Məhkəmə qərarları › İş №e-2(5-128)-4/2026

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-128)-4/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(5-128)-4/2026 03.03.2026 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 4792,80 manat əsas, 479,28 manat faiz olmaqla, cəmi 5272,08 manat məbləğində borcun və ödənilmiş 72,73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 5272,80 manat dəyərində olan “LG” markalı televizor, X2 3 il xidməti almış, nəticədə cəmi 4792,80 manat əsas borcu yaranmışdır. Cavabdeh hazıradək cəmi 480 manat ödəniş etmişdir. Bu müqavilənin 2.6-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə və ödəniş cədvəlinə əsasən iddiaçı cavabdehə “LG” markalı televizor, X2 3 il xidməti satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəliklər götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “LG” markalı televizoru iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 199,70 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 25 dekabr 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin hazırda ümumi olaraq 4792,80 manat ödənilməmiş hissə və 479,28 manat cərimə pulu olmaqla, cəmi 5272,08 manat borcu qalmışdır. İşdən göründüyü kimi xx.xx.2025-ci il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyanın tam dəyərini və gecikdirilmiş günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini 3 iş günü ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 72,73 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2). İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 4792,80 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (437.2). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqavilənin 3.5-cı bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcimində müştəri mübahisəsiz penya ödəyir. Məhkəmə hesab edir ki, 4792,80 manat əsas borc məbləğinə 479,28 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 72,73 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4792,80 manat əsas, 479,28 manat faiz olmaqla, cəmi 5272,08 (beş min iki yüz yetmiş iki manat səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 72,73 (yetmiş iki manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar