Məhkəmə qərarları › İş №e-2(5-135)-77/2026

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-135)-77/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(5-135)-77/2026 13.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********61960 SAMSUNG GALAXY S25 markalı telefon, samsung adapter, paket XL xidməti” üçün 2242.08 (iki min iki yüz qırx iki manat, 08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 224.21 (iki yüz iyirmi dörd manat, 21 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54523 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, paket xidməti, zəmanət 1 il xidməti üçün 210.95 (iki yüz on manat, 95 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 21.10 (iyirmi bir manat, 10 qəpik) manat cərimə olmaqla, ümumilikdə, 2745.53 manat borc və 47.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG GALAXY S25 markalı telefon almış və nəticədə 2242.08 (iki min iki yüz qırx iki manat, 08 qəpik) manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış və nəticədə 210.95 (iki yüz on manat, 95 qəpik) manat borc yaranmışdır. Cavabdeh hər iki müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2242.08 manat olan İMEİ KODU **********61960 SAMSUNG GALAXY S25 markalı, paket XL xidməti” üçün ümumilikdə 2242.08 manat ödənilməmiş hissə, innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 224.21 manat cərimə və alqı-satqı qiyməti 408 manat olan XİAOMİ REDMİ NOTE 13 üçün ümumilikdə 210.95 manat ödənilməmiş hissə, innovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 21.10 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 197.05 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilələrdən görünür ki, İddiaçı MMC Cavabdeh sahibliyinə və istifadəsinə “SAMSUNG GALAXY S25” və “XİAOMİ REDMİ NOTE 13” markalı telefon verməyi, cavabdeh hər iki müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********* və ********** nömrəli müqavilə üzrə “SAMSUNG GALAXY S25” və “XİAOMİ REDMİ NOTE 13” mobil telefonu tam qüsursuz halda təhvil almışdır.

5. xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, ilkin ödəniş 0 manat olmaqla, borclu xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 30 və 26dan gec olmayaraq 18 və 12 ay müddətində hər ay 124.56 və 34 manat olmaqla, cəmi 2649,07 manat ödəniş etməlidir.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş 28 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 0 manat ödəniş edilmiş, 2242.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 224.21 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 197,05 manat ödəniş edilmiş, 210.95 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 21.10 manat cərimə olmaqla, cəmi 2745.53 manat borcu vardır.

7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

8. xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 47.86 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli alqısatqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

17. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli hər iki müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə ilk ödəniş 0 AZN əşkil təkil etməklə, xx.xx.2025ci il tarixdən başlayaraq 18 ay müddətinə hər ay 124.56 manat və xx.xx.2025-ci il tarixdən başlayaraq 12 ay müddətinə hər ay 34 manat ödəmək şərti ilə dəyəri 2242.08 manat olan “SAMSUNG GALAXY S25” və dəyəri 408 manat olan “XİAOMİ REDMİ NOTE 13” markalı telefon satın almışdır.

18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

19. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hər iki müqavilə üzrə 2745,53 manat ödənilməmiş borcu vardır.

20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4m).

21. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 2745,53 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

22. Müqavilələrin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür.

23. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).

24. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

25. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

26. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli ********** nömrəli və xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilələr üzrə 224.21 və 21.10 manat təşkil edən cərimə məbləğilərinin 50 və 5 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

27. Həmçinin İddiaçı MMC Cavabdeh qarşı İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, 60 qəpik) manat rüsumun tutulmasını tələbini irəli sürmüş və tələbini müqavilənin 4.4-cü bəndinə istinad etməklə, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində ona 23.60 manat məbləğində zərər dəyməsi ilə əsaslandırmışdır.

28. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrin tərkib hissəsi olan əlavəyə əsasən “Müştəri” bu Müqavilənin şərtlərini pozduğu halda, İddiaçı 'Mal'ın geri qaytarılmasını tələb edə bilər. Müştəri 'Müqavilə'nin şərtlərini pozduğu halda, İddiaçı MMC “Mal”ın istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müştərinin ümumi borc üzrə İddiaçı qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda İddiaçı dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. “Müştəri” müqavilənin bütün şərtlərini, o cümlədən 3.5 və 4.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, İddiaçı MMC-yə müqavilənin 3.4 və 4.14-cü bəndlərində göstərilmiş tədbirlərin icrasının dayandırılması barədə müraciət edə bilər.

29. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir.

30. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir.

31. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir.

32. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı isə iddiaçı tərəfindən tərtib edilmiş bir sənəd olduğundan və iddiaçının istifadəsində olan mobil telefonun deaktiv olunmasını birbaşa təsdiq edən sənəd olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəymiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz.

33. Məhkəmə ümumiyyətlə müqavilənin qeyd edilən şərti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən alqı-satqı müqaviləsinin obyekti olan əşyanın dəyəri tam şəkildə ödənilənədək həmin əşyaya mülkiyyət hüququnun iddiaçıda saxlanılması cavabdehin müqavilə obyekti olan əşyaya sahiblik və istifadə hüququna bu şəkildə müdaxilə edilməsi əsası verməməlidir. Mülki qanunvericilikdə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilmədiyi halda iddiaçının əşyanı geri tələb edilmək və ya dəyərinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə müqavilənin qeyd edilən şərtini mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

34. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47,46 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

35. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2242,08 (iki min iki yüz qırx iki manat 08 qəpik) manat əsas borc və 50 (əlli) manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 210,95 manat əsas borc və 5 manat cərimə borcu olmaqla, cəmi 2508.03 (iki min beş yüz səkkiz manat, 03 qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47,46 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2242,08 (iki min iki yüz qırx iki manat 08 qəpik) manat əsas borc və 50 (əlli) manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 210,95 manat əsas borc və 5 manat cərimə borcu olmaqla, cəmi 2508.03 (iki min beş yüz səkkiz manat, 03 qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47,46 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar