Məhkəmə qərarları › İş №e-2(5-129)-1/2026

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-129)-1/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(5-129)-1/2026 16.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 02 may 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş X1 14 6/128 Ocean Blue markalı cihazın 487,59 manat qalıq borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 may 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 586,69 manat təşkil edən X1 14 6/128 Ocean Blue markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 32,59 manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu, halda 99,1 manat ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 487,59 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok statusuna keçirildikdən sonra 15 (on beş) gün ərzində ödəniş həyata keçirilməzsə, qalıq borc məbləği bütövlükdə abonentin mobil telefon nömrəsinin balansına borc kimi yüklənir. Borc ödənilmədikdə isə operator abonentin mobil telefon nömrəsini yenidən satışa çıxara və üçüncü şəxslərə təqdim edilə bilər. Müqavilənin 5.5.2-ci maddəsinə görə abonent bu müqavilə üzrə hər hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, BKC/2025/1521001/0084 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan X1 14 6/128 Ocean Blue markalı telefonu 586,69 manata nisyə almışdır; xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 487,59 manat borcu vardır; xx.xx.2026-cı il tarixli, **********36 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 02 may 2025-ci il tarixli müqaviləyə əsasən X1 14 6/128 Ocean Blue markalı cihazın qalıq borcu 487,59 manat, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 may 2025-ci il tarixli müqaviləyə əsasən X1 14 6/128 Ocean Blue markalı cihazın qalıq borcu 487,59 manat, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar