Məhkəmə qərarları › İş №e-2(5-139)-19/2026

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-139)-19/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Quba Şəhəri İş № e-2(5-139)-19/2026 06.03.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı «İRŞAD-ELECTRONİCS» MMC-nin cavabdeh Cavabdeh İbrahim oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «İRŞAD-ELECTRONİCS» MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixinə yaranmış ##.##.2024-cü il tarixli, № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 107,7 AZN əsas 16,1 AZN cərimə, ümumilikdə 123,8 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh İbrahim oğlundan tutularaq «İRŞAD- ELECTRONİCS» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «İRŞAD ELECTRONİCS» MMC ilə cavabdeh Cavabdeh İbrahim oğlu arasında ##.##.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən cavabdeh 499,90 AZN dəyərində “Honor” markalı mobil telefon əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 28 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi ##.##.2025-ci il tarixdə 28,20 manat olmuşdur. Cavabdeh İbrahim oğlunun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində «İRŞAD ELECTRONİCS» MMC qarşısında ##.##.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 107,7 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 161 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə 16,1 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: «İrşad-Electronics» MMC ilə cavabdeh Cavabdeh İbrahim oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla, cəmi 499,90 manat ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İbrahim oğlunun ##.##.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107,7 manat əsas, 16,1 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İbrahim oğlu tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, ##.##.2024-cü il tarixli müqavilə üzrə əsas borc 107,7 manat təşkil etdiyi halda, 16,1 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh İbrahim oğlundan ##.##.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 107,7 AZN əsas, 5 AZN cərimə olmaqla, cəmi 112,7 manat borc və 30 AZN ödənilmiş dövlət rüsumu tutulub, “İRŞAD ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar