Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-155)-547/2026 16.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iş üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4330,00 (dörd min üç yüz otuz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 63,00 (altmış üç) manat dövlət rüsumunun və 0,63 (altmış üç) qəpik xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 23:20 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Tofaş Şahin” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra işıq dirəyinə dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP4815081 saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Cavabdeh2 hadisə zamanı avtonəqliyat vasitəsini etibarnaməsiz idarə etdiyinə görə, cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Baş vermiş hadisə üzrə “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4330,00 (dörd min üç yüz otuz) manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA103142 saylı sığorta aktı tərtib edilməklə “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4035,00 (dörd min otuz beş) manat, PXA103480 saylı sığorta aktı tərtib edilməklə işıq dirəyinə dəymiş zərərə görə 295,00 (iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. (ümumilikdə 4330,00 (dörd min üç yüz otuz) manat).
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
b) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Qardaşı sözügedən avtomobili baş etibarnamə əsasında almışdır. Hadisə vaxtı qardaşı onun yanında oturmuşdur. Yəni avtomobili “canlı” etibarnamə ilə idarə etmişdir. Maşına dəymiş ziyanı sığorta şirkəti ödəmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2019-cu ildə 10 il müddətinə etibarlı olan sürücülük vəsiqəsi almışdır. “Vüsal” adlı şəxsi isə ümumiyyətlə tanımırlar. Qardaşı avtomobili başqa şəxsdən almışdır. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddianının rədd edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə xx.xx.2026-cı il tarixdə elektron ərizə göndərərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakları olmadan keçirib iddianın təmin olunmasını xahiş etmişdir. Digər cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Tofaş Şahin” markalı, **- TN-*** dövlət qeydiyyat nişanlı avtomobil PXA ********** nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə (AVSMMİS) sığortalanmışdır.
7. "xxxx" ASC-nin PXA 103480 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 23:20-də "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “Tofaş Şahin” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə işıq dirəyinə dəymiş zərər 295 manat qiymətləndirilmişdir.
8. "xxxx" ASC-nin PXA ******* nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 23:20-də "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “Tofaş Şahin” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya dəymiş zərər 4035 manat qiymətləndirilmişdir.
9. TP seriyalı, xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir.
10. “Auto Box” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin ümumi qiyməti 4035 manatdır.
11. xx.xx.2022-ci il tarixli, 2908 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Küçə İşıqları THXS-ə köçürmə yolu ilə 295 manat sığorta ödənişi edilmişdir.
12. xx.xx.2022-ci il tarixli kart hesbaından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən köçürmə yolu ilə 4035 manat sığorta ödənişi edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, 05/01-770 saylı pretenziya məktubundan görünür ki, şirkət tərəfindən həyata keçirilmiş cəmi 4330 manat sığorta ödənişinin 7 iş günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi Cavabdeh2 təklif edilmiş, əks halda, bununla əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
b) tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
15. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Maddə 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23:20-də "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “Tofaş Şahin” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Mitsubishi Pajero” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4035 manat və Küçə İşıqları THXS-ə 295 manat ziyan vurmuşdur. Hadisədə təqsirli bilinən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Əmlaka dəymiş zərər 4330 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı hazırda həmin pulun cavabdehlərdən xeyrinə tutulmasını xahiş edir.
20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilməməlidir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Cavabdeh2 münasibətdə subroqasiya tələbinin əsası olaraq cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsinə istinad etmişdir
22. Məhkəmə hesab edir ki, cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Belə ki, qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur.
23. Qeyd olunmalıdır ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
24. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə, yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.
25. Məhkəmənin qənaətinə görə etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilmişdir. Sığorta münasibəti isə inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Hazırkı işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh2 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.
26. Məhkəmə ddia tələbinin digər cavabdeh olan mülkiyyətçi Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edir ki, sözügedən avtomobil baş etibarnamə əsasında digər şəxslərin sərəncamına verilmiş və bu barədə mülkiyyətçiyə hər hansı məlumat verilməmişdir. Cavabdeh özü də həmin şəxsi tanımadığını, avtomobilin qardaşına baş etibarnamə əsasında məxsus olduğunu bildirmişdir.
27. Göründüyü kimi “Tofaş Şahin” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olsa da, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması onun qanunazidd təqsirli əməli nəticəsində baş verməmişdir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, avtonəqliyyat vasitəsinin Cavabdeh1 sahibliyindən çıxdığı iş materialları ilə sübuta yetirildiyindən onun zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıması istisna olunur.
28. Digər tərəfdən məhkəmə hesab edir ki, Cavabdeh1 cavabdehliyini o halda daşıya bilərdi ki, o, avtomobilin Cavabdeh2 tərəfindən istismar edilməsinə şərait yaratmış olardı – hazırkı işdə isə belə hal müəyyən edilməmişdir.
29. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiası "xxxx" ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası rədd edilməlidir.
30. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
32. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiası "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin ediməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva