Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(5-167)-22/2026 13.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı “sərhəd üzərində tikilmiş qanunsuz tikintinin sökülməsi, qonşu ilə sərhəd arasında ara məsafənin saxlanması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus Zaqatala şəhəri Səməd Vurğun küçəsi ərazisində yerləşən AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0289 ha torpaq sahəsinin qonşuluğunda sərhəd üzərində tikilmiş qanunsuz tikintinin sökülməsinə və sərhəd ilə 2 metr ara məsafədə hər hansı bir tikintinin aparılmasına qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddiaçı iddia tələbindən aydın olur ki, o ona məxsus olan 0,0289 ha torpaq sahəsinin qonşuluğunda sərhəd üzərində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikintinin sökülməsini və sərhəd ilə iki metr ara məsafədə hər hansı bir tikintinin aparılmasına qadağa qoyulmasını məhkəmədən xahiş edir. Halbuki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı 0,0289 ha torpaq sahəsinin qonşuluğunda aparılan tikintinin məhz Cavabdeh tərəfindən aparılmasını, torpaq sahəsinin ona məxsus olmasını təsdiq edəcək sübutları ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən qonşuluqda aparılmış tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun aparılıb-aparılmamasını yoxlamaq məqsədi ilə dəfələrlə Zaqatala rayon İcra Hakimiyyətinə, FHN-nə və polisə müraciət etdiyini, bu tikintinin aparılmasına dair heç bir məlumatlandırma icraatına əməl edilmədiyini bildirsə də, bu hal təsdiq edəcək müvafiq olaraq müraciətlərini və Zaqatala rayon İcra Hakimiyyəti və ya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi cavab məktublarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “sərhəd üzərində tikilmiş qanunsuz tikintinin sökülməsi, qonşu ilə sərhəd arasında ara məsafənin saxlanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı Cavabdeh qarşı “sərhəd üzərində tikilmiş qanunsuz tikintinin sökülməsi, qonşu ilə sərhəd arasında ara məsafənin saxlanması” tələbinə dair ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-167)-22/2026
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-167)-22/2026
13.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver