Məhkəmə qərarları › İş №e-2(5-123)-229/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-229/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-229/2026 03.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1478.6 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 147.86 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 672.98 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 67.3 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsi üzrə 54.26 manat ödənilməmiş hissə, 5.43 manat cərimə borcu olmaqla, cəmi 2473.62 manat borc və 44.74 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə 1703.52 manat dəyərində İphone 13 markalı mobil telefon 18 ay müddətinə, xx.xx.2025-ci il il tarixli müqaviləyə əsasən cavabdehə Honor 400 Lite markalı mobil telefon 18 ay müddətinə, xx.xx.2025-ci il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsinə əsasən cavabdehə Blackview X20 Smart Watch 6 ay müddətinə satılmışdır. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini qismən icra edərək 346.64 manat məbləğində ödəniş etmiş, lakin qalan hissəni tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə 2473.62 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəmədən göstərilən borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunmuş, bu barədə ona müvafiq qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz və ya sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 1703.52 manat dəyərində İphone 13 markalı mobil telefon satılmış, cavabdeh 18 ay ərzində hər ay 94.64 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 763.88 manat dəyərində Honor 400 Lite markalı mobil telefon satılmış, cavabdeh 50 manat ilkin ödəniş etməklə 18 ay ərzində hər ay 39.61 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il il tarixli müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında 10 (on) il müddətinə bağlanmış müqavilənin qüvvədə olduğu bütün müddət ərzində müştəri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC Telecom MMC-dən mal və ya xidmət əldə etmək hüququ vardır. Həmin müqaviləyə əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh 85.98 manat dəyərində Blackview X20 Smart Watch 6 markalı məhsul satılmış, cavabdeh 6 ay ərzində hər ay 14.33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1478.6 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 147.86 manat cərimə borcu, xx.xx.2025ci il tarixli müqavilə üzrə 672.98 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 67.3 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsi üzrə 54.26 manat əsas borc, 5.43 manat cərimə borcu olmaqla cəmi 2473.62 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Bundan başqa iddiaçı iddia ərizəsində mobil telefonun istifadəsinə məhdudiyyət qoyulması ilə əlaqədar olaraq İnnovativ Layihələr Mərkəzinə 47.2 manat dövlət rüsumu ödənildiyini qeyd etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə qeyd edilən rüsumun ödənilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Cərimə məbləği əsas borcun həcmi, gecikmənin müddəti və kreditorun real zərəri ilə müqayisədə proporsionallıq prinsipinə uyğun qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 147.86 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 67.3 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun xx.xx.2025-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 44.74 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 44.74 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1478.6 manat əsas borc, 40 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 672.98 əsas borc, 20 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsi üzrə 54.26 manat əsas borc, 5.43 manat cərimə borcu olmaqla, cəmi 2473.62 manat borc və 44.74 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2205.84 manat əsas borc, 65.43 manat cərimə borcu olmaqla, cəmi 2271.27 manat borc və 44.74 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar