Məhkəmə qərarları › İş №e-2(5-132)-101/2026

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-101/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-101/2026 24.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 30 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən LG markalı televizor üçün 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə, ümumilikdə 148,61 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 dekabr 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1350 manat (18 ay + 75 manat + 0 manat ilkin ödəniş) olan LG markalı televizor almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə borcu yaranmışdır. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğ 1214,9 manat təşkil edir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 20 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə LG markalı televizor üçün 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə, ümumilikdə 148,61 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 26 yanvar 2026-cı il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 dekabr 2023-cü il tarixli 03506617 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 75 manat olmaqla cəmi 1350 manat dəyərində LG markalı televizor satılmışdır. - 30 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, 30 dekabr 2023-cü il tarixli 03506617 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - 20 dekabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə öhdəliklərinin icrası ilə əlaqədar üç iş günü ərzində riayət olunmadığı təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 16 yanvar 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə 1350 manat borc məbləğindən 1214,9 manat ödəniş etmiş, 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə - cəmi 148,61 manat borcu qalmışdır. - 21 yanvar 2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli 03506617 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 75 manat ödəmək şərtilə cəmi 1350 manat dəyərində LG markalı televizor satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 1214,9 manat ödəniş etmiş, 135,1 manat borcu ödənilməmiş qalmış, həmin borca 13,51 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 148,61 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə LG markalı televizor üçün 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 178,61 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə LG markalı televizor üçün 135,1 manat ödənilməmiş hissə, 13,51 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 178 (bir yüz yetmiş səkkiz) manat 61 (altmış bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar