Məhkəmə qərarları › İş №e-2(5-151)-177/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-177/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-177/2026 02.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, BKC/2025/1121018/030 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, ümumi dəyəri 3599.00 manat olan mobil telefon müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 4.1-ci bəndinə əsasən, görə abonent tərəfindən müqavilə üzrə ödənişlərini müəyyən edilmiş qrafikə uyğun olaraq tam və vaxtında icra etməlidir. Abonent Müqavilə üzrə ödənişləri tam və vaxtında etmədikdə Operator Abonentə yazılı və ya SMS bildiriş göndərərək borcun ödənilməsini tələb edir. Bildirişdə göstərilən müddət ərzində borcun ödənilməsi həyata keçirilmədiyi halda Operator birtərəfli qaydada Müqaviləyə xitam vermək, Abonentdən icra edilməmiş öhdəliklərini tam və dərhal yerinə yetirilməsini tələb etmək və malın İMEİ kodunu/kodlarını bloklamaq hüququna malikdir. Müqaviləyə xitam verildikdən sonra Abonent borc məbləğin tam şəkildə ödəmədikdə Operator borcun məcburi qaydada tutulması üçün hüquqi tədbir görmək hüququna malikdir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 199.94 manat olmaqla, toplam məbləğ 3599.00 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alınmışdır.

5. xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixli, BKC/2025/1121018/030 saylı müqavilə üzrə cavabdehin 3598.85 manat borcu yaranmışdır.

6. xx.xx.2026-ci il tarixli xəbərdarlıqla müqaviləyə əlavədə qeyd olunmuş məbləğin 3 gün ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, BKC/2025/1121018/030 saylı müqaviləyə əsasən Apple İphone 16 Pro Max markalı mobil telefon üçün 3598.85(üç min beş yüz doxsan səkkiz manat, 85 qəpik) manat borc və 55.99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Apple İphone 16 Pro Max markalı mobil telefon almış və nəticədə 3598.85(yeddi yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3599.00(üç min beş yüz doxsan doqquz) manat (yəni 18 ay x 199.94 manat + 0,15 manat ilkin ödəniş) olan Apple İphone 16 Pro Max markalı mobil telefon üçün ümumilikdə, 3598.85(üç min beş yüz doxsan səkkiz manat, 85 qəpik) manat borcu yaranmışdır.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

b) iddiaya etiraz

9. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

14. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

15. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, BKC/2025/1121018/030 saylı müqaviləyə əsasən Apple İphone 16 Pro Max markalı mobil telefon almış, kredit müqaviləsinin müddəti 18 ay, aylıq ödəniş 199.94 manat,ilkin ödəniş 0,15 manat olmaqla, toplam məbləğ 3599.00 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

16. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2025-ci il tarixli, BKC/2025/1121018/030 saylı müqavilə üzrə 3598.85 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

17. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 55.99 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, BKC/2025/1121018/030 saylı müqavilə üzrə ödənilməmiş 3598.85 manat borc və ödənilmiş 55.99 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar