satılmışdır. Hazırda cavabdehin ümumilikdə 931 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 931 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MPK6771553 saylı müqavilədən görünür ki, Cavabdeh 1340 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh 20 ay ərzində hər ay 67 manat, ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MPK6788917 saylı müqavilədən görünür ki, Cavabdeh 530 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh 2 manat ilkin ödəniş etməklə 12 ay ərzində hər ay 44 manat, ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MPK6831193 saylı müqavilədən görünür ki, Cavabdeh 410 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh 110 manat ilkin ödəniş etməklə 12 ay ərzində hər ay 25 manat,ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli MPK6771553 saylı müqavilə üzrə 536 manat, xx.xx.2024-cü il tarixli MPK6788917 saylı müqavilə üzrə 220 manat, xx.xx.2024-cü il tarixli MPK6831193 saylı müqavilə üzrə 175 manat borcu vardır. Beləliklə, təqdim edilmiş sübutların məcmusundan görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliklərini tam icra etməmiş, nəticədə iddiaçı qarşısında borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 931 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №e-2(5-123)-185/2026
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-185/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver