Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(5-127)-1/2026 27.02.2026 Hakim Niyazova Səkinə Mirzə qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən, təhvil-təslim aktından və ******* nömrəli fakturadan görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1229,99 manat olan **********86041 İmei kodlu İPhone 13 markalı mobil telefon, dəyəri 69,99 manat olan Apple adapter və 18,99 manat ödənişin təminat xidmətini hissə-hissə, yəni 88,89 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. Alıcı isə malı qəbul etmiş və aldığı malın dəyərini müqavilə, eləcədə fakturada göstərilən şərtlərlə ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür.
2. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1510,02 (bir min beş yüz on manat iki qəpik) manat əsas, 23,60 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 151 (bir yüz əlli bir) manat cərimə olmaqla ümumilikdə 1684,62 (bir min altı yüz səksən dörd manat səksən iki qəpik) manat borcu vardır.
Məhkəmə icraatı:
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə və ******* nömrəli fakturaya əsasən İmei kodu **********86041 olan İPhone 13 markalı mobil telefon və Apple adapter üçün 1510,02 (bir min beş yüz on manat iki qəpik) manat ödənilməmiş hissə, 23,60 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 151 (bir yüz əlli bir) manat cərimə olmaqla ümumilikdə 1684,62 (bir min altı yüz səksən dörd manat altmış iki qəpik) manat borcun və ödənilmiş 36,85 (otuz altı manat səksən beş qəpik) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə və ******* nömrəli fakturaya əsasən sonuncu İmei kodu **********86041 olan İPhone 13 markalı mobil telefon və Apple adapterin dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Həmçinin əşyaların təhviltəslim aktına əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə qəbul etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu 1600,02 manat (18 ay x 88.89 manat + 0 manat ilkin ödəniş) borcun 1510,02 manat hissəsini ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həll olunması üçün cavabdehlə telefon danışığı aparılmış, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 4.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Həmçinin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə 1 faiz həcmində mübahisəsiz olaraq penya hesablanır. Nəticədə cavabdehin 1510,02 manat ödənilməmiş hissə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 151 manat cərimə olmaqla ümumilikdə 1684,62 manat borcu yaranmışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş SX080022461AZ nömrəli poçt xəbərnaməsinə əsasən 31 yanvar 2026-cı il tarixdə cavabdehin qardaşı Hümbət Hümbətzadə məhkəmə bidirişini imza edərək qəbul etmiş, lakin Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
6. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
7. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
8. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
9. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
10. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
14. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
17. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə və ******* nömrəli fakturaya əsasən satıcı tərəfindən dəyəri 1229,99 manat olan **********86041 İmei kodlu İPhone 13 markalı mobil telefon, dəyəri 69,99 manat olan Apple adapter və 18,99 manat ödənişin təminat xidmətini alıcıya satmış, sonuncu isə aldığı əşyaların dəyərini hissə-hissə, yəni hər ay 88,89 manat olmaqla 18 ay müddətinə ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə sözügedən müqavilə üzrə 1510,02 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 151 manat cərimə olmaqla ümumilikdə 1684,62 manat borcu yaranmışdır. Kreditor tərəfindən borcluya 12 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və yaranmış borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Borclu isə 17 dekabr 2025-ci il tarixdə xəbərdarlıq məktubunu qəbul etsə də, kreditorun tələbini icra etməmişdir. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
23. Göründüyü kimi, tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini tam icra edərək əşyaları alıcıya təhvil vermiş, lakin alıcı nisyə alqı-satqı müqaviləsi və onun əlavəsinin şərtlərinə əsasən ödəməli olduğu aylıq ödənişi müəyyən olunmuş müddətlərdə icra etməmişdir. Halbu ki, nisyə alqısatqı müqaviləsinə görə, alıcı əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməyi öhdəsinə götürür. Hazır ki, işin hallarında isə müəyyən olunur ki, "xxxx" MMC 16 aprel 225-ci il tarixdə təhvil təslim aktında göstərilən əşyaları Cavabdeh təhvil vermiş, lakin sonuncu müqavilə üzrə öhdəliklərini tam, vaxtında və lazımı qaydada icra etməmişdir. Beləliklə mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının hazırki tələbi əsaslı hesab olunaraq, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
24. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir.
25. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin məzmununa əsasən dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Eləcə də nəzərə alınmalıdır ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
26. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 151 (bir yüz əlli bir) manat cərimə tutulmasını tələb edir. Məhkəmə isə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
28. Həmçinin Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”.
29. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 15 (on beş) manat cərimə məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər.
30. Həmçinin iddia tələbindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsaslanaraq cavabdehdən 23,60 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun tutulmasını da tələb etmişdir. İddiaçı bu tələbini müqavilənin 4.4-cü və 4.5-ci bəndlərinə əsaslanaraq onu qeyd etmişdir ki, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə və bunun icrası ilə əlaqədar “ABC” müştərindən əlavə ödənişlər tələb edə bilər.
31. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz və cihazın İMEİ kodunun deaktiv etməsi hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü də müəyyən edilmişdir.
32. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihahız deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək mötəbər bir sübut əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş hər hansı arayış həmin hissədə iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək üçün yeganə əsas təşkil edə bilməz. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz.
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 1510,02 (bir min beş yüz on manat iki qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu olmaqla, ümumilikdə 1525,02 (min beş yüz iyirmi beş manat iki qəpik) manat tutularaq iddiaçıya verilməlidir.
34. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 36,85 (otuz altı manat, səksən beş qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
38. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Yekun hissə:
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 1510,02 (bir min beş yüz on manat iki qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə 1525,02 (min beş yüz iyirmi beş manat iki qəpik) manat borc və ödənilmiş 36,85 (otuz altı manat, səksən beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səkinə Niyazova