Məhkəmə qərarları › İş №e-2(5-152)-94/2026

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-152)-94/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(5-152)-94/2026 03.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 580 (beş yüz səksən) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 610 (altı yüz on) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 760 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 580 manat əsas borcu qalıb. Müqavilə tarixi xx.xx.2024-cü il, müqavilə nömrəsi SLK6577593, müqavilə müddəti 12 ay, müqavilə dəyəri 760 manat, müqavilə üzrə qalıq borc 580 manatdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən müqavilə üzrə 580 manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 610 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan № SLK6577593 saylı, xx.xx.2024-cü il tarixli Borc müqaviləsindən görünür ki, alıcı 64 manat ilkin ödəniş etməklə, qalıq borcu 12 ay müddətinə aylıq 58 manat olmaqla, cəmi 696 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin № SLK6577593 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 580 manat əsas borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh borc müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 30 (otuz) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 580 (beş yüz səksən) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 610 (altı yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh SLK6577593 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 580 (beş yüz səksən) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 610 (altı yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar