Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-97/2026 17.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh qarşı (bundan sonra - cavabdeh) borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********75202 Xıaomi 13T pro markalı telefon, 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 614,25 manat ödənilməmiş hissə, 61,43 manat cərimə, 15 may 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********42167 olan Xıaomi 13T pro markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı xidməti üçün, 599,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 59,9 manat cərimə, cəmi 1358,22 manat borc və 33,59 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında 02 noyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən, əşyaların alış qiyməti 2397,92 manat, ilkin ödəniş 185 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 122,94 manat məbləğində müəyyən edilmişdir. Alınmış əşyalar 02 noyabr 2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Eyni zamanda tərəflər arasında 15 may 2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən, əşyaların alış qiyməti 1247,04 manat, ilkin ödəniş 45 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 66,78 manat məbləğində müəyyən edilmişdir. Alınmış əşyalar 15 may 2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. 05 yanvar 2026-cı il tarixli arayışın surətindən görünür ki, cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında İmei kodu **********42167 olan Xıaomi 13T pro markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat rüsum ödənilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02 noyabr 2023-cü il tarixli və 15 may 2024-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********75202 Xıaomi 13T pro markalı telefon, 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 2 il xidməti və İmei kodu **********42167 olan Xıaomi 13T pro markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı xidməti almış və nəticədə hər iki müqavilə üzrə 1358,22 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2397,92 manat (18 ay x 122,94 manat + 185 manat ilkin ödəniş) olan İmei kodu **********75202 Xıaomi 13T pro markalı telefon, 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 675,68 manat olmaqla ondan, 614,25 manat ödənilməmiş hissə, güzəşt olunaraq 61,43 manat cərimə; 15 may 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1247,04 manat (18 ay x 66,78 manat + 45 manat ilkin ödəniş) olan İmei kodu **********42167 olan Xıaomi 13T pro markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı xidməti üçün ümumilikdə, 682,54 manat olmaqla ondan, 599,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 59,9 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 1358,22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəmişdir. Tərəflər arasında bağlanılmış 02 noyabr 2023-cü il tarixli və 15 may 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfindən göndərilən 01 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər 02 noyabr 2023-cü il tarixli müqavilə və müqaviləyə əlavəyə əsasən İmei kodu **********75202 Xıaomi 13T pro markalı telefon, 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün cavabdeh ödəniş müddəti 18 ay, ilkin ödəniş 185 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 122,94 manat ödəməyi öhdəsinə götürmüşdür. 15 may 2024-cü il tarixli müqavilə və müqaviləyə əlavəyə əsasən İmei kodu **********42167 olan Xıaomi 13T pro markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı xidməti üçün cavabdeh ödəniş müddəti 18 ay, ilkin ödəniş 45 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 66,78 manat ödəməyi öhdəsinə götürmüşdür. 01 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh 02 noyabr 2023-cü il və 15 may 2024-cü il tarixli müqavilə üzrə öhdəliklərinin icrası ilə əlaqədar üç iş günü ərzində riayət olunmadığı təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 05 yanvar 2026-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 02 noyabr 2023-cü il tarixli müqavilə üzrə 2397,92 manat borc məbləğindən 1783,67 manat ödəniş etmiş, 614,25 manat ödənilməmiş hissə, 61,43 manat cərimə, 15 may 2024-cü il tarixli müqavilə üzrə 1247,04 manat borc məbləğindən 648 manat ödəniş etmiş, 599,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 59,9 manat cərimə borcu qalmışdır. 15 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********42167 olan Xıaomi 13T pro markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. 20 yanvar 2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 33,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbinin əsas borcun ödənilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və borcun hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin həmin müqavilə ilə müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun bu normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan cərimə 02 noyabr 2023-cü il tarixli müqavilə üzrə 43 manat; 15 may 2024-cü il tarixli müqavilə üzrə isə 42 manat hesablanmaqla ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 15 may 2024-cü il tarixli müqavilə üzrə 23,6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin həmin tarixli müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı tərəfindən həqiqətən həmin məbləğin İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməklə müqavilə üzrə alınmış telefonun Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasını (İMEİ kodu deaktiv etmək) təmin etməklə əlavə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu hissədə iddiasını əsaslı edən sübutu, yəni İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməsini təsdiq edən qəbzi və ya digər sənədi iş materiallarına əlavə etməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1298,29 (614,25 manat ödənilməmiş hissə + 43 manat cərimə + 599,04 manat ödənilməmiş hissə + 42 manat cərimə) manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 32,98 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ödənilmiş 33,59 manat dövlət rüsumunun 0,61 manat hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02 noyabr 2023-cü il tarixli müqavilə üzrə 614,25 manat ödənilməmiş hissə, 43 manat cərimə, 15 may 2024-cü il tarixli müqavilə üzrə 599,04 manat ödənilməmiş hissə, 42 manat cərimə və 32,98 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1331 (bir min üç yüz otuz bir) manat 27 (iyirmi yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 33,59 manat dövlət rüsumunun 0,61 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nərmin Qoşqarova