Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-352/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:45-də Bakı şəhəri, Azadlıq prospektində Şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Mercedes Benz C180 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Volkswagen Tiguan minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5785070 №-li İnzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Volkswagen Tiguan minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 200 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixdən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən lotto sistemi vasitəsilə "xxxx" ASCdən "xxxx" ASC-nin hesabına sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsi ilə əsaslandıraraq, Cavabdeh 200 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C180” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 07997/2023 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehə 7 iş günü ərzində 200 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz C180” minik markalı ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Azadlıq prospekti ərazisində manevr qaydalarını pozmuş və bunun nəticəsində yol-nəqliyyat hadisəsi törədərək “Volkswagen Tiguan minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində “Volkswagen Tiguan minik” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Cavabdeh hadisə yerindən yayınmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödəniş aktına əsasən 200 manat məbləğində ödəniş ödənilmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçı sığorta şirkətinin tələbi Cavabdeh qarşı əsaslı olduğu üçün, iddia tələbi təmin edilməli və Cavabdeh 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-93)-352/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-93)-352/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver