Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(5-92)-63/2026 24.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2026-cı il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh ümumilikdə 633,24 manat (altı yüz otuz üç manat 24 qəpik) məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh kredit yolu ilə aşağıdakı malları əldə etmişdir: Samsung Galaxy A06 markalı telefon (İMEİ: **********69466) – 12 ay müddətinə, 425,88 manat ümumi qiymətə (aylıq 35,49 manat, 0 manat ilkin ödəniş); Samsung Galaxy A15 markalı telefon (İMEİ: **********37408) – 9 ay müddətinə, 504,99 manat ümumi qiymətə (aylıq 56,11 manat, 0 manat ilkin ödəniş). Müqavilələrə əsasən cavabdeh tərəfindən bu günədək 355,20 manat məbləğində ödəniş edilmiş, qalan məbləğ isə ödənilməmişdir. xx.xx.2025-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A06 markalı telefon üçün yaranmış borc aşağıdakı hissələrdən ibarətdir: 352,31 manat – ödənilməmiş əsas borc; 35,23 manat – güzəşt tətbiq edilməklə hesablanmış cərimə. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Samsung Galaxy A15 markalı telefon üçün yaranmış borc aşağıdakı hissələrdən ibarətdir: 223,36 manat – ödənilməmiş əsas borc; 22,34 manat – güzəşt tətbiq edilməklə hesablanmış cərimə. Beləliklə, hər iki müqavilə üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 633,24 manat təşkil edir. İddiaçı qeyd etmişdir ki, müqavilələrin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmə yarandığı halda gecikdirilmiş məbləğin hər növbəti təqvim günü üçün 1 faiz miqdarında penya hesablanır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyindən həmin şərtə uyğun olaraq cərimə hesablanmışdır. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları tam və qüsursuz şəkildə qəbul etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehlə aparılmış telefon danışığı və xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlıq məktubu vasitəsilə borcun könüllü qaydada ödənilməsi və mübahisənin məhkəmədənkənar qaydada həlli barədə xəbərdarlıq edilsə də, cavabdeh bu tələbləri yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh 633,24 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 741272 nömrəli və xx.xx.2024-cü il tarixli, 14412314 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İddiaçındən ümumilikdə 425,88 manat dəyərində Samsung Charger, İmei kod **********69466 Samsung Galaxy A06 və 504,99 manat dəyərində Samsung Charger, İmei kod **********37408 Samsung Galaxy A15 markalı telefonu əldə etmişdir. Müştəri bağlanmış müqavilələrə əsasən, hər ay müəyyən edilmiş ödəniş məbləğini müqavilələr üzrə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, həmin gün satıcı İddiaçı MMC yuxarıda qeyd olunan müqavilələrdə nəzərdə tutulan Samsung Charger, İmei kod **********69466 Samsung Galaxy A06 vəSamsung Charger, İmei kod **********37408 Samsung Galaxy A15 markalı telefonu tam və qüsursuz vəziyyətdə alıcıya təhvil vermişdir. Alıcı Cavabdeh da həmin malları qüsursuz vəziyyətdə qəbul etmiş, tərəflər bu faktı aktlarda öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 741272 nömrəli və xx.xx.2024-cü il tarixli, 14412314 nömrəli alqı-satqı müqavilələrinin 3.4 və 3.5-ci bəndlərinin tələblərindən görünür ki, tərəflər müştərinin müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC”nin “malın” istifadəsini mümkünsüz edə bilməsi və cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilməsi......, həmçinin bu hərəkətləri icrası ilə əlaqədar müştəridən əlavə ödənişlər tələb etməsi ilə bağlı razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixli, 741272 nömrəli və xx.xx.2024-cü il tarixli, 14412314 nömrəli alqısatqı müqavilələri üzrə cavabdehin cəmi 575.67 manat ödənilməmiş hissə, 57,57 manat cərimə pulu, ümumilikdə 633,24 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə müvafiq alqı-satqı müqavilələrinin 3.11-ci bəndinə uyğun olaraq satıcı İddiaçı MMC tərəfindən borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, işdə olan materiallardan belə müəyyən olunur ki, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixlərdə tərəflər arasında alqı-satqı müqavilələri bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanılmış etibarlı alqı-satqı müqaviləsinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, 425,88 manat dəyərində Samsung Charger, İmei kod **********69466 Samsung Galaxy A06 və 504,99 manat dəyərində Samsung Charger, İmei kod **********37408 Samsung Galaxy A15 markalı telefonları alıcı (cavabdeh) Cavabdeh istifadəsinə vermiş, alıcı isə iddiaçıdan (satıcıdan) aldığı əşyaların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) əşyaların cavabdehə (alıcıya) verilməsindən müəyyən müddət sonra ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilələrdən yaranan öhdəliklərin növlərindən biri alqısatqı müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə satılan əşya satıcı tərəfindən alıcıya verildiyi andan, alıcı-Cavabdeh alqı-satqı predmeti olan əşyanın qiymətini müqavilədə qeyd olunan şərtlərlə satıcı-İddiaçı MMC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən müştəri “ödəniş cədvəli” üzrə ödənişlərini vaxtında ödəmzsə, müddəti keçmiş məbləin hər növbəti təqvim gününə hesablanmış 1,2 % həcmində mübahisəsiz olaraq peniya ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olmasına baxmayaraq, iddiaçı tərəfindən cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 35,23 manat məbləğində cərimə 352,31 manat məbləğində əsas borca, xx.xx.2024-cü il tarixli müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 22,34 manat məbləğində cərimə 223,36 manat məbləğində əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüzdür. Bu səbəbdən də, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarı azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 18 və xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 11 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia qismən təmin edilməli; - xx.xx.2025-ci il tarixli, 741272 nömrəli alqı-satqı müqaviləsi üzrə 352,31 manat əsas borc, 18 manat cərimə borcu olmaqla, cəmi 370,31 manat, xx.xx.2024-cü il tarixli, 14412314 nömrəli alqı-satqı müqaviləsi üzrə 223,36 manat əsas borc, 11 manat cərimə borcu olmaqla, cəmi 234,36 manat olmaqla, ümumilikdə 604,67 manat məbləğində pul Şərur rayonunun, Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli; - İddia tələbi xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cərimənin qalan 28,57 manat hissəsində (17.23+ 11.34) rədd edilməli; -tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,65 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, 741272 nömrəli alqı-satqı müqaviləsi üzrə 352,31 manat (üç yüz əlli iki manat otuz bir qəpik) əsas borc, 18 manat (on səkkiz) cərimə borcu olmaqla, cəmi 370,31 manat (üç yüz yetmiş manat otuz bir qəpik), xx.xx.2024-cü il tarixli, 14412314 nömrəli alqı-satqı müqaviləsi üzrə 223,36 manat (iki yüz iyirmi üç manat otuz altı qəpik) əsas borc, 11 manat (on bir) cərimə borcu olmaqla, cəmi 234,36 manat (iki yüz otuz dörd manat otuz altı qəpik) olmaqla, ümumilikdə 604,67 manat (altı yüz dörd manat altmış yeddi qəpik) məbləğində pul Şərur rayonunun, Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cərimənin qalan 28,57 manat hissəsində (17.23+11.34) rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28,65 manat (iyirmi səkkiz manat altmış beş qəpik) hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(5-92)-63/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-92)-63/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver