Məhkəmə qərarları › İş №e-2(5-164)-88/2026

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-164)-88/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(5-164)-88/2026 17.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 30 may 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung TV” markalı televizora və zəmanət +3 il xitmətinə görə 2460,06 manat ödənilməmiş hissə, 246,01 manat cərimə, 18 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Bosch” markalı qabyuyan maşına və “Xiaomi X20” markalı robot tozsorana görə 2209,08 manat ödənilməmiş hissə, 220,91 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 5136,05 manat borcun və 71,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 30 may 2025-ci il tarixli və 18 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh ümumi qiyməti 3024,06 manat dəyərində olan “Samsung TV” markalı televizor və zəmanət +3 il xidməti və ümumi qiyməti 3004,08 manat dəyərində olan “Bosch” markalı qabyuyan maşın və “Xiaomi X20” markalı robot tozsoran satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək 1359 manat ödəniş etmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun hər iki müqavilə üzrə cəmi 5136,05 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 30 may 2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3024,06 manat olan “Samsung TV” markalı televizoru və zəmanət +3 il xidmətini 564 manat ilkin ödəniş etdikdən sonra, 18 ay müddətinə, ayda 136,67 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18 iyun 2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən, eləcə də sözügedən müqaviləyə əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3004,08 manat olan “Bosch” markalı qabyuyan maşını və “Xiaomi X20” markalı robot tozsoranı 795 manat ilkin ödəniş etdikdən sonra, 12 ay müddətinə, ayda 184,09 manat ödəmək şərti ilə satın almışdır. İşdə olan 03 dekabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 16 yanvar 2026-cə il tarixdə tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə 30 may 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung TV” markalı televizora və zəmanət +3 il xidmətinə görə 2460,06 manat ödənilməmiş hissə, 246,01 manat cərimə, 18 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Bosch” markalı qabyuyan maşına və “Xiaomi X20” markalı robot tozsorana görə 2209,08 manat ödənilməmiş hissə, 220,91 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 5136,05 manat borcu vardır. İşdə olan 21 yanvar 2026-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 30 may 2025-ci il və 18 iyun 2025-ci il tarixli müqavilələr üzrə alıcı kimi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onları əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilələrin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 30 may 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung TV” markalı televizora və zəmanət +3 il xidmətinə görə 2460,06 manat ödənilməmiş hissə, 246,01 manat cərimə, 18 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Bosch” markalı qabyuyan maşına və “Xiaomi X20” markalı robot tozsorana görə 2209,08 manat ödənilməmiş hissə, 220,91 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 5136,05 manat manat borc və ödənilmiş 71,37 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 30 may 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung TV” markalı televizora və zəmanət +3 il xidmətinə görə 2460,06 manat ödənilməmiş hissə, 246,01 manat cərimə, 18 iyun 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Bosch” markalı qabyuyan maşına və “Xiaomi X20” markalı robot tozsorana görə 2209,08 manat ödənilməmiş hissə, 220,91 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 5136,05 (beş min yüz otuz altı manat sıfır beş qəpik) manat borc və ödənilmiş 71,37 (yetmiş bir manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar