Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-454/2026 11.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı «pul» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona ödədiyi 850 manat pul və 9150 manat dəymiş zərər (əldən çıxmış fayda) daxil olmaqla, cəmi 10 000 manat pulun və məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödədiyi 120 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 noyabr 2024-cü ildə sosial şəbəkədə tanış olduğu cavabdehdən ona məxsus “onbirmetr” adlı futbolla bağlı instaqram səhifəsini 850 manata satın almışdır. Ödənişi onun göndərdiyi 4127 2141 2122 2100 nömrəli beynəlxalq bank hesabına ödəyərək onlayn qaydada həyata keçirmişdir. Sonra ona həmin səhifənin idarə edilməsi ilə bağlı kömək lazım olanda cavabdeh ona bir telefon nömrəsi vermişdir ki, həmin adamla danışsın. Əslində isə həmin adam da özü imiş və o, bunu sonradan öyrənmişdir. Beləcə səhifəni idarə edən şəxsə (heç demə elə cavabdehin özünə) ödəniş etmişdir ki, səhifəni peşəkar şəkildə idarə etsin. Bu dəfə ödənişi **********446616 nömrəli Ucart, Unibank hesabına edirdim. 21 dekabr 2024-cü ilədək əməkdaşlığımız davam etsə də, daha sonra onun fəaliyyətindən narazılıq etdiyinə görə əməkdaşlığı dayandırmışdır. Bunu həmin idarəçiyə (əslində isə cavabdehə) dedikdən sonra instaqram səhifəsinin mailini və nömrəsini dəyişdirməyə çalışmış və səhifənin əlindən çıxdığını görmüşdür. Əvvəl səbəbini anlamamış, lakin bir neçə gün sonra yəni, 24 dekabr tarixində səhifənin bərpa olunduğunu görmüşdür. Cavabdehdən (satıcı kimi) səhifəni necə əldə etdiyini yazıb maraqlanmış və o səhifəni rus proqramistdən satın aldığını, PAYSEND-lə ödəniş elədiyini demişdir. Bir neçə gün dilə tutandan sonra 1 yanvar 2025-ci ildə səhifənin kodunu ala bilmişdir. 07 yanvar 2025-ci ildə yazışma zamanı o, çeki atmasını xahiş edəndə isə bildirdi ki, aldığı şəxslə aralarında mübahisə yaranıb, sonra isə əlavə edib ki, iki gündür yazır, cavab vermir, ondan sonra evləri dəyişib və cavab verməyib. Lakin o, həmin vaxtlar səhifəni ona satan şəxslə onu idarə edən (ələ keçirən) şəxsin eyni olduğunu heç düşünməmişdir. Bir həftə keçəndən sonra mail yerinə baxanda həmin mailin səhifəni ona satan şəxsə məxsus maili ilə (Elektron ünvan ) eyni olduğunu görmüşdür. Mail tarixçəsində isə mailin dəyişilmədiyini gördükdən sonra mövcud vəziyyətdən şübhələnmişdir. Səhifənin kodu onda olduğu üçün bir başqa şəxsə - yəni mailin eyni olması ilə bağlı məsləhətləşdiyi proqramistə kodu vermiş, kodu dəyişdirmək görüntüsü yaransın və kod gəlsin deyə parolu dəyişmişlər ki, səhifəni satan şəxsi daha yaxşı üzə çıxarmaq üçün mailə avtomatik kod gəlsin. Həmin şəxs də tələyə düşmüş və mailə gəlmiş kodu ona göndərmişdir. Bundan başqa mailin səhifəni satan şəxsə aid olmasını dəqiqləşdirmək üçün 12 yanvarda saat 15:07 radələrində cavabdehə zəng eləmiş, orada danışanda etiraf eləmişdir ki, səhifəni ona satanla, indiki email eynidir. Bununla bağlı telefon danışıqları da mövcuddur. Belə ki, səhifə o gündən bu günə kimi onda deyil, cavabdeh onu aldadaraq pulumu almış, lakin sonra həmin səhifəni ələ keçirmişdir. 10 yanvar 2025-ci ildə onlayn DİN-ə müraciət etmişdir. Sonra mart, aprel ayında təkrar müraciət etmiş, qeyd etdiyi halla ilə bağlı onu18 iyun 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Çoxsaylı müraciətdən sonra işə Sabunçu Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi onu Sabunçu Rayon Polis İdarəsinə dəvət edəndə o, rəisin otağına aparılmış və cavabdehin kimliyi müəyyən olduğunu demiş və şəklini göstərmişdir. 12 avqust tarixində Sabunçu Rayon Polis İdarəsinə müstəntiq Samir adlı şəxs məni dəvət eləmişdir. Orada cavabdeh şəxslə onu baş müstəntiqin otağına aparılanda onu dinləyəndən sonra baş müstəntiq onun haqlı olduğu qənətinə gəlmişdir. Cavabdeh orada səhifəni 850 manata ona satdığını etiraf etdəndən sonra səhifəni birlikdə idarə elədiklərini qəbul etmiş (ödəniş qəbzləri var) və 1 həftə müddət vermişdir. 20 Avqust tarixində əlaqəyə keçəndən sonra iclasda olduğunu əlaqəyə keçəcəyini bildirmişdir. Həmçinin 22 avqust 2025-ci ildə Samir adlı müstəntiqlə yazışmaları var və o, yazdığı ismarıcda təsdiq edib ki, cavabdeh etiraf edərək, yaxın günlərdə məsələni həll edəcəyini öhdəsinə götürüb. Lakin 11 iyul 2025-ci ildə müraciətinin mülki xarakterli olması və toplanmış materialda cinayət hadisəsi olmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi (həmin qərarı iş materiallarına əlavə etmişəm). O, cavabdehə inanaraq “instaqram” səhifəsini ondan satın almış və bu zaman məqsədi həmin səhifəni işlədərək gəlir əldə etmək olmuşdur. O, üzərinə düşən öhdəliklərini yerinə yetirərək razılaşdığı kimi səhifənin ödənişini cavabdehə tam şəkildə ödəmiş, cavabdeh isə öz növbəsində həmin səhifəni ona verməli olduğu halda bir müddət sonra ona olan inamımdan sui-istifadə edərək həmin səhifəni təkrar ələ keçirmişdir. Nəticədə onun ödəniş etməyinə baxmayaraq, cavabdeh razılaşmaya sadiq qalmayaraq dələduzluq etmiş, onun 850 manat pulunu mənimsəməklə yanaşı, onun əldə edəcəyini ümid etdiyi gəlirdən məhrum qalmağına səbəb olaraq ona xeyli dərəcədə zərər vurmuşdur. Əgər hüququ pozulmasaydı o, həmin səhifədən gəlir də əldə edəcəkdi. Belə ki, həmin səhifənin 10.000-dən çox izləyicisi var idi. Həmin səhifədə reklam işlərindən indiyədək 9150 manat qazanc əldə edə bilərdi. Bu səbəbdən cavabdehdən ona ödədiyi 850 manat pul da daxil olmaqla, hüququnu pozaraq ona vurduğu zərərin (əldən çıxmış fayda) əvəzi olaraq dəymiş zərər üçün ümumilikdə 10 000 manat pulun tutulmasında və pozulmuş hüquqlarımın bərpa edilməsində ona köməklik edilməsini xahiş edir. Eyni zamanda, o, həm tələbədir, həm də Xocalıdan məcburi köçkündür, qardaşı isə Qarabağ qazisidir. Hazırda məcburi köçkünlər üçün ayrılmış binada yaşayır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən son çıxış yolu olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri öyrənib belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilmədən verildiyindən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Lakin məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində mümkündür. Məhz bunlardan biri də işin aidiyyəti üzrə düzgün məhkəmədə baxılması prosedurudur. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında hər iki tərəfin mənfəət əldə etməsindən şifahi razılaşma olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırda iddia ərizəsi üzrə yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq diqqətin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına yönəldilməsini zəruri hesab edirəm. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Sözügedən Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Eyni zamanda həmin Qərarın 22-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. MPM-nin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eləcə də həmin Qanunun sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından bəhs edən 10-cu maddəsinin İ və İİ hissələrinin məzmunundan görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində “vergi məlumatları” bölməsinə edilmiş sorğuların cavabından görünür ki, həm İddiaçı (VÖEN **********), həm də Cavabdeh (VÖEN **********) vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışlar. Göründüyü kimi, hazırki iddia ərizəsi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan və yuxarıda qeyd olunan Qərara, habelə sadalanan hüquq normalarına əsasən kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsinin geri qaytarılması qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlirəm ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğu üçün, işə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, **********01 №-li mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi qaytarıldığına görə İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli, **********01 №-li mədaxil qəbzi əsasında ödənilmiş 120 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(5-144)-454/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-454/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver