Məhkəmə qərarları › İş №e-2(5-143)-62/2026

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-143)-62/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(5-143)-62/2026 02.03.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı MMC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1074 (min yetmiş dörd) manat məbləğində əsas borc, 107 (yüz yeddi) manat məbləğində cərimə, 31.81 (otuz bir manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 1212 (min iki yüz on iki manat səksən bir qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 1134 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 60 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1074 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğısatqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər.Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixə 107 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə 1074 manat məbləğində əsas borc, 107 manat məbləğində cərimə yaraanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2879 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 1134 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 60 (altımış) manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindəndən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı əşyaya görə 1074 (min yetmiş dörd) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 107 (yüz yeddi) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1074 ( min yetmiş dörd) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 107 (yüz yeddi manat) manat dəbbə pulunun azaldılaraq 53 (əlli üç) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1074 ( min yetmiş dörd) manat ödənilməmiş hissə və 53 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 1127 (min yüz iyirmi yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun 31.27 (otuz bir manat iyirmi yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh R0132625 nömrəli, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1074 ( min yetmiş dörd) manat ödənilməmiş hissə və 53 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 1127 (min yüz iyirmi yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun 31.27 (otuz bir manat iyirmi yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar