Məhkəmə qərarları › İş №e-2(5-86)-37/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-86)-37/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(5-86)-37/2026 02.03.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 600 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 100 manatın, ümumilikdə 700 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət sahəsi mobil telefonların və onların aksesuarlarının alqı-satqısıdır. Hazırkı iddia üzrə Cavabdeh ilə 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli “Mal satınalması müqaviləsi” bağlamışlar. Həmin müqaviləyə əsasən, Cavabdeh “honor 400 lite” markalı telefonu 12 aylıq kreditlə 750 manat dəyərində almışdır. 750 manat borcdan hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 150 manat ödəniş edilmiş, qalan 600 manat borcu ödəməkdən imtina edir. Cavabdehin yuxarıda qeyd olunan 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli “Mal satınalması müqaviləsi”ndən yaranan 600 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, X1 3.2-ci bəndinə və xx.xx.2025-ci il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 100 manat dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Nisyə mal satınalması müqaviləsi” bağlanmış, müqaviləyə əsasən Cavabdeh “honor 400 lite” markalı telefon satılmışdır. 03 sentyabr 2025-ci tarixli müqavilədən, müqaviləyə 1 nömrəli əlavədən və 24 oktyabr 2025-ci il tarixli arayışdan müəyyən olunur ki, 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli “Nisyə mal satınalması” müqaviləsi üzrə alğısatqı qiyməti 750 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 50 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 150 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 600 manat, dəbbə pulu 100 manat təşkil edir. 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli təhvil-təslim aktından məlum olur ki, iş üzrə Cavabdeh “honor 400 lite” markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 24 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən 700 manat borc pulun bildiriş çatdığı gündən 10 gün müddətində bütövlükdə İddiaçı ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 01 dekabr 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli “Nisyə mal satınalması” müqaviləsinin 1.1 və 3.1-ci maddələrinə əsasən İddiaçı 750 manat dəyərində mobil telefonu satmağı, Cavabdeh mobil telefonun dəyərini-150 manatını ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 600 manat ödənilməmiş hissəsini müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 3.2-ci bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi miqdarında dəbbə pulu ödəməlidir. Məhkəmə hesab edir ki, 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli müqavilə üzrə ümumilikdə 600 manat əsas borca görə 100 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə 100 manat məbləğində hesablanmış cərimə məbləğinin 30 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Cərimə pulunun 30 manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun 30 manatdan yuxarı məbləğdə müəyyən edilməsi öhdəliyin həcmi nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Beləliklə, müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli müqavilə üzrə Cavabdeh ümumilikdə 630 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Azərbaycan Respubikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinin tələbinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinin tələbinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2025-ci il tarixli, 637 nömrəli müqavilə üzrə 600 manat əsas borc və 30 manat cərimə borcu olmaqla, ümumilikdə 630 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar